Qanunvericilik › Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.1998) › Tam mətn

Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.1998)

Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 29 may 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə

Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında, Azərbaycan Respublikasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.

İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.

İHH tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində* dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur.

Əsgəri xidməti başa vurmuş, həmçinin bir təhsil müəssisəsində İHH proqramını tam bitirmiş şəxslər, başqa bir təhsil müəssisəsinə keçdikdə İHH dərslərinə cəlb olunmurlar. Bu şəxslərdən hərbi rəhbər köməkçisi kimi istifadə edilə bilər.

II. Gənclərİn İbtİdaİ hərbİ hazırlığına rəhbərlİk

İHH Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən gənclərin İHH və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə rəhbərliyin təmin edilməsi baxımından mərkəzi aparatın strukturuna İHH üzrə mütəxəssislər daxil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri (bundan sonra – yerli təhsili idarəetmə orqanları) strukturunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydada təsdiq etdiyi təhsil sistemində olan rayon və şəhər (rayon bölgüsü olmayan şəhər) metodkabinetlərinin nümunəvi ştatlarına uyğun olaraq norma üzrə müəyyən olunmuş metodist ştatları dairəsində metodist ştatı ayrıla bilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi;

təhsil müəssisələri üçün İHH və hərbi vətənpərvərliyə aid normativ sənədləri, tədris planlarını, proqramlarını, dərslikləri, tövsiyələri hazırlayır, onları texniki, tədris və əyani vasitələrlə təchiz edir;

gənclərin hərbi bilikləri dərindən öyrənmələri və təcrübədə möhkəmləndirmələri məqsədilə hərbi-idman oyunlarının keçirilməsini təşkil edir və keçirir;

gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin forma və metodlarını, bu barədə şagirdlərlə aparılan sinifdənxaric, məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini təşkil edir və keçirir.

Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənir və tədris müəssisələri arasında yayır.

Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil edir.

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi ilə birlikdə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edir, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi, “Azərkinovideo” İstehsalat Birliyi ilə birlikdə təhsil müəssisələri üçün İHH aid tədris filmlərinin çəkilməsini və yayılmasını təmin edirlər.

Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, yaradıcılıq ittifaqları hərbi vətənpərvərlik mövzusunda bədii əsərlərin, televiziya filmlərinin yaradılmasını və göstərilməsini, mətbuat səhifələrində bu mövzuda ardıcıl olaraq materialların dərc edilməsini təmin edirlər.

Respublikanın rayon və şəhərlərində İHH rəhbərlik yerli təhsili idarəetmə orqanlarına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə edilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri yerli təhsili idarəetmə orqanları ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri yerli təhsili idarəetmə orqanları ilə birlikdə İHH fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil edir, atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla onları təchiz edir. İHH üzrə metodistlə, təhsil müəssisələrini isə hərbi rəhbərlərlə təmin edir.

III. Təhsİl müəssİsələrİndə dİrektor və hərbİ rəhbərlərİn vəzİfələrİ

Təhsil müəssisəsinin direktoru İHH fənninin tədrisinin, hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili və gedişinin düzgün aparılmasına, tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid patronların saxlanmasına məsuliyyət daşıyır.

Direktorun vəzifələri:

tədris prosesini vaxtında planlaşdırır və təşkil edir, İHH proqramının tam keyfiyyətlə yerinə yetirilməsini təmin edir;

İHH dərslərinin səmərəli və keyfiyyətli keçirilməsi üçün yer (hərbi kabinet, sinif otağı, hərbi dərslərin praktiki aparılması üçün meydançalar və s.) ayırır;

İHH dərslərinin mənimsənilməsində gənclərin şəxsi məsuliyyətini artırır, onları İHH maddi-tədris bazasının yaradılması və təkmilləşdirilməsinə cəlb edir;

tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid olan sursatların saxlanılması üçün xüsusi avadanlıqla təchiz edilmiş və mühafizə olunmuş otaqla təmin edir, tədris silahlarının, kiçik çaplı tüfənglərin lazım olduqda təmirini təşkil edir və üç ayda bir dəfə şəxsən onların qeydiyyatının düzgünlüyünü və sazlığını yoxlayır;

hərbi rəhbərə təlim prosesində metodiki kömək göstərir, İHH fənni ilə başqa fənlər arasında əlaqə yaradır, dərnək və maraq kurslarının keçirilməsini təşkil edir;

hərbi rəhbərin dərslərinin gedişinə, gənclərin proqram üzrə aldıqları biliklərin obyektivliyinə nəzarət edir və ildə iki dəfədən az olmayaraq İHH fənninin tədrisini, hərbi vətənpərvərlik tərbiyəsi işlərini və maddi-tədris bazasının vəziyyəti və təkmilləşdirilməsi məsələlərinin pedaqoji şuralarda və direktoryanı müşavirələrdə baxılmasını təşkil edir;

yeni dərs ilinin başlanması və qurtarması, manqa, tağım komandirlərinin təyin edilməsi və kiçik çaplı tüfənglərdən atəşin açılması haqqında əmrlər verir;

üç günlük çöl-təlim məşğələlərinin keçirilməsini təşkil edir;

dərs ilinin sonunda yerli təhsili idarəetmə orqanlarına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə İHH yekunu haqqında yazılı hesabat verir.

Hərbi rəhbər təhsil müəssisəsinin direktoruna tabedir və gənclərin İHH üçün məsuliyyət daşıyır. Tədris silahlarının saxlanılmasına, qeydiyyatına, verilməsinə və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə cavabdehdir.

Hərbi rəhbərin vəzifələri:

İHH dərslərini vaxtında şəxsən təşkil edir, maraq üzrə kurslara və dərnəklərə rəhbərlik edir;

daimi olaraq özünün hərbi və pedaqoji biliklərini artırır;

hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq tirinə nəzarət edir, İHH maddi-tədris bazasını təkmilləşdirir və yenidən qurur;

tədris silahları və patronların ayda bir dəfədən az olmayaraq qeydiyyat kitabı üzrə olmalarını və sazlığını yoxlayır;

pedaqoji kollektivlə birlikdə hərbi vətənpərvərlik tərbiyəsi işlərinin gedişini, hərbi vətənpərvərlik hisslərinin qüvvətləndirilməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması gününün qeyd edilməsini, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları və müharibə veteranları ilə görüşləri, kinofilmlərin baxışını təşkil edir, hərbi idman oyunlarının keçirilməsinə rəhbərlik edir və metodiki kömək göstərir, bədən tərbiyəsi müəllimi ilə birlikdə atıcılıqdan, qumbara atmaqdan və mülki müdafiədən normativləri qəbul edir;

İHH və hərbi vətənpərvərlik üzrə rayon (şəhər) yarışlarında və oyunlarında gənclərin iştirakını təşkil və təmin edir;

gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və “İbtidai hərbi hazırlıq müəllimi” ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar iş aparır;

hərbi hissələri, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələri, mülki müdafiə qərargahları və ictimai təşkilatlar ilə sıx əlaqə saxlayır, onların köməyindən istifadə edir;

hərbi rəhbərin iş vaxtı, dərs cədvəli, dərsdənkənar tədbirlər planı, onun direktor tərəfindən təsdiq edilmiş şəxsi iş planı ilə müəyyən olunur;

hərbi rəhbərlər təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər.

IV. Gənclərİn İbtİdaİ hərbİ hazırlığının təşkİlİ və keçİrİlməsİ

Ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində İHH fənninin tədrisinə 140 saat vaxt ayrılır. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda İHH fənninin tədrisinə aşağıdakı miqdarda dərs saatları ayrılır:

- təhsil müddəti 1 il olan ilk peşə təhsili alanlara - 40 saat;

- təhsil müddəti 2 il olan texniki peşə təhsili alanlara - 80 saat;

- təhsil müddəti 3 il olan texniki peşə təhsili alanlara - 124 saat;

- təhsil müddəti 4 il olan yüksək texniki peşə təhsili alanlara - 140 saat.

