Qanunvericilik › Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 09.07.2021) › Tam mətn

Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 09.07.2021)

Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 09.07.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2021-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 7.1-3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və hava limanının nəzarət edilməyən zona kimi təsnifatlandırılmış hissəsinin təhlükəsizliyinin təmini üzrə tədbirlərə dair ümumi tələbləri müəyyən edir.

1.2. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla hazırlanmışdır.

1.3. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

1.4. Bu Qaydanın müddəaları Azərbaycan Respublikasının bütün mülki hava limanlarına şamil edilir.

1.5. Bu Qaydanın məqsədi hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmininə cavabdeh olan subyektlərin fəaliyyəti üçün normativ hüquqi baza yaratmaq, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri texniki vasitələrin və insan resurslarının düzgün və səmərəli bölgüsünü təmin etmək, mümkün təhdidlərin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi əsasında hava limanının nəzarət edilməyən zonalarının ən optimal nəzarət tədbirlərini müəyyən etməkdir.

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

2.1.1. aerovağzal - kommersiya daşımaları üzrə sərnişinlərin rəsmiləşdirilməsi və hava gəmilərinə minməsi, həmçinin yüklərin rəsmiləşdirilməsi və hava gəmilərinə yüklənməsi üçün nəzərdə tutulmuş əsas bina və ya tikililər kompleksi;

2.1.2. demarkasiya edilmiş zona - mühafizə olunan məhdud girişli zonadan girişə nəzarət vasitəsilə ayrılan ərazi;

2.1.3. insanın davranış xüsusiyyətlərinin müəyyən edilməsi (aviasiya təhlükəsizliyinin təmini sahəsində) - mülki aviasiya üçün potensial təhlükəli hesab olunan şəxslərin şübhəli davranışına dəlalət edən xüsusiyyətlərin (yüksək psixoloji gərginlik, qeyri-ixtiyari fizioloji və ya jest hərəkətləri, qorxu hissi də daxil olmaqla) müəyyən edilməsi;

2.1.4. mühafizə edilən məhdud girişli zona - hava limanının nəzarət edilən zonasının yüksək riskli hissəsi kimi müəyyən edilmiş və girişə nəzarət ilə yanaşı aviasiya təhlükəsizliyi üzrə digər nəzarət prosedurlarının tətbiq edildiyi hissəsi;

2.1.5. mühafizə edilən məhdud girişli zonanın kritik sahələri (kritik zona) - aeroporta məxsus buraxılış vəsiqəsi əsasında mühafizə edilən məhdud girişli zonaya giriş hüququ olan 40 nəfərdən artıq personalın daxil ola biləcəyi aeroport sahəsi, həmçinin aviasiya təhlükəsizliyi üzrə baxışdan keçmiş yola düşən sərnişinlərin daxil olduğu, eləcə də aviasiya təhlükəsizliyi üzrə baxışdan keçmiş qeydiyyata alınmış baqajın (mühafizə olunan baqaj istisna edilməklə) yerləşdiyi, yaxud saxlandığı aeroport sahələri;

2.1.6. nəzarət edilən zona - hava limanının girişə nəzarət edilən işçi sahəsi, ona bitişik ərazi və yaxınlıqda yerləşən binalar və ya onların bir hissəsi;

2.1.7. nəzarət edilməyən zona - hava limanının sərnişinlərin və digər şəxslərin məhdudiyyət qoyulmadan daxil ola biləcəyi hissəsi, ona bitişik ərazi və yaxınlıqda yerləşən binalar və ya onların bir hissəsi;

2.1.8. qeydiyyat yeri - sərnişinlərin, baqajın, yükün və poçtun qeydiyyatı üçün xüsusi avadanlıqlarla və vasitələrlə təchiz olunmuş yer.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məqsədilə hər bir hava limanında aparılan demarkasiya əsasında nəzarət edilməyən, nəzarət edilən, mühafizə edilən məhdud girişli və kritik zonalar arasındakı sərhədlər dəqiq müəyyən edilir.

3.2. Hava limanlarının bu Qaydanın 3.1-ci bəndində qeyd edilən zonalara bölünməsi və onların sərhədləri barədə məlumat şərti sxem şəklində aviasiya təhlükəsizliyi məsələləri üzrə məsul şəxs tərəfindən hava limanının aviasiya təhlükəsizliyi proqramına daxil edilir.

