Qanunvericilik › “Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012) › Tam mətn

“Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012)

“Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 3 avqust 2012-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 33.1-ci və 36.2-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə qaydalarını, o cümlədən gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, onlardan istifadə edilməsi və informasiyanın sənədləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir.

2.1. Gömrük işində informasiya sistemləri (bundan sonra - informasiya sistemləri) aşağıdakıları təmin etməlidir:

2.1.1. gömrük informasiya ehtiyatlarında axtarış, yığım, emal və saxlama imkanlarını;

2.1.2. gömrük orqanlarının vəzifəli şəxslərinə, onlara verilmiş səlahiyyətlər çərçivəsində gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarına giriş imkanlarının verilməsini;

2.1.3. istifadəçi hüquqlarına görə gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarına giriş dərəcəsinin müəyyən olunmasını;

2.1.4. işləmə etibarlılığını və proqram-texniki nasazlıqlara dayanıqlılığını;

2.1.5. sistem vasitəsilə alınan informasiyanın doğruluğunu, tamlığını və vaxtında təqdim olunmasını;

2.1.6. digər informasiya sistemləri ilə inteqrasiyanı;

2.1.7. texniki və proqram vasitələrinin yeniləşdirilməsini və sistemə yeni elementlərin daxil edilməsi yolu ilə onun genişləndirilməsini və yeniləşdirilməsini;

2.1.8. informasiya sisteminə daxil olan informasiya ehtiyatlarının mühafizəsini.

2.2. İnformasiya sistemləri işin səmərəliliyinin artırılmasına xidmət etməlidir.

2.3. Gömrük orqanları tərəfindən yaradılan və alınan informasiya sistemləri, informasiya texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətidir.

2.4. Gömrük orqanları onların istifadəsində olmayan informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən müqavilə əsasında istifadə edə bilər.

2.5. İnformasiya sistemlərinə daxil edilən, emal olunan və saxlanılan informasiyalar istifadəçilərin gömrük işinə dair ehtiyaclarını ödəməlidir.

3.1. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi (bundan sonra - VAİS) vasitəsilə həyata keçirilir.

3.2. VAİS-in yaradılmasının əsas məqsədi gömrük xidmətinin səmərəliliyinin artırılmasıdır.

3.3. VAİS aşağıdakılardan təşkil olunmuşdur:

3.3.1. normativ məlumat bazalarından;

3.3.2. operativ məlumat bazalarından;

3.3.3. statistik məlumatlardan;

3.3.4. gömrük xidmətinin korporativ şəbəkəsindən;

3.3.5. lokal şəbəkələrdən;

3.3.6. kompyuterlərdən və digər şəbəkə və hesablama avadanlıqlarından.

3.4. VAİS-in yaradılmasında və inkişaf etdirilməsində məqsəd aşağıdakılardır:

3.4.1. kompyuter, telekommunikasiya texnikaları və informasiya texnologiyaları sahəsində son nailiyyətlər əsasında VAİS-in texniki-proqram təminatının inkişaf etdirilməsi;

3.4.2. elektron sənədlərin tətbiqi və gömrük sənədlərinin işlənməsində kağızsız texnologiyadan istifadə edilməsi;

3.4.3. gömrük orqanlarının vahid informasiya məkanının yaradılması;

3.4.4. gömrük orqanları ilə digər dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında qarşılıqlı informasiya əlaqələri üçün səmərəli mexanizmin yaradılması;

3.4.5. gömrük prosedurlarının, texnologiyalarının, normativ hüquqi aktlarının və sənədlərinin formalaşdırılması;

3.4.6. uzunmüddətli nəzarət tələb edən prosedurlar (beynəlxalq və daxili tranzit, müvəqqəti saxlanc, gömrük anbarlarında saxlanc, sərbəst zona, müvəqqəti idxal, müvəqqəti ixrac, son istifadə, malların daxildə və xaricdə emalı) üzrə mallara nəzarət və izləmə sisteminin yaradılması;

3.4.7. şərti qaydada buraxılan malların tam rəsmiləşdirilməsi üçün nəzarətin həyata keçirilməsi;

3.4.8. hesabat xarakterli işlərə sərf olunan vaxtın azaldılması;

3.4.9. istifadəçilərə fasiləsiz xidmətin həyata keçirilməsi və onların gömrük orqanları ilə əlaqə rahatlığının yüksəldilməsi.

