AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI
“Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
1. “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 022 nömrəli, 2 aprel 1999-cu il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 23 aprel 1999-cu il tarixdə 159 nömrə ilə qeydə alınmış “Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydaları” ləğv edilsin.
3. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/04/003 nömrəli, 15 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 28.7-ci bəndinə əsasən hazırlanmışdır və gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacaqlarında, gömrük orqanlarının olduğu yerlərdə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) müəyyən etdiyi digər yerlərdə Komitə tərəfindən gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.2.1. gömrük nəzarəti zonası – bu Qaydaların 1.1-ci bəndində göstərilmiş yerlərdə mal və nəqliyyat vasitələri, o cümlədən şəxslər üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinin (bundan sonra - gömrük ərazisi) gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.2.2. gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyəti - gömrük orqanlarının icazəsi və nəzarəti altında gömrük nəzarəti zonalarında şəxslərin istehsal və digər kommersiya fəaliyyəti;
1.2.3. gömrük nəzarəti zonalarında rejim qaydaları - gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkətini, eləcə də istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsini tənzimləmək məqsədilə müəyyən olunmuş qaydalar;
1.2.4. müvəqqəti gömrük nəzarəti zonaları - müəyyən qısa müddətli istehsal və digər kommersiya fəaliyyəti tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin istehsal və digər kommersiya fəaliyyəti tədbirlərinin üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə gömrük ərazisinin gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.2.5. gömrük nəzarəti zonalarının nişanlanması - gömrük nəzarəti zonasının giriş və çıxışının nişanlanması, gömrük nəzarəti zonası daxilində hərəkətin tənzimlənməsi üçün yol nişanlarının quraşdırılması, müxtəlif məqsədlərlə elektron lövhələrin (tabloların) quraşdırılması, digər məlumatlandırma (tənzimləmə və qadağa) tipli nişanların quraşdırılması.
2.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacaqlarında, gömrük orqanlarının olduğu yerlərdə və Komitənin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
2.2. Gömrük nəzarəti zonaları və onun ərazisi rejim qaydalarına təsir göstərən coğrafi şərait, xarici-iqtisadi və istehsal-texniki fəaliyyətin intensivliyi, mal və nəqliyyat vasitələrinin keçirilmə imkanları, eləcə də gömrük nəzarətinin formaları nəzərə alınmaqla Komitənin sədrinin qərarı əsasında yaradılır.
2.3. Gömrük nəzarəti zonalarının yaradılması haqqında qərarda aşağıdakılar göstərilir:
2.3.1. qərarın nömrəsi və tarixi;
2.3.2. bu Qaydaların 1.1-ci bəndində göstərilən yerlərdə gömrük nəzarəti zonalarının yaradılmasının əsası və məqsədi;
2.3.3. gömrük nəzarəti zonalarının yaradıldığı yerin ünvanı;
2.3.4.gömrük nəzarətinin həyata keçiriləcəyi zonanın sahəsinin ölçüləri;
2.3.5. gömrük nəzarəti zonasının nişanlanma vasitələri;
2.3.6. gömrük nəzarəti zonasını əhatə edən gömrük orqanının adı.
2.4. Gömrük nəzarəti zonaları bu zonalar üçün müəyyən edilmiş yerlərdə həmin yerlərin xüsusiyyətinə və coğrafi mövqeyinə uyğun olaraq xəbərdaredici işarələrlə (hasar, lent, dirək) nişanlanır. Həmin nişanlar üzərində göy fondan ibarət olaraq ağ hərflər ilə "GÖMRÜK NƏZARƏTİ ZONASI" və ingilis dilində “CUSTOMS CONTROL ZONE” sözləri yazılır (əlavə olunur).
2.5. Yuxarıda qeyd olunan sözlər həkk olunmuş lövhələrin ölçüləri 80-40 sm, lentin eni isə 10 sm olmalıdır.
2.6. Müəyyən qısa müddətli istehsal, tikinti və digər kommersiya fəaliyyəti tədbirlərinin həyata keçirilməsi məqsədi ilə maraqlı şəxslərin əsaslandırılmış yazılı müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə gömrük orqanının nəzarəti altında və onun icazəsi əsasında həmin qısa müddətli istehsal, tikinti və digər kommersiya fəaliyyəti tədbirlərinin həyata keçirildiyi yerlərdə qeyd olunan fəaliyyət tədbirləri başa çatanadək Komitə sədrinin qərarı əsasında müvəqqəti gömrük nəzarəti zonaları yaradılır.
2.7. Müvəqqəti gömrük nəzarəti zonalarının yaradılması haqqında qərarda aşağıdakılar göstərilir:
2.7.1. qərarın nömrəsi və tarixi;
2.7.2. bu Qaydaların 1.1-ci bəndində göstərilən yerlərdə müvəqqəti gömrük nəzarəti zonalarının yaradılmasının əsası və məqsədi;
2.7.3. müvəqqəti gömrük nəzarəti zonalarının yaradıldığı yerin ünvanı;
2.7.4. müvəqqəti gömrük nəzarətinin həyata keçiriləcəyi zonanın sahəsinin ölçüləri;
2.7.5. müvəqqəti gömrük nəzarəti zonasının nişanlanma vasitələri;
2.7.6. müvəqqəti gömrük nəzarəti zonasının yaradılmasının müddəti;
2.7.7. müvəqqəti gömrük nəzarəti zonasını əhatə edən gömrük orqanının adı.
