AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI
“Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndinə əsasən
1. “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi Təminat İdarəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını tənzimləyir.
1.2. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qaydaları rəhbər tutur.
2.1. Gömrük orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
2.1.1. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;
2.1.2. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
2.1.3. gömrük orqanlarının vəzifəli şəxslərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə;
2.1.4. gömrük orqanlarında xidmətə qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı;
2.1.5. digər tədbirlərdə.
3.1. Gömrük orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə tam səsləndirilir.
3.2. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə gömrük orqanlarının vəzifəli şəxsləri onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.
3.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı gömrük orqanlarının vəzifəli şəxsləri komanda verilməmiş farağat vəziyyətini alır, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının rəisləri əsgəri salam verirlər.
3.4. Sırada olmayan gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri salam verir.
3.5. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.
3.6. Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqi (səviyyəsi) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.
4.1. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən müvafiq qaydada həyata keçirilir.
4.2. İşçilər bu Qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.