Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin KollegiyasıAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
1. “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/02/002 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 28.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması ilə əlaqədar məsələləri tənzimləyir.
1.2. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsi - Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Məcəllə) 92-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən gömrük nəzarətinin formasıdır.
1.3. Keşik çəkmə (patrulluq)- gömrük orqanının vəzifəli şəxsinin piyada və ya nəqliyyat vasitəsi ilə gömrük orqanı tərəfindən fəaliyyət ərazisində müəyyən olunmuş marşrutla hərəkət etməklə, gömrük nəzarətinin həyata keçirilməsi, Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının (bundan sonra - gömrük qanunvericiliyinin) tələblərinə riayət olunmasına nəzarət edilməsi, hüquqazidd hərəkətlərin, onların törədilməsinə səbəb olan halların (səbəb və şəraitin) aşkar və xəbərdar edilməsi, qarşısının alınması, habelə profilaktikası üzrə təkbaşına və ya keşikçi (patrul) dəstəsinin tərkibində həyata keçirilən fəaliyyətidir.
1.4. Gömrük müşahidəsi - gömrük qanunvericiliyinə riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin daşınması, onlarla yükləmə-boşaltma işləri və digər yük əməliyyatlarının aparılması üzərində aşkar və məqsədyönlü şəkildə həyata keçirilən vizual müşahidədir.
2.1. Məcəllənin 56.1 və 56.2-ci maddələrinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük qanunvericiliyinin müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən gömrük ərazisindəki aşağıdakı yerlərdə keşik çəkməni (patrulluğu) və gömrük müşahidəsini aparmaq hüququna malikdirlər:
2.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə;
2.1.2. dəmiryol vağzallarında və stansiyalarında, orada yerləşən tikililərdə, habelə dəmiryolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında;
2.1.3. aeroportlarda, aerodromlarda, orada yerləşən tikililərdə, təyyarələrin uçuş-enmə zolağında;
2.1.4. gömrük nəzarəti zonalarında;
2.1.5. Məcəllənin 92.3-cü maddəsinə əsasən beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda gömrük ərazisindən kənar ərazidə.
2.2. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması gömrük orqanının rəisi və ya onu əvəz edən şəxsin yazılı qərarı ilə həyata keçirilir. Həmin qərarda keşikçi (patrul) dəstəsinin yaradılması və tərkibi, keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması yeri, vaxtı və obyektləri, hərəkət marşrutu rabitə əlaqələri, dəstəyə daha hazırlıqlı əməkdaşın rəhbər təyin edilməsi məsələləri həll edilir.
2.3. Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs keşik çəkməyə (patrulluğa) və gömrük müşahidəsinin aparılmasına cəlb edilən şəxsləri vəzifə və hüquqları, habelə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan məsələlər üzrə ətraflı təlimatlandırır və onların fəaliyyətinə nəzarət edir.
2.4. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılmasının nəticələri üzrə gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən gömrük orqanının rəisinə (onu əvəz edən şəxsə) raport təqdim olunur.
2.5. Raporta keşikçəkmə (patrulluq) və ya gömrük müşahidəsinin aparılması haqqında Məcəllənin 99-cu maddəsinə müvafiq olaraq tərtib edilmiş protokol əlavə olunur.
2.6. Keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması zamanı gömrük orqanının vəzifəli şəxsləri Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər.
2.7. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.6-cı bəndində göstərilmiş üsullardan və 1.7-ci bəndində göstərilmiş vasitələrdən istifadə olunur.
2.8. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsi xidməti geyim formasında aparılır.
2.9. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakı hallarda gömrük orqanının rəisinə (onu əvəz edən şəxsə) bildirməklə keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması yerini və ya marşrutunu tərk edə bilər:
2.9.1. gömrük qanunvericiliyi ilə bağlı hüquqpozmaların qarşısının alınması məqsədilə;
2.9.2. hüquqpozma törətmiş şəxsin və ya nəqliyyat vasitəsinin təqib edilməsi üçün;
2.9.3. hüquqpozma törətmiş şəxsin gömrük orqanının binasına gətirilməsi üçün;
2.9.4. fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görülməsi üçün;
2.9.5. nəqliyyat vasitəsinin xüsusi dayanacağa və digər yerlərə çatdırılması üçün;
2.9.6. digər bölmələrə köməklik göstərilməsi üçün;
2.9.7. hadisə yerinin mühafizəsi üçün;
2.9.8. qəfləti xəstəliklə əlaqədar;
2.9.9. müəyyən olunmuş vaxtlarda yemək üçün;
2.9.10. səlahiyyətli gömrük orqanının (vəzifəli şəxsin) göstərişi əsasında.
2.10. Keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılmasının təşkilinə, onun nəticələrinin düzgün rəsmiləşdirilməsinə görə gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs fərdi məsuliyyət daşıyır.
3.1. Gömrük müşahidəsi aparılma üsulundan asılı olaraq gömrük orqanının vəzifəli şəxsi tərəfindən birbaşa və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2012-ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları”nda göstərilmiş texniki nəzarət vasitələri tətbiq olunmaqla vasitəli şəkildə həyata keçirilir.
3.2. Gömrük müşahidəsi aparılma tezliyindən asılı olaraq sistematik və ya birdəfəlik həyata keçirilir.
3.3. Gömrük müşahidəsi gömrük orqanının vəzifəli şəxsi tərəfindən məqsədyönlü və aşkar əsaslarla, yəni malların və nəqliyyat vasitələrinin üzərində müşahidə aparılan şəxsə bildirilməklə həyata keçirilir.
3.4. Gömrük müşahidəsinin obyektləri gömrük nəzarəti altında olan bütün növ mallar və nəqliyyat vasitələri, sərnişinlərin əl yükü və müşayiət edilən baqajı, müşayiət olunmayan baqajı və beynəlxalq poçt göndərişləridir.
4.1. Məcəllənin 8-ci maddəsinə əsasən keşik çəkməni (patrulluğu) və gömrük müşahidəsini aparan gömrük orqanının vəzifəli şəxsinin vəzifələri aşağıdakılardır:
4.1.1. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;
4.1.2. gömrük qanunvericiliyinin pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;
4.1.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək;
4.1.4. gömrük nəzarətini həyata keçirmək və təkmilləşdirmək;
4.1.5. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;
4.1.6. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
4.1.7. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
4.1.8. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;
4.1.9. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
4.1.10. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək;
4.1.11. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;
4.1.12. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
4.1.13. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;
4.1.14. milli valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
4.1.15. müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;
4.1.16. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
5.1. Məcəllənin 9-cu maddəsinə əsasən keşik çəkməni (patrulluğu) və gömrük müşahidəsini aparan gömrük orqanının vəzifəli şəxsinin hüquqları aşağıdakılardır:
5.1.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək;
5.1.2. gömrük qanunvericiliyinə əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;
5.1.3. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq;
5.1.4. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
5.1.5. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq;
5.1.6. Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
5.1.7. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
5.1.8. gömrük nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;
5.1.9. gömrük qanunvericiliyində nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.
Gömrük qanunvericiliyində müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və gömrük müşahidəsini aparmaq hüququ məhdudlaşdırıla bilməz.
1. 30 dekabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312300001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 dekabr 2023-cü il)