“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri” və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 iyul 2012-ci il
1. İnformasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir:
1.1. sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
1.2. sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;
1.3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
1.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.
1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi və İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır və informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını müəyyən edir.
2. İnformasiya sahibi tərəfindən informasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.
3. Təqdim olunan informasiyanın həcmi aşağıdakılardan artıq olduqda, onun hazırlanıb təqdim edilməsinə görə ödəniş alınır:
3.1. 10 vərəq – A4 formatından;
3.2. 5 vərəq – A3 formatından;
3.3. 2 vərəq – A2 formatından;
3.4. 1 vərəq – A2 formatından böyük;
3.5. 1 meqabayt – elektron variantda təqdim olunduqda.
4. Bu Qaydaların 3-cü hissəsində qeyd olunan həcmdən artıq informasiya təqdim edildikdə informasiyanın göndərilməsinə, müxtəlif daşıyıcılarda təqdim edilməsinə, poçt xidmətlərinin göstərilməsinə və eyni zamanda sənədlərin surətlərinin və materialların hazırlanmasına görə informasiya alan ödəniş etməlidir.
5. İnformasiya sorğuçu tərəfindən informasiyanın hazırlanıb təqdim olunmasına görə məsrəflər tam ödənildikdən sonra təqdim edilir.
6. İnformasiya sahibi sorğuçuya yanlış və ya tam olmayan informasiya təqdim etdikdə, sorğuçunun ərizəsi əsasında əlavə ödəniş edilmədən düzəlişlər edilir.
7. İnformasiyanın əldə edilməsi üçün ödəniş bank, poçt, plastik kart və ya internet vasitəsilə həyata keçirilə bilər.
1. İnformasiya sahibi sorğuçuya haqqı qabaqcadan ödənilməklə aşağıdakı hallarda informasiyanı təqdim edir:
1.1. informasiyanın hazırlanaraq təqdim edilməsi məsrəf tələb etdikdə;
1.2. informasiyanın hazırlanaraq təqdim edilməsi üçün avadanlıqların alınması tələb olunduqda;
1.3. informasiyanın hazırlanaraq təqdim edilməsi üçün əlavə işçinin cəlb edilməsi tələb olunduqda.
1. Ödənişli informasiyanın verilməsi zamanı aşağıdakı şəxslərə güzəştlər edilir:
1.1. elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə;
1.2. ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə.
2. İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.
1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır.
2. Haqqı ödənilməklə göstərilən informasiya xidmətləri çərçivəsində informasiya sorğusunun təmin edilməsi informasiya sahibi ilə sorğuçu arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
3. Haqqı ödənilməklə informasiya əldə etmək istəyən şəxs müqavilənin bağlanması üçün informasiya sahibinə müraciət edir. İnformasiya sahibi 7 iş günü müddətində 2 nüsxədə müqavilə layihəsini hazırlayaraq imzalaması üçün sorğuçuya təqdim edir.
4. Sorğuçu müqavilə layihələrini 3 gün müddətində imzalayaraq geri qaytarır və ya layihəyə dair təkliflərini bildirir. Həmin təkliflərə informasiya sahibi tərəfindən 3 gün müddətində baxılır.
5. Təkliflər qəbul edildikdə müqavilə imzalanır, təkliflər qəbul edilmədikdə isə informasiya sorğuçusuna əsaslandırılmış cavab verilir.
6. İmzalanmış müqavilənin bir nüsxəsi informasiya sahibində, digər nüsxəsi isə sorğuçuda qalır.
7. İnformasiya sahibi ilə sorğuçu arasında müqavilə müəyyən müddətə və ya informasiyanın təqdim edilməsi müddətinə bağlanıla bilər.
8. Tərəflər arasında bağlanmış müqavilədə təqdim edilən informasiyanın tərkibi, əldə edilməsi məqsədləri, istifadə sahələri və üsulları, habelə tərəflərin vəzifələri, öhdəlikləri, ödənişin məbləği və şərtləri göstərilməlidir.
1. 12 fevral 2015-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 fevral 2015-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 223)