“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
1. “Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”nin təsdiq edilməsi barədə” nazirlik üzrə 2002-ci il 7 dekabr tarixli 35 ‑ T nömrəli əmr (29.12.2002-ci il tarixli 2947 nömrəli Şəhadətnamə) və “Təqsirləndirilən şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2009-cu il 29 mart tarixli 11‑T nömrəli əmr (15.05.2009-cu il tarixli 3447 nömrəli Şəhadətnamə) ləğv edilsin.
3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli 31-N nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Təlimat Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq və məhkumlarla (həbs edilmiş şəxslərlə) rəftara dair beynəlxalq aktların tələbləri nəzərə alınmaqla işlənib hazırlanmış və həbs edilmiş şəxslərin və məhkumların (bundan sonra — məhbuslar) müşayiət edilməsi qaydalarını, habelə müşayiətetməni həyata keçirən işçi heyətinin hüquq və vəzifələrini müəyyən edir.
1.2. Bu Təlimatda aşağıdakı anlayışlardan istifadə edilir:
1.2.1. Məhbus – silahlı mühafizə altında müşayiət olunan məhkum və ya həbs edilmiş şəxs;
1.2.2. Müşayiətetmə – məhbusların silahlı mühafizə altında müşayiət edilməsi, onların təcrid olunması və təyin olunmuş məntəqəyə çatdırılması;
1.2.3. Konvoy – məhbusların mühafizə altında müşayiət edilməsi məqsədi ilə təyin edilmiş silahlı və xüsusi təchiz edilmiş əməkdaşlardan ibarət qrup;
1.2.4. Mühafizə xətti – mühafizə olunan obyektin sərhədlərini müəyyən edən və həbs edilmiş şəxslər, məhkumlar, habelə digər şəxslər tərəfindən keçilməsi qadağan edilən şərti xətdir. Həbs edilmiş şəxslərin və məhkumların nəqliyyat vasitələrinə mindirilməsi və nəqliyyat vasitələrindən düşürdülməsi, habelə məhkəmələrin inzibati binalarında müşayiət zamanı qarovul heyəti tərəfindən mühafizə edilən sahənin sərhədləri mühafizə xətti hesab olunur.
1.2-1. Məhbusların müşayiəti dövlət hesabına həyata keçirilir və onların daşınması zamanı anonimliyin və konfidensiallığın təmin edilməsi üçün tədbirlər görülür.
1.3. Məhbusların müşayiəti zamanı onlarla rəftarda işgəncələrə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi, onların havası dəyişilməyən və işıqlandırılmayan şəraitdə daşınması qadağandır.
1.4. Məhbusların müşayiəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin (bundan sonra Penitensiar xidmət) müşayiətetmə qurumu — Konvoy taboru tərəfindən həyata keçirilir. Bu qurumun əsas vəzifəsi məhbusların istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, dəyişmə məntəqələrinə, məhkəmələrə, cəzaçəkmə müəssisələrinə (müalicə müəssisələrinə), tibb və ekspertiza müəssisələrinə, habelə istintaq hərəkətlərinin aparılması və ekstradisiya ilə əlaqədar müşayiət edilməsindən ibarətdir.
1.5. Müşayiətetməni həyata keçirən şəxslərə məhbusların müşayiət edilməsi ilə əlaqədar olmayan tapşırıqların verilməsi və yaxud onların üzərinə digər vəzifələr qoyulması qadağandır.
2.1. Məhbusların müşayiəti müəyyən edilmiş formada yazılı sifariş (Əlavə 1) əsasında həyata keçirilir.
2.2. Sifarişdə aşağıdakı məlumatlar göstərilir:
2.2.1. məhbusun adı, atasının adı, soyadı, təvəllüdü, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirilir və ya məhkum edilmişdir;
2.2.2. məhbusun saxlandığı yer;
2.2.3. məhbusun müşayiət edilməsi üçün sifarişin verilməsinə əsas olan sənəd;
2.2.4. məhbusun müşayiət edilməsinin məqsədi və müşayiət edilməli olduğu ünvan;
2.2.5. məhbusun müəyyən edilmiş yerə gətirilmə tarixi və saatı;
2.2.6. məhbus eyni zamanda başqa iş üzrə şahid qismində çağırıldıqda, bu barədə sifarişdə qeyd;
2.2.7. müşayiət zamanı məhbusun (məhbusların) saxlanma rejimi (biri-birindən təcrid olunması və s.);
2.2.8. sifarişi verən vəzifəli şəxsin adı və soyadı, vəzifəsi, sifarişin verilmə tarixi.
