“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, yaşı 18-dən 29-dək olan gənclərin nikaha daxil olması və bu gənclər arasında bağlanılmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 iyun 2020-ci il
1.1. Bu Qayda “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin istiqamətlərini müəyyən edir.
1.2. Gənclər arasında erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə (bundan sonra – gənclər arasında maarifləndirmə) aşağıdakı dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilir:
1.2.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;
1.2.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.2.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.2.5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
1.2.6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;
1.2.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;
1.2.7-1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;
1.2.8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
1.2.9. yerli icra hakimiyyətləri orqanları;
1.2.10. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;
1.2.10-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;
1.2.11. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi;
1.2.12. Azərbaycan Respublikasının Audiovizual Şurası;
1.2.13. Azərbaycan Respublikasının Gənclər Fondu.
1.3. Gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, media subyektləri, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər.
1.4. Gənclər arasında maarifləndirmə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Gənclər siyasəti haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. erkən evlilik – uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;
2.1.2. qohumlar arasında nikah – baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanılmış nikah (2025-ci il 1 iyuladək qeydə alınmış) və ya nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;
2.1.3. erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələri – erkən evliliyin və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.
3.1. Gənclər arasında maarifləndirmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.1.1. insan hüquqlarına və azadlıqlarına hörmət edilməsi;
3.1.2. ayrı-seçkiliyə yol verilməməsi;
3.1.3. şəxsi və ailə həyatı sirrinin qorunması məqsədilə konfidensiallığa riayət edilməsi;
3.1.4. ailə dəyərlərinin milli və ümumbəşəri prinsiplər əsasında təbliği;
3.1.5. erkən evliliyin və qohumlar arasında nikahın fəsadlarının elmi cəhətdən əsaslandırılması;
3.1.6. dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının və media subyektlərinin qarşılıqlı əməkdaşlığı;
3.1.7. maarifləndirilən şəxslərin yaş və cins xüsusiyyətləri nəzərə alınmaqla maarifləndirmənin ünvanlı keçirilməsi;
3.1.8. beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübənin nəzərə alınması.
4.1. Gənclər arasında maarifləndirmə aşağıdakı vasitələrlə həyata keçirilir:
4.1.1. təhsil müəssisələrində və əmək kollektivlərində gənclər arasında maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi;
4.1.2. maarifləndirici və metodoloji vəsaitlərin, sosial reklamların hazırlanması və yayılmasının təşkili;
4.1.3. medianın, o cümlədən, sosial medianın, təhsilin imkanlarından geniş istifadə edilməsi;
4.1.4. internet informasiya resurslarının yaradılması.
5.1. Gənclər arasında maarifləndirmənin əsas istiqamətləri aşağıdakılardır:
5.1.1. gənclər arasında ailə dəyərlərinin təbliği;
5.1.2. gənclər arasında sağlam həyat tərzinin təbliği;
5.1.3. ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı;
5.1.4. erkən evliliyin və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;
5.1.5. erkən evliliyin və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
5.1.6. gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması;
5.1.7. gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.
6.1. Bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları (qurumları) gənclər arasında maarifləndirmə sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:
6.1.1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
1. gənclərin erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır və onların dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-dövlət təşkilatları və gənclər arasında yayılmasını təşkil edir;
2. tabeliyindəki uşaq və ailələrə dəstək mərkəzlərinin vasitəsilə əhali arasında maarifləndirmə işini təşkil edir;
3. erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri ilə ictimaiyyəti tanış edir;
6.1.2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
1. gənclərin və valideynlərin erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır, onların gənclər arasında yayılmasını təşkil edir;
2. gənclər arasında maarifləndirmənin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərir;
3. tabeliyindəki “Gənclər evi” sosial xidmət müəssisələri vasitəsilə gənclər arasında maarifləndirmə işini təşkil edir;
6.1.3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
1. 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;
2. təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil edir;
3. maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini təşkil edir;
4. erkən evliliyin və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edir;
6.1.4. Azərbaycan Respublikasının Gənclər Fondu:
1. tabeliyindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri vasitəsilə maarifləndirməni həyata keçirir;
2. maarifləndirici vəsaitlərin və sosial reklamların hazırlanmasında iştirak edir;
6.1.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
1. çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirir, əmək kollektivlərində, sosial xidmət müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri aparır;
2. gənclər arasında erkən evlilikdən və qohumlar arasında nikahdan olan uşaqların sağlamlığına mənfi təsirinə dair maarifləndirmə işi aparır.
6.1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (qeydiyyat şöbələri vasitəsilə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (xarici ölkələrdəki konsulluq idarələri vasitəsilə) və yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) gənclərin erkən evliliyin və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir;
6.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
1. gənclərin dünyagörüşünün genişləndiriməsinə yardım edən tədbirlər keçirir, elmi tədqiqatlar aparır və onların nəticələri ilə ictimaiyyəti tanış edir;
2. maarifləndirici vəsaitlər hazırlayır və tabeliyində tibb müəsisələri olduqda onlar vasitəsilə həmin vəsaitlərin yayılmasını təşkil edir;
3. gənclərin və onların valideynlərinin erkən evliliyin və qohumlar arasında nikahın tibbi fəsadları barədə məlumatlandırılması məqsədilə tədbirlər görür;
4. erkən evliliyə daxil olmuş gənclərə psixoloji dəstəyin göstərilməsi və onların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi üçün tədbirlər görür.
6.1.8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 18-29 yaşında olan gənclər arasında nikaha daxil olma və bu cür nikahın pozulması halları barədə statistik məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir.
6.1.8-1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:
1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən evlilik və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;
2. dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.
6.1.8-2. Yerli icra hakimiyyəti orqanları gənclərin erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir.
6.1.9. Azərbaycan Respublikasının Audiovizual Şurası gənclər arasında maarifləndirmə sahəsində təşviqedici proqramların hazırlanması üçün sifarişlər verir.
6.1.10. Televiziya və radio fəaliyyətini həyata keçirən dövlət və ictimai yayımçılar, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər ictimai sərnişindaşıma xidməti göstərən dövlət qurumları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada gənclər arasında maarifləndirmə sahəsində sosial reklamların yayımlanmasını təmin edirlər.
6.1.11. Bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları (qurumları) gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatları hər ilin 20 dekabr tarixinədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməli və özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər.
6.1.12. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Qaydanın 1.2-ci bəndində göstərilən orqanlardan (qurumlardan) daxil olan məlumatları ümumiləşdirir və hər növbəti il yanvarın sonunadək özünün rəsmi internet saytında dərc edir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
7.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər arasında maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin proqramlarının və layihələrinin maliyyələşdirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.
7.2. Tədbirlərin maliyyələşdirilməsi bu Qaydanın 1.2-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) üçün müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində gənclərin maarifləndirilməsi sahəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
1. 4 iyul 2022-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6 iyul 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 810)
2. 5 avqust 2023-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1258)
3. 3 noyabr 2023-cü il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1560)
4. 26 fevral 2024-cü il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 235)
5. 10 oktyabr 2024-cü il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2024-cü il, “Xalq” qəzeti, 23 oktyabr 2024-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1164)
6. 1 fevral 2025-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 5 fevral 2025-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 181)
7. 30 sentyabr 2026-cı il tarixli 315 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 2 oktyabr 2026-cı il, № 180)