70.1. Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər.
70.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat uçotu sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək hüququna malikdirlər.
70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını, müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ vardır.