3.5. VAİS aşağıdakıları təmin etməlidir:

3.5.1. gömrük orqanlarına və dövlət orqanlarına gömrük işi, o cümlədən xarici ticarətin gömrük statistikası üzrə məlumatların çatdırılmasını;

3.5.2. gömrük orqanlarının təşkilati-iqtisadi idarəçilik sisteminin təkmilləşdirilməsini;

3.5.3. malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini;

3.5.4. gömrük ödənişlərinin hesablanmasına və ödənilməsinə mərkəzləşdirilmiş qaydada nəzarəti;

3.5.5. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə yardımı;

3.5.6. qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizəyə informasiya dəstəyini;

3.5.7. gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsini.

4.1. Gömrük orqanlarının informasiya ehtiyatları (bundan sonra - informasiya ehtiyatları) gömrük əməliyyatlarını həyata keçirən şəxslərin Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq, gömrük orqanlarına təqdim etdikləri sənədlər və məlumatlar əsasında formalaşdırılır.

4.2. İnformasiya ehtiyatları dövlət mülkiyyətidir.

4.3. İnformasiya ehtiyatları aşağıdakı əsas prinsiplər əsasında formalaşdırılır və istifadə edilir:

4.3.1. informasiyaların həqiqiliyi, dəqiqliyi və tamlığı;

4.3.2. informasiyaların vaxtında təqdim edilməsi;

4.3.3. informasiya təhlükəsizliyinin təmin olunması;

4.3.4. şəxslərin hüquqlarının və qanuni maraqlarının qorunması;

4.3.5. gömrük orqanlarının fəaliyyətinin təmin edilməsi.

4.4. Gömrük orqanları tərəfindən formalaşdırılan informasiyalar yalnız gömrük məqsədləri üçün istifadə edilir.

4.5. İnformasiya ehtiyatları aşağıdakı prosedurları və texnoloji prosesləri həyata keçirərkən formalaşdırılır və istifadə edilir:

4.5.1. informasiyanın daxil edilməsi və alınması;

4.5.2. informasiyanın yığılması, emalı, axtarışı, təhlili və ötürülməsi;

4.5.3. dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti prosedurları;

4.5.4. qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanlarının digər dövlət və yerli özünüidarə orqanları ilə və təşkilatlarla qarşılıqlı informasiya əlaqələri;

4.5.5. normativ hüquqi aktlar əsasında müəyyən edilmiş qaydalara əsasən, digər ölkələrin gömrük xidmətləri və digər səlahiyyətli orqanları ilə informasiya əlaqələri;

4.5.6. VAİS-in işlənilməsi və inkişaf etdirilməsi;

4.5.7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) internet saytının və intranet portalının formalaşdırılması və istifadə edilməsi;

4.5.8. kargüzarlıq və arxiv işi üzrə Komitənin normativ hüquqi aktlarına uyğun olaraq gömrük orqanlarının sənəd təminatı.

4.6. İnformasiya ehtiyatlarının uyğunluğu, qarşılıqlı əlaqələri və tamlığı aşağıdakı əsas prinsiplərin gözlənilməsi ilə təmin edilir:

4.6.1. bütün sistem üçün vahid təsnifatların tətbiqi;

4.6.2. VAİS üçün, o cümlədən elektron imzadan istifadə etmək də daxil olmaqla, vahid məlumatların format-məntiqi yoxlanılması qaydalarının tətbiqi.

4.7. İnformasiya ehtiyatlarının internetdə formalaşdırılması və istifadəsi müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

4.8. Gömrük orqanları informasiya ehtiyatlarının formalaşdırılması və istifadəsi zamanı aşağıdakıları təmin etməlidir:

4.8.1. məlumatlar bazasının təhlükəsizliyinin təmin edilməsi və etibarlı sistemlərdən istifadə etməklə emal olunması;

4.8.2. informasiyanın itkisinin, təhrif olunmasının və saxtalaşdırılmasının qarşısının alınması;

4.8.3. icazəsiz məhvetmə, dəyişdirmə, təhrifetmə, köçürmə, bloklama, habelə informasiya ehtiyatlarına digər qanunsuz müdaxilə hallarının qarşısının alınması.

4.9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.

4.10. Açıq informasiyalar Komitənin rəsmi internet saytında (www.customs.gov.az) yerləşdirilir.

5.1. Qanunvericiliyə uyğun olaraq, VAİS-dən alınmış kağız sənəd gömrük orqanının vəzifəli şəxsi tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur.

5.2. İnformasiya sistemlərində dövr edən sənəd həmçinin elektron imza vasitəsilə də təsdiq edilir.

5.3. Elektron imzadan istifadə elektron imza haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

1. 01 may 2015-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 648)

2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver