16.1. Malların gömrük dəyərini bu Qanunun 13–15-ci maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Bəyannaməçinin seçimi əsasında bu Qanunun 16-cı və 17-ci maddələri istənilən ardıcıllıqla tətbiq edilir.
16.2. Dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır:
16.2.1. idxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr;
16.2.2. gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər;
16.2.3. malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği.
16.3. Dəyərləndirilən malların idxalı ilə eyni və ya təqribən eyni vaxtda bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan satış həyata keçirilməmişdirsə, gömrük dəyəri idxal olunan mallarla eyni və ya eynicinsli malların gömrük ərazisinə 90 (doxsan) gündən gec olmamaq şərtilə ən yaxın vaxtda satıldığı satış qiymətinə əsasən müəyyən olunur.
16.4. Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda, eyni və ya eynicinsli malların gömrük ərazisində idxal olunduğu vəziyyətdə satışı olmadıqda, idxalatçının xahişi ilə eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, emal olunmuş vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasında satış qiyməti əsas götürülür. Bu halda, dəyərləndirilən malların gömrük ərazisində sonradan yığılması, qablaşdırılması və növbəti emalı ilə əlaqədar xərclər, həmçinin bu Qanunun 16.2.1-ci - 16.2.3-cü maddələrində nəzərdə tutulan məbləğlər həmin qiymətdən çıxılır.
16.5. İdxalatçı tərəfindən təqdim edilən məlumatlarda uyğunsuzluq aşkar edildikdə, gömrük orqanının rəyinə əsasən mənfəətin və ümumi xərclərin məbləği təqdim olunan məlumatlardan fərqli məlumatlara əsasən müəyyən olunur.