2.8. Fiziki şəxslər nişanlanmış gömrük nəzarəti zonasına keçərək həmin zonada yerləşən “Yaşıl kanal” buraxılış sisteminə daxil olarkən onlara məxsus mallar gömrük orqanlarına bəyan edilmiş hesab edilir.
3.1. Gömrük nəzarəti zonalarının sahəsi gömrük orqanları tərəfindən gömrük nəzarətinin və digər gömrük əməliyyatlarının həyata keçirilməsi üçün kifayət ölçüdə olmalıdır.
3.2. Gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkətini, eləcə də istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsini tənzimləmək məqsədilə gömrük orqanları tərəfindən rejim qaydaları müəyyən olunur. Bu məqsədlə gömrük nəzarəti zonalarının daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkət və marşrutları müəyyən olunur.
3.3. Gömrük nəzarəti zonalarında müəyyən olunmuş marşrutlar işarələnir və bu Qaydaların 2.4-ci bəndində göstərilən qaydada nişanlanır.
3.4. Gömrük nəzarəti zonalarının ərazisində qanunvericilikdə müəyyən olunmuş istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, həmçinin mal və nəqliyyat vasitələrinin, şəxslərin, dövlət qurumlarının vəzifəli şəxslərinin zonaya daxil olmasına və ya tərk etməsinə, zona daxilində hərəkətinə gömrük orqanlarının nəzarəti altında və onun icazəsi əsasında yol verilir.
3.5. Gömrük nəzarəti zonalarında dövlət qurumlarının və şəxslərin fəaliyyəti müəyyən olunmuş rejim əsasında gömrük orqanları ilə razılaşdırılmaqla həyata keçirilir.
3.6. Gömrük nəzarəti zonalarında gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyəti və onlar tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanları tərəfindən beynəlxalq standartlara uyğun lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi yerlər (binalar, otaqlar, tikililər) yaradılır.
3.7. Gömrük nəzarəti zonalarında yerləşən binaların giriş və çıxışında onların istifadə məqsədini əks etdirən lövhələr quraşdırılır və müvafiq işıqlandırma sistemi ilə təmin olunur.
3.8. Gömrük nəzarəti zonalarında gömrük orqanının müəyyən etdiyi qaydada müşahidə kameraları quraşdırılır.
3.9. Müvəqqəti gömrük nəzarəti zonalarında rejim qaydalarının müəyyən edilməsi, müvafiq işarələrlə nişanlanması və bu zonaların daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkət və marşrutlarının müəyyən olunması bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.
3.10. Müvəqqəti gömrük nəzarəti zonalarının yaradılması üçün əsas olan qısa müddətli istehsal, tikinti və digər kommersiya fəaliyyəti tədbirləri üçün müəyyən olunmuş müddətlər başa çatdıqdan sonra bu zonalar ləğv edilir. Müvəqqəti gömrük nəzarəti zonalarının ləğv edilməsi Komitənin sədrinin qərarı əsasında həyata keçirilir.
3.11. Gömrük orqanı şəxslər və nəqliyyat vasitələri gömrük nəzarəti zonasının ərazisində hərəkət edərkən onların müəyyən edilmiş yerlərdə hərəkətinin dayandırılması və davam etdirilməsi, müəyyən olunmuş marşrutlar üzrə hərəkət etməsi və gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan marşrutdan kənara çıxmaması, mal və nəqliyyat vasitələrinin, o cümlədən gömrük nəzarəti üçün zəruri olan sənəd və məlumatların gömrük orqanına verilməsi və mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti zonalarının gömrük baxışı yerlərinə çatdırılması, gömrük baxışının həyata keçirilməsi və digər rejim qaydaları ilə əlaqədar Azərbaycan Respublikasının Gömrük Məcələsində nəzərdə tutulmuş aidiyyəti tədbirləri həyata keçirir.
4.1. Gömrük nəzarəti zonasının yaradılmasına dair verilmiş qərar aşağıdakı hallarda ləğv edilir:
4.1.1. Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqəsi ləğv edildikdə;
4.1.2. gömrük orqanının nəzarəti altında olan malların saxlanma yeri dəyişdirildikdə;
4.1.3. gömrük orqanı tərəfindən aparılan gömrük əməliyyatlarının həyata keçirildiyi yerlər gömrük orqanının qərarı əsasında dəyişdirildikdə;
4.1.4. gömrük orqanı tərəfindən müəyyən olunmuş gömrük sahələrində gömrük nəzarətinin həyata keçirilməsi tədbirləri başa çatdıqda;
4.1.5. gömrük orqanının yerləşdiyi yer dəyişdirildikdə;
4.1.6. gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağazalarının fəaliyyəti başa çatdıqda, dayandırıldıqda və ləğv edildikdə.
4.2. Gömrük nəzarəti zonasının yaradılmasına dair verilmiş qərarın ləğv edilməsi Komitənin sədrinin qərarı əsasında həyata keçirilir.