3.3. Hər bir hava limanında nəzarət edilməyən zonaların sərhədləri Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyası (bundan sonra - Aeroport Komissiyası) tərəfindən müəyyən edilir və dəqiq bölünməklə hava limanının coğrafi xəritəsində şərti sxem şəklində qeyd olunur.

3.4. Nəzarət olunan zonalara icazəsiz keçmək cəhdlərinin qarşısının alınması məqsədilə hava limanının nəzarət edilməyən və nəzarət edilən zonaları arasında aydın seçilən fiziki sədlər quraşdırılır.

3.5. Hava limanının Aeroport Komissiyası və aviasiya təhlükəsizliyi xidməti tərəfindən keçirilən risklərin qiymətləndirilməsi əsasında, nəzarət edilməyən zonaların təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər kompleksi müəyyən edilir, onların yerinə yetirilməsi üzrə vəzifələr bölüşdürülür və konkret icraçı qurumlar müəyyən edilir.

3.6. Nəzarət edilməyən zonaların təhlükəsizliyinin təmin edilməsi üçün hava limanında aidiyyəti dövlət orqanları (qurumları) və digər təşkilatlar arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini və nəzarəti Aeroport Komissiyası həyata keçirir.

4.1. Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmini üzrə nəzərdə tutulan tədbirlər səmərəli, dəqiq, dayanıqlı və mütənasib olmalıdır.

4.2. Hava limanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə aerovağzal kompleksinin ictimai zonalarına aviasiya təhlükəsizliyi xidmətinin personalı, mühafizə bölmələrinin dəstələri və polis orqanlarının əməkdaşları tərəfindən texniki vasitələrdən istifadə etməklə daim nəzarət olunur.

4.3. Şübhəli davranışı ilə fərqlənən şəxslərin aşkar edilməsi, onların qanunazidd hərəkətlərinin qarşısının alınması və qanunsuz müdaxilə aktları üçün əlverişli olan zəif yerlərin müəyyən edilməsi məqsədilə nəzarət edilməyən zonalarda videomüşahidə, patrul xidməti və fiziki nəzarət tədbirləri həyata keçirilir.

4.4. Videomüşahidə, patrul xidməti və fiziki nəzarət tədbirlərinin tətbiqi formaları və mütəmadiliyi hava limanındakı istehsalat prosesi, iş qrafiki və təhlükəsizlik zonalarının sayı ilə müəyyən edilir.

4.5. Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmini üzrə tədbirlərin səmərəliliyinin və müdafiə səviyyəsinin yüksəldilməsi məqsədilə videomüşahidə, fiziki nəzarət, aşkar və ya gizli aparılan keşikçəkmə (patrulluq) tədbirləri gözlənilməzlik prinsipi əsasında, yəni qeyri-müntəzəm olaraq seçmə yolu ilə müəyyən edilmiş yerlərdə həyata keçirilir.

4.6. Gözlənilməzlik prinsipi üzrə keçirilən tədbirlər Aeroport Komissiyası və aviasiya təhlükəsizliyi xidməti tərəfindən keçirilən risklərin qiymətləndirilməsi əsasında seçilir və onların hansı sahələrdə tətbiq edilməsi hava limanının fərdi xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.

4.7. Sərnişin terminallarında ehtimal olunan silahlı basqının qarşısının alınması üçün aşağıdakı tədbirlər görülməlidir:

4.7.1. yüksək riskli aviaşirkətləri və reysləri müəyyən etmək;

4.7.2. yüksək riskli reyslərin qeydiyyatı duracaqlarının yanında olan sərnişinlərin silahlı hücumlardan qorunması üçün tədbirləri planlaşdırmaq və həyata keçirmək;

4.7.3. yüksək riskli aviaşirkətlərin reyslərinin qeydiyyatım xüsusi ayrılmış zonalarda həyata keçirmək.

4.8. Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmini üçün insanların davranış xüsusiyyətlərinin müəyyən edilməsi, yəni potensial təhlükəli şəxslərin şübhəli davranışına dəlalət edən xüsusiyyətlərin aşkarlanması metodlarından istifadə olunur.

4.9. İnsanların davranış xüsusiyyətlərinin müəyyən edilməsi, şübhəli əlamətlərin öyrənilməsi və sistemləşdirilməsi hava limanının nəzarət edilməyən bütün zonalarında, əsasən də aerovağzal kompleksinin giriş qapılarında, sərnişinlərin əl yükü və baqajları ilə birlikdə toplanıldığı qeydiyyat duracaqlarının yanındakı sahələrdə və gözləmə zallarında həyata keçirilir.

4.10. Təhlükəli maddə və (və ya) predmetlər gizlədilə biləcək yerlər, o cümlədən sanitar qovşağı, pilləkənlər, pilləkən altları, oturacaqların altı və zibil qabları daim müşahidə altında saxlanılır və mütəmadi baxışdan keçirilir.

4.11. Sərnişin terminallarında nəzarətsiz qoyulmuş və ya sahibsiz qalmış bağlama və digər əşyalar barəsində dərhal aviasiya təhlükəsizliyi xidmətinin personalına və polis orqanlarının əməkdaşlarına məlumat verilməlidir.

4.12. Sahibsiz qalmış əşyalar saxlanca qəbul edilməzdən əvvəl aviasiya təhlükəsizliyi xidməti tərəfindən yoxlanılır və onların saxlanc yerlərində etibarlı mühafizəsi təşkil olunur.

4.13. Hava limanının mühafizə xidmətlərinin və polis orqanlarının əməkdaşları tərəfindən hava limanının giriş yollarına nəzarət edilir, həmin yolların sərnişin və yük terminallarının yaxın hissəsində nəqliyyat vasitələrinin nəzarətsiz saxlanılmasının qarşısının alınması üzrə tədbirlər görülür.

4.14. Nəqliyyat vasitələri və onların dayanacaqları sərnişin və yük terminallarından ən azı 50 metr aralıda yerləşdirilir.

4.15. Nəqliyyat vasitələrinin aerovağzal binalarından 50 metrədək məsafədə qısa və ya uzun müddətə dayanmasının qarşısını almaq üçün xəbərdaredici lövhələr qoyulur.

4.16. Nəqliyyat vasitələrinin səkiyə çıxarılmasına və ya nəqliyyat vasitələrindən istifadə etməklə (taran) həyata keçirilməsi mümkün olan təxribatların qarşısının alınması məqsədilə aerovağzal binasının qarşısında qoruyucu maneə sistemləri quraşdırılır.

4.17. Sərnişin və yük terminallarına giriş yollarında, binalara yaxın məsafədə nəzarətsiz və ya icazəsiz saxlanılmış nəqliyyat vasitələri təhlükəsizlik məqsədilə evakuasiya (təxliyə) edilir.

4.18. Sərnişin və yük terminallarına aparan giriş yollarında nəqliyyatın hərəkətinin səmərəli tənzimlənməsi üçün yollar şəxsi nəqliyyat vasitələri, ictimai nəqliyyat (məsələn, taksi, avtobus) və operativ nəqliyyat vasitələri üçün bölünməlidir.

4.19. Sərnişin terminallarında əsas təhlükəsizlik qaydaları haqqında (lövhələrdə, plakatlarda, elektron tablolarda və ya radioelanlar vasitəsilə) ictimaiyyətə məlumat verilir, sərnişinlərə əşyalarını nəzarətsiz qoymamaları, şübhəli şəxslər və onların hərəkətləri barədə aviasiya təhlükəsizliyi xidmətinin personalına və ya polis orqanlarının əməkdaşlarına dərhal məlumat vermələri haqqında mütəmadi olaraq radioelanlar edilir.

4.20. Bu Qaydanın 4.19-cu bəndində qeyd edilən xəbərdaredici lövhələr aerovağzal kompleksinin girişində, gözləmə zalında, qeydiyyat və baxış üçün nəzərdə tutulmuş yerlərdə, həmçinin aviabiletlərin satış yerlərində quraşdırılır.

4.21. İşə yeni qəbul edilmiş işçilərə hava limanlarına buraxılış vərəqələrinin verilməsi zamanı keçirilən aviasiya təhlükəsizliyi üzrə təlimatlandırma prosesində hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmini üzrə tədbirlər və qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə işçilərin hərəkətləri barədə ümumi məlumat verilir.

4.22. Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmini məsələləri hava limanında fəaliyyət göstərən personalın aviasiya təhlükəsizliyi üzrə hazırlığı proqramına daxil edilir.

1. 4 aprel 2022-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 381)

2. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver