AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət geodeziya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 mart tarixli, 118 nömrəli və “Geodeziya və kartoqrafiya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 17 oktyabr tarixli, 210 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 oktyabr 2002-ci il
1. Bu Əsasnamə “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin qaydalarını müəyyən edir.
2. Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin məqsədi (bundan sonra – dövlət nəzarəti) Azərbaycan Respublikasının ərazisində geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan bütün müəssisə və təşkilatların (Müdafiə Nazirliyi istisna olmaqla) Azərbaycan Respublikasının geodeziya və kartoqrafiya haqqındakı mövcud qanunvericilik aktlarına riayət etmələrini təmin etməkdir.
3. Dövlət nəzarəti xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
4. Dövlət nəzarətini həyata keçirən səlahiyyətli vəzifəli şəxslər öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Geodeziya və kartoqrafiya haqqında” Qanununun və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və sərəncamlarını və bu Əsasnaməni rəhbər tuturlar.
5. Dövlət nəzarəti digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, təşkilatlar və ictimai birliklərlə qarşılıqlı əlaqədə həyata keçirilir.
II. Geodezİya və kartoqrafİya fəalİyyətİnə dövlət nəzarətİnİ həyata keçİrən orqanların vəzİfələrİ
10. Dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:
10.1. respublika ərazisində astranom - geodeziya, qravimetriya, kartoqrafiya, topoqrafiya, markşeyder işlərinin, habelə topoqrafiya-geodeziya tərkibli layihə-axtarış işlərinin, aerofotoplanalma, kosmik planalma, xəritə nəşri, kadastr işlərinin topogeodeziya sahəsinə aid geoinformasiya sistemlərinin yaradılması, coğrafi adların standartlaşdırılması, qeydiyyatı və istifadəsinin nizamlanması, həmçinin başqa geodeziya və kartoqrafiya işlərinin yerinə yetirilməsində geodeziya və kartoqrafiya haqqında qanuna və normativ texniki aktlara, coğrafi obyektlərin adlandırılması sənədlərinə düzgün riayət edilməsinə nəzarət etmək;
10.2. kartoqrafiya məhsullarında və normativ texniki sənədlərdə Azərbaycan Respublikası ərazisinin, dövlət sərhədlərinin, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsinin, şelfinin, Naxçıvan Muxtar Respublikasının, inzibati ərazi vahidlərinin sənədlərinin, habelə obyektlərin qanuni və düzgün əks etdirilməsinə nəzarət etmək;
geodeziya-kartoqrafiya fondunda material və məlumatların formalaşmasına, saxlanılmasına və onlardan istifadəyə, həmçinin rəqəmli kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılmasına nəzarət etmək;
istehlakçıların geodeziya və kartoqrafiya fəaliyyətinin nəticəsi olan məhsullarla müəyyən edilmiş qaydada təmin edilmələrinə nəzarət etmək;
10.4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərində aidiyyəti üzrə iştirak etmək;
10.5. Azərbaycan Respublikası ərazisindəki dəyişikliklərin uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində düzgün və qanuni göstərilməsini və bu dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsi məqsədi ilə növbətçi məlumat xəritəsinin müasirliyini təmin etmək, qeydiyyatını aparmaq;
10.6. operativ-məlumat xəritələrində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, digər inzibati ərazi vahidlərinin sərhədlərindəki, həmçinin yer səthində, coğrafi obyektlərdə və onların adlarındakı dəyişikliklərin əks etdirilməsini təmin etmək;
10.7. geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsinə, həmçinin onların metroloji təminatına və dövlət standartlarına olan tələblərə, qeydiyyatlarına, saxlanılmasına, çoxaldılmasına və bu işlərin nəticəsində alınmış məlumat və materialların istənilən məlumat daşıyıcıları ilə qrafiki, rəqəmli, elektron, fotoqrafik və başqa formalarda təqdim edilməsinə qoyulmuş tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
10.8. xəritə, plan və atlasların tərtibatına və nəşrinə, həmçinin tərkibində kartoqrafiya materialları olan və onların istənilən qrafiki, rəqəmli, elektron, fotoqrafik və başqa formalarda informasiya daşıyıcıları vasitəsi ilə təqdim edilməsinə qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etmək;
10.9. plan, xəritə və atlaslarda Azərbaycan Respublikasının inzibati ərazi və dövlət sərhədlərinin, şelfinin və Azərbaycan Respublikasının iqtisadi zonalarının sərhədlərinin düzgün əks etdirilməsinə, həmçinin coğrafi obyektlər haqqındakı başqa məlumatlara və onların düzgün adlandırılmasına öz səlahiyyəti daxilində nəzarət etmək;
10.10. geodeziya və kartoqrafiya fəaliyyəti nəticəsində alınmış, geodeziya və kartoqrafiya fonduna daxil edilmiş material və məlumatların yoxlanılmasını və həmin materiallardan istifadə edilməsinə icazə qaydalarını müəyyən etmək və bu qaydaların icrasına öz səlahiyyəti daxilinə nəzarət etmək.
10.11. geodeziya, kartoqrafiya işlərinin və istinad məntəqələrinin qeydiyyatını aparmaq, respublika ərazisinin bu işlərlə təmin olunması barədə məlumatları toplamaq və müəyyən edilmiş qaydada istifadəçiləri bu məlumatlarla təmin etmək;
10.12. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatların, onların işinin nəticəsi olan kartoqrafik məhsulların və kosmik planalma materiallarının satışının, informasiya fondlarının, geodeziya və kartoqrafiya material və məlumatlar bankının yaradılmasının qeydiyyatını aparmaq;
10.13. topogeodeziya sahəsinə aid kadastr işlərinin vahid sistemdə yerinə yetirilməsinə, bu sahədə yaradılan rəqəmlə, elektron xəritələrin və onların məlumat banklarının informasiya təminatına nəzarəti həyata keçirmək;
10.14. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda işlərin layihələşdirilməsi və yerinə yetirilməsi üçün istifadə edilən UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-dəki (beynəlxalq koordinat sistemindəki) geodeziya məntəqələrinin yüksəkliklərinin və koordinatlarının vaxtında ləğv edilməsini yoxlamaq;
10.16. geodeziya, topoqrafiya, kartoqrafiya və qravimetriya istehsalatına aid normativ texniki sənədlərin hazırlanmasında iştirak etmək, onlara metodiki kömək göstərmək;
10.18. geodeziya və kartoqrafiya işlərinin yerinə yetirilməsi üçün tərtib edilən texniki layihə-smeta sənədlərini müvafiq qaydada ekspertizadan keçirmək;
10.19. müəssisə və təşkilatlarda geodeziya, topoqrafiya və kartoqrafiya istehsalatında istehsalat sanitariyası, yanğından mühafizə, texniki təhlükəsizlik və əməyin mühafizəsi normalarının yerinə yetirilməsinə müəyyən edilmiş qaydada nəzarət etmək;
10.20. geodeziya və kartoqrafiya sahəsindəki qanun pozuntuları işlərinə baxılarkən ekspert səviyyəsində iştirak etmək;
10.21. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının məxfilik dərəcələrini müəyyən etmək;
10.22. geodeziya, topoqrafiya və kartoqrafiya istehsalatının elmi-texniki səviyyəsinin yüksəldilməsinə, yeni texnologiyaların, cihaz, alət və avadanlıqların tətbiqinə, həmçinin ixtisaslaşdırılmış müəssisə və təşkilatların təlimatlara uyğun olaraq yerinə yetirdikləri geodeziya və kartoqrafiya işlərinə nəzarət etmək;
10.23. müəyyən edilmiş qaydada müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən aidiyyəti işlərin və buraxılan məhsulun dövlət qəbulunu təşkil etmək;
10.24. xüsusi təyinatlı geodeziya və kartoqrafiya cihaz, alət və avadanlıqlarının idxalının, ixracının uçotunun və qeydiyyatını aparmaq, nəzarət etmək və bu məqsədlə Dövlət Gömrük Komitəsini və Dövlət Təhlükəsizliyi Xidmətini müvafiq metodik sənədlərlə və siyahılarla təmin etmək;
10.25. dövlət geodeziya – istinad məntəqələrindən və yerüstü geodeziya məntəqə və nişanlarından istifadəni və onların mühafizəsini qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata keçirmək;
10.26. müəyyən edilmiş formada bütün istehsalçılar tərəfindən ildə iki dəfə 01 iyul və 01 yanvar vəziyyətlərinə, yerinə yetirdikləri geodeziya və kartoqrafiya işləri və onların keyfiyyəti haqqında bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinə hesabatlar təqdim edilməsini təmin etmək.
10.27. illik hesabatlara uyğun olaraq, tabeliyindən asılı olmayaraq topoqrafiya, geodeziya və kartoqrafiya işlərini yerinə yetirən bütün müəssisə və təşkilatların (Müdafiə Nazirliyi istsina olmaqla) fəaliyyətini yoxlamaq;
10.28. bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətində daimi fəaliyyətdə olan texniki komissiyanın işində iştirak etmək.
III. Geodezİya və kartoqrafİya fəalİyyətİnə dövlət nəzarətİnİ həyata keçİrən orqanların hüquqları
11. Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanlar aşağıdakıları həyata keçirirlər:
11.1. geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanların səlahiyyətli nümayəndələri xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin şəxsiyyət vəsiqəsini, nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə, mülkiyyət formasından asılı olmayaraq geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat və idarələrə daxil olmaq (həmin obyektlərə giriş-çıxış qaydalarına əməl etmək şərti ilə), qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək;
11.2. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda yoxlamaya təqdim edilən işlərin yerinə yetirilməsində istifadə olunan texniki-istehsalat, layihə-smeta və başqa sənədlərlə tanış olmaq;
11.3. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda işin nəticəsinin, məlumat və materialların qeydiyyatının, saxlanılmasının, çoxaldılmasının və istifadəsinin aparılma qaydalarını və bu məlumat və materiallardan icazəsiz istifadənin qarşısının alınma yollarını yoxlamaq;
11.4. yoxlama zamanı aşkar edilmiş çatışmazlıqları müəyyən edilmiş qaydada təşkilatların rəhbərlərinin nəzərinə çatdırmaq və bu nöqsanların aradan qaldırılması üçün öz səlahiyyəti daxilində göstərişlər yaxud müvafiq təqdimatlar vermək;
11.5. qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə tərtib edilmiş sənədləri müvafiq orqanlara göndərmək;
11.6. müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən işləri, buraxılan məhsulun sayını, keyfiyyətini, yerinə yetirilən işlərdə istifadə olunan alət və avadanlıqların metroloji təminatının mövcudluğunu yoxlamaq;
12. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, və bu Əsasnamənin müvafiq tələblərini pozan hüquqi və fiziki şəxslər barədə müvafiq orqanlar (məhkəmələr) qarşısında iddialar qaldırmaq;
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının geodeziya, topoqrafiya, kartoqrafiya və qravimetriya fəaliyyətinə dövlət nəzarəti ilə əlaqədar gördükləri işlər barədə hesabatların müəyyən edilmiş formada hər ilin 1 yanvar vəziyyətinə Azərbaycan Respublikasının xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidmətinə, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsini təmin etmək.
1. 26 sentyabr 2003-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 09, maddə 533)
2. 16 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 928)
3. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
4. 6 oktyabr 2016-cı il tarixli 394 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1712)
5. 2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925)
6. 3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944)
7. 19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)
8. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
9. 3 fevral 2026-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2026-cı il, “Xalq” qəzeti, 10 fevral 2026-cı il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 175)