93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
93.2. Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
93.3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.
93.4. Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.