Tam orta ümumtəhsil məktəblərinin, gimnaziyaların, liseylərin yuxarı siniflərində, peşə və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında İHH dərsləri oğlanlar və qızlar üçün birlikdə keçirilir. Tibbi-sanitariya dərslərinin 35 saatı qızlarla, qalan 6 saatı oğlanlarla birlikdə keçirilir.

Tibbi-sanitariya fənnini tədris edən müəllimləri ərazi üzrə dövlət tibb müəssisələri məktəb rəhbərliyi ilə birlikdə hazırlıqlı tibb işçilərindən, yaxud mülki müdafiə üçün tibb bacıları proqramı üzrə təlim keçmiş müəllimlərdən seçir.

Təhsil müəssisələrinin XI siniflərində və sonuncu kurslarında İHH fənninin yekun mərhələsində oğlanlar çöl məşğələlərini hərbi hissələrdə, qızlar isə poliklinikalarda və ya xəstəxanalarda keçirlər.

İHH fənnindən yekun qiyməti “qeyri-kafi” olan şagird və tələbələrə təhsili başa vurmaq haqqında müvafiq sənəd verilmir.

Dərs ilinin başlanğıcında İHH fənni üzrə həftəlik dərs yükü təhsil müəssisəsinin ümumi dərs cədvəlinə daxil edilir.

Təhsil müəssisələri direktorlarının əmri ilə yaxşı və ya əla oxuyan, intizamlı gənclərdən tağım və manqa komandirləri təyin edilir.

Şagird və tələbələr İHH dərsinə təhsil müəssisələrinin qəbul etdiyi geyim formasında gəlirlər.

Gənclərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi formasını və fərqlənmə nişanlarını gəzdirməyə icazə verilmir.

Şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri hərbi hissələrin komandirləri və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri ilə yerini və vaxtını razılaşdıraraq təşkil edir.

Hərbi hissələrin komandirləri, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarının təşkili üçün hərbi qulluqçular ayırır və döyüş patronları ilə təmin edirlər.

İHH fənni üzrə qiymətlər başqa fənlər kimi “5” bal sistemi ilə qiymətləndirilir. İllik və yoxlama məşğələlərindən yekun qiyməti çıxarılır və müvafiq təhsil müəssisələrini bitirmək haqqında sənədə yazılır.

Təhsil müəssisələrində dərsdənkənar vaxtlarda hərbi işin öyrənilməsinə xüsusi maraq göstərən şagirdlər (tələbələr) üçün maraq üzrə kurslar təşkil edilir.

Təhsil müəssisələrində şagird və tələbələrin hərbi vətənpərvərlik tərbiyəsi, bu istiqamətdə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili və aparılması xüsusi əhəmiyyət kəsb edir.

Gənclərə Azərbaycan Respublikasının Konstitusiyası, himni, bayrağı, gerbi, vətənin və milli ordunun tarixi öyrədilir, xalqın adət-ənənələrinə hörmət, ölkənin müdafiəsində iştirak etmək və hərbi psixoloji hazırlıqlar aşılanır.

Təhsil müəssisələrində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunmalıdır. Təhsil müəssisələri öz məzunlarının qulluq etdiyi hərbi hissələrlə sıx əlaqə saxlamalı, onlarla görüşlər təşkil etməli, gənclər arasında hərbi xidmətə sevgi və rəğbət hissini qüvvətləndirməlidirlər.

Təhsil müəssisələrində İHH dərslərinin tədrisinin başa çatması münasibətilə hərbi idman bayramı keçirilir və yekun haqqında məktəb direktorunun əmri elan edilir. Bayramda sıra təlimi və proqram həcmində praktik elementlər nümayiş etdirilir.

