98-2.1. Səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçirilir.
98-2.2. Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində gömrük orqanının qərarı əsasında həyata keçirilir.
98-2.3. Gömrük orqanının səyyar gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində səyyar gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
98-2.4. Səyyar gömrük auditi 20 (iyirmi) iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 (otuz) iş gününədək artırıla bilər.
98-2.5. Planlı (növbəti) səyyar gömrük auditi bir şəxs barədə təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Planlı (növbəti) səyyar gömrük auditinin başlanmasına azı 15 (on beş) iş günü qalmış yazılı bildiriş barəsində gömrük auditi aparılan şəxsə göndərilir. Bildirişdə səyyar gömrük auditinin əsası, tarixi, yoxlama suallarının siyahısı, şəxsin və gömrük orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
98-2.6. Plandankənar (növbədənkənar) səyyar gömrük auditi aşağıdakı hallarda keçirilir:
98-2.6.1. risklərin idarə edilməsi sistemi tərəfindən seçilmiş nəzarət forması tələb etdikdə;
98-2.6.2. gömrük orqanının əldə etdiyi əlaqəli məlumatlarda şəxs tərəfindən malların gömrük dəyərinin azaldılması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan olunmaması və (və ya) müvafiq gömrük prosedurunun tələblərinin pozulması müəyyən edildikdə;
98-2.6.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar gömrük auditinin aparılması barədə müvafiq qərarı olduqda;
98-2.6.4. barəsində səyyar gömrük auditi aparılan şəxs səyyar gömrük auditinin nəticələri ilə razılaşmayaraq plandankənar səyyar gömrük auditinin aparılmasını yazılı şəkildə tələb etdikdə (bu halda plandankənar səyyar gömrük auditi gömrük orqanının əvvəlki yoxlamanı aparmış vəzifəli şəxsləri tərəfindən aparıla bilməz);
98-2.6.5. bu Məcəllənin 98-1.6-cı maddəsində nəzərdə tutulmuş halda.
98-2.7. Səyyar gömrük auditi iş günü və barəsində gömrük auditi aparılan şəxsin iş vaxtı ərzində aparılır.
98-2.8. Səyyar gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, həmin auditin nəticəsinə dair akt tərtib olunduqdan sonra hüquqpozma əlaməti barədə məlumatlar müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilir və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
98-2.9. Planlı (növbəti) və ya plandankənar (növbədənkənar) səyyar gömrük auditi gömrük orqanının qərarına əsasən aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 4 (dörd) aydan çox olmamaqla dayandırılır (təxirə salınır):
98-2.9.1. aparılan səyyar gömrük auditi zamanı şəxs qeydiyyatda olduğu ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər;
98-2.9.2. aparılan səyyar gömrük auditi zamanı şəxs onun sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanının vəzifəli şəxslərinin daxil olmasına icazə vermədikdə – bu Məcəllənin 98-3.1-ci maddəsinə əsasən məhkəmə qərarı alınanadək;
98-2.9.3. səyyar gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs və ya gömrük və (və ya) maliyyə məsələləri üzrə məsul şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək;
98-2.9.4. gömrük orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya malların ekspertizası aparıldıqda mütəxəssisin və ya ekspertin rəyi təqdim edilənədək;
98-2.9.5. səyyar gömrük auditi üçün zəruri olan sənədlər və məlumatlarla əlaqədar – gömrük orqanı tərəfindən göndərilən sorğulara cavab alınanadək.