2.3. Sifariş onu verən qurumun rəhbəri tərəfindən imzalanır və həmin qurumun möhürü ilə təsdiq edilir.
2.4. Sifarişlər müşayiət etmənin başlanmasına ən azı beş iş günü qalmış verilməli və Penitensiar xidmətin baş idarəsinə ünvanlanmalıdır. Penitensiar xidmətin baş idarəsi daxil olmuş sifarişlərin qanuna uyğunluğunu yoxlayır və icra üçün Konvoy taboruna, surətini isə məlumat üçün məhbusun saxlanıldığı penitensiar müəssisənin müdiriyyətinə göndərir.
2.5. Sifarişlər məhbusların aşağıda göstərilən yerlərə (orqan və müəssisələrə) müşayiət edilməsi üçün göndərilir:
2.5.1. istintaq təcridxanalarına;
2.5.2. müvəqqəti saxlanma yerlərinə;
2.5.4. cəzaçəkmə müəssisələrinə;
2.5.5. istintaq hərəkətlərinin həyata keçirildiyi yerə;
2.5.6. tibb və ekspertiza müəssisələrinə;
2.5.7. məhbusların digər dövlətlərə verilməsi və ya onlardan qəbulu üçün.
2.6. Məhbusların müşayiət edilməsi barədə sifariş verilməsi üçün əsaslar aşağıdakılardır:
2.6.1. məhkəmənin, prokurorun və ya istintaq orqanının gətirilmə (aparılma) haqqında qərarı;
2.6.2. məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı və ya şəxsin azadlıqdan məhrum edilməsi barədə hökmü;
2.6.3. tibbi yardım göstərilməsi məqsədilə məhbusların müalicə müəssisələrinə yerləşdirilməsi barədə Tibb baş idarəsinin göndərişi;
2.6.4. təcili tibbi yardım göstərilməsi məqsədilə məhbusun müalicə və tibb müəssisələrinə müşayiəti üçün Penitensiar xidmətin Baş idarəsinin göstərişi;
2.6.5. penitensiar müəssisələrdə daxili qaydanın və məhbusların şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədilə Penitensiar xidmətin Baş idarəsinin göstərişi.
3.1. Müşayiətetmə üzrə tapşırıqları yerinə yetirmək üçün Konvoy taborundan xüsusi silahlı dəstə-qarovul təyin olunur.
3.2. Qarovul heyətinə aşağıdakı şəxslər təyin olunurlar:
3.2.1. qarovul rəisi;
3.2.2. qarovul rəisinin köməkçisi;
3.2.3. post və növbənin sayına görə mühafizəçilər;
3.2.4. nəqliyyat vasitəsinin sürücüsü;
3.2.5. aşpaz (müşayiət müddəti bir gündən çox olduqda).
3.3. Qarovulun say tərkibi üç nəfərdən az olmamaqla təyin olunmuş postların sayına görə müəyyən edilir.
3.4. Həvalə olunmuş postun mühafizəsi və müdafiəsi üzrə tapşırıqları yerinə yetirən silahlı qarovul nəfəri mühafizəçi adlanır. Mühafizəçiyə mühafizə və müdafiə üçün tapşırılmış yer və sahə post adlanır. Mühafizəçilər xüsusi rütbəsi olan kiçik rəis heyətindən, habelə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərdən və çavuşlardan təyin olunurlar.
3.5. Qarovul adi və ya gücləndirilmiş olur. Qarovulun heyəti və növü Konvoy taborunun komandiri tərəfindən müəyyən edilir. Adi qarovul aşağıdakı nisbətlər üzrə təyin edilir:
3.5.1. bir nəfər məhbusa üç nəfər mühafizəçi;
3.5.2. iki nəfər məhbusa dörd nəfər mühafizəçi;
3.5.3. üç nəfər məhbusa beş nəfər mühafizəçi;
3.5.4. dörd nəfər məhbusa altı nəfər mühafizəçi;
3.5.5. beş nəfər məhbusa yeddi nəfər mühafizəçi və s.
3.6. Müşayiət edilən şəxsin qaçmaq, qarovula basqın etmək, özünə yaxud ətrafındakılara zərər yetirmək niyyəti haqqında məlumat alındıqda, habelə kütləvi iğtişaşlar və itaətsizliklər zamanı, döyüş xidməti aparıldığı yerdə və ya onun yaxınlığında fövqəladə hadisə baş verərsə və yaxud Penitensiar xidmətin rəhbərliyinin göstərişi ilə, habelə mürəkkəb şəraitdə gücləndirilmiş qarovul təyin edilir. Adi qarovula qarovul rəisi Konvoy taborunun bölük komandiri tərəfindən kiçik rəis heyətindən, gücləndirilmiş qarovula qarovul rəisi isə Konvoy taborunun komandiri tərəfindən orta rəis heyətindən təyin olunur.
3.7. Qarovullar müşayiətetmə növünə görə aşağıdakılara bölünür:
3.7.1. planlı — hava və ya su gəmisi, xüsusi vaqon, xüsusi avtomobil və təyin olunmuş marşrutlar üzrə müəyyən edilmiş vaxtlarda yol boyu dəyişmə məntəqələrində məhbusların qəbul olunub təhvil verilməsi üçün;
3.7.2. qarşılama — məhbusların xüsusi avtomobil ilə istintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən dəyişmə məntəqələrinə və geriyə müşayiəti üçün;
3.7.3. birbaşa — məhbusların hava və ya su gəmisi, xüsusi vaqon, xüsusi avtomobil və ya gəmi ilə qəbul məntəqəsindən təyin olunmuş məntəqəyə müşayiəti üçün;
3.7.4. xüsusi — əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xüsusi təhlükəli məhbusların, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin hava və ya su gəmisi, xüsusi vaqon, xüsusi avtomobil ilə təyin olunmuş məntəqəyə müşayiəti üçün;
3.7.5. məhkəmə prosesi üzrə — məhbusların hava və ya su gəmisi, xüsusi vaqon, xüsusi avtomobil ilə məhkəmələrə və geriyə müşayiəti, habelə məhkəmə iclası zamanı onların mühafizəsi üçün;
3.7.6. eşelon — 300 nəfərdən az olmayan məhbusların xüsusi vaqon, xüsusi avtomobillər və su gəmiləri ilə təyin olunmuş məntəqəyə müşayiəti üçün.
3.8. Qarovulun məhbusları qəbul etdiyi və ya təhvil verdiyi istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, dəmiryol stansiyaları, dəniz, çay, hava limanları, daxili işlər orqanlarının idarə, şöbə və bölmələri dəyişmə məntəqələri sayılır.
3.9. Planlı və birbaşa qarovullar tərəfindən müşayiət marşrutunda istifadə olunan nəqliyyat vasitəsinin növündən asılı olaraq, qarovullar dəmiryol, hava, su və avtomobil yol müşayiətetməsinə ayrılır. Avtomobil yol marşrutu istisna olmaqla, məhbusların digər marşrutlar üzrə müşayiəti yalnız təhvil veriləcək dəmiryol vağzalı və stansiyalarına (dəniz, çay və hava limanları) qədər həyata keçirilir. Məhbusların dəyişmə məntəqəsindən istintaq təcridxanasına, müvəqqəti saxlama yerinə və cəzaçəkmə müəssisəsinə müşayiəti qəbul edən orqanın qüvvəsi ilə həyata keçirilir. Bu Təlimatın 3.2-ci bəndində göstərilənlərdən əlavə, qarovul heyətinə aşağıdakı şəxslər təyin olunurlar:
3.9.1. xüsusi vaqonla müşayiət üçün planlı (birbaşa) qarovula iki qarovul rəisinin köməkçisi;
3.9.2. bir neçə xüsusi avtomobillə müşayiət zamanı hər xüsusi avtomobilə bir qarovul rəisinin köməkçisi;
3.9.3. məhkəmə qarovullarına hər məhkəmə iclas zalına bir qarovul rəisinin köməkçisi.
3.10. Konvoy taborunun komandirinin qərarına əsəsən hər konkret hal üçün ümumi məhkəmə qarovulları ilə yanaşı, məhkəmə iclas zallarına müstəqil qarovullar ayrılır.
3.11. Eşelon qarovuluna bu Təlimatın 3.2-ci bəndində göstərilənlərdən əlavə aşağıdakı şəxslər təyin olunurlar:
3.11.1. qarovul rəisinin xidmət üzrə müavini;
3.11.2. qarovul rəisinin təchizat üzrə müavini;
3.11.3. tibb işçisi (həkim və ya feldşer);
3.11.4. iki nəfərədək elektromexanik;
3.11.5. fövqəladə hallar üçün nəzərdə tutulmuş beş nəfərdən