244.1. Gömrük borcu gömrük orqanına (yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə ), beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına (qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə) ödənilir.
244.2. Gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılmalıdır.
244.3. Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
244.4. Poçt rabitəsi operatorları gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər.
244.5. Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.