V. Hərbİ rəhbərlərİn hazırlanması və təhsİl müəssİsələrİndə yerləşdİrİlməsİ

Hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər.

Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır.

Tibbi-sanitariya müəllimləri yerli təhsili idarəetmə orqanları, ərazi üzrə dövlət tibb müəssisələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hazırlıqlı tibb işçiləri və mülki müdafiədə “Tibbi biliklərin əsasları” kursunu bitirmiş müəllimlərdən təyin edilirlər.

İbtidai hərbi hazırlıq müəllimi hazırlayan ali təhsil müəssisələrinə müddətli xidməti başa vurmuş hərbi vəzifəlilər qəbul edilməlidirlər. Gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edə bilməsi və onları hərbi xidmətə düzgün hazırlaması üçün hərbi rəhbərlərin özləri silahlı qüvvələrdə əsgərin həyatını, hüquq və vəzifələrini yaxından bilməlidir. Ali təhsil müəssisələrini ibtidai hərbi hazırlıq ixtisası üzrə bitirənlər Təhsil Nazirliyinin göndərişi ilə həmin il təhsil müəssisələrində hərbi rəhbər vəzifəsinə təyin olmalı və bu vəzifədə ən azı üç il işləməlidirlər.

VI. Təhsİl müəssİsələrİnİn hərbİ rəhbərlərİ və tİbbİ hazırlıq müəllİmlərİnİn İxtİsaslarının artırılması

Azərbaycan Respublikası Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə tədris prosesinin təşkilini və İHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər.

Hərbi rəhbər fəaliyyətə başlamazdan əvvəl hərbi hissədə bir aylıq istiqamətverici toplanış keçməlidir;

İstiqamətverici toplanış Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə keçirilir.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istiqamətverici toplanışın səmərəli keçməsi üçün hərbi rəhbərləri silahla, hərbi texnika ilə təmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir.

Toplanışda hərbi rəhbərlər hərbi hissənin kazarmasında yerləşdirilir və yeməklə təmin olunurlar.

Yerli təhsili idarəetmə orqanlarının İHH üzrə metodistləri və təhsil müəssisələrinin hərbi rəhbərləri 5 ildən bir, bir aylıq təkmilləşdirmə institutlarında ixtisaslarını artırırlar.

Yerli təhsili idarəetmə orqanları təhsil müəssisələrinin hərbi rəhbərlərinin, metodistlərin bir aylıq istiqamətverici toplanışında, ixtisasartırma kurslarında iştirakını təmin edir və onların ezamiyyə xərclərini mövcud qanunvericiliyə uyğun ödəyir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri yerli təhsili idarəetmə orqanları ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə təsdiq etdiyi proqram üzrə hər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərlə beş günlük tədris-metodiki toplanış keçirir. Toplanışda dərs ilinə yekun vurulur, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl iş təcrübələri öyrənilir və praktik dərslər keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə birlikdə yerli təhsili idarəetmə orqanları hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edirlər.

Hərbi rəhbərlərə həftədə bir gün onun metodiki hazırlığı (xüsusi tapşırıqların yerinə yetirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi, tövsiyələrin hazırlanması, maddi-tədris bazasının təkmilləşdirilməsi və s.) üçün verilir.

Yerli təhsili idarəetmə orqanları, təhsil müəssisələri, ərazi üzrə dövlət tibb müəssisələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tibbi hazırlıq keçən müəllim və tibb işçiləri üçün dərs ilinin başlanğıcında və qış tətili günlərində metodiki məşğələlər təşkil edir və keçirir.

VII. Gənclərİn İbtİdaİ hərbİ hazırlığının maddİ-texnİkİ təchİzatı

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə tabel üzrə təmin edir.

Təhsil müəssisələrinə kiçik çaplı tüfənglər və onlar üçün patronlar, tədris avtomatları, fərdi vasitələr, radiasiya və kimyəvi cihazlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən verilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti atıcılıq tirlərindən, poliqonlardan İHH məşğələlərinin səmərəli keçirilməsi məqsədilə təhsil müəssisələrinin pulsuz istifadə etməsinə icazə verilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrini tibbi hazırlıq üzrə tələb olunan bütün ləvazimatlarla, sanitar çantaları, xərəkləri və s. ilə təchiz edir.

Yerli icra hakimiyyətləri şəhər və rayonlarda atıcılıq öyrənən gənclərin təhlükəsizliyinə təminat verən tirlərin tikilməsini təmin edir.

Təhsil müəssisələrində İHH fənninin və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin düzgün və keyfiyyətli tədrisi və təşkili üçün İHH maddi-tədris bazası yaradılır və təkmilləşdirilir.

Maddi-tədris bazasına daxildir:

tədris silahlarının (avtomat, kiçik çaplı və pnevmatik tüfənglər), patron və hərbi sursatların saxlanması otağı;

atıcılıq tiri (25,50 m. az olmayan);

sıra təlimi meydançası;

nişan almanı praktiki öyrənmək üçün yer;

saatdarın və növbətçinin vəzifələrini praktiki öyrənmək üçün yer;

silahları təmizləmək və yağlamaq üçün yer, dərs avadanlıqlarını və ləvazimatlarını, tibbi-sanitariya avadanlıqlarını və tədrisin texniki vasitələrini saxlamaq üçün yer.

Hərbi kabinetlərdə İHH fənnindən başqa digər fənlərin tədrisinə icazə verilmir.

İHH rəhbərlərinə, hərbi hazırlıq üzrə mütəxəssislərə və metodistlərə hərbi geyimdə (formada) gəzmək hüququ verilir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.

Göstərilən şəxslərə verilən hərbi geyim forması dəyərinin qalan hissəsi tabeliyində müvafiq təhsil müəssisələri olan nazirlik, baş idarə və yerli icra hakimiyyəti tərəfindən ödənilir.

VIII. Hərbİ rəhbər metodİst və mütəxəssİslərİn əmək haqqının hesablanması

Təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Bütün tipdən olan ümumi təhsil, peşə və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifə maaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir.

Təhsil müəssisəsində İHH dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda hərbi rəhbər tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatların əmək haqqı əlavə ödənilir.

Hərbi rəhbərlərə proqramın xüsusi təchizatlı hərbi kabinetə verilən tələbləri ödəyən tədris silahlarının saxlanması otağına və atıcılıq tirinə görə qüvvədə olan qanunvericiliyə əsasən başqa fənn kabinetləri kimi məvacib verilir.

Hərbi rəhbərlər başqa fənlərdən də (ixtisaslar üzrə) dərs apara bilərlər.

Təhsil müəssisələrində İHH fənni dərs deməyə dəvət olunan mütəxəssislərin əmək haqları müəllimlər kimi saat hesabı ilə ödənilir.

İHH və hərbi vətənpərvərlik tərbiyəsi işinə metodiki köməklik göstərmək məqsədilə Respublika Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzin strukturunda mövcud qaydada metodist ştatları nəzərdə tutulur.

Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə, dövlət təhlükəsizliyi və daxili işlər orqanları sistemində, keçmiş sovet ordusunda xidmət etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) xidmət illəri pedaqoji stajlarına daxildir.

1. 25 oktyabr 2001-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 663)

2. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342)

3. 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

4. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

5. 11 dekabr 2012-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281)

6. 2 oktyabr 2013-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1199)

7. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

8. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

9. 19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736)

10. 15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871)

11. 30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1195)

12. 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)

13. 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)

14. 9 mart 2023-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 431)

15. 30 dekabr 2023-cü il tarixli 512 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1847)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver