124-2.1. Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bu Məcəllənin 124-2.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçirilir. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.
124-2.2. Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
124-2.3. Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.
124-2.4. Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:
124-2.4.1. müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;
124-2.4.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.
124-2.5. Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.
124-2.6. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verir.
124-2.7. Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınır.
124-2.8. Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
124-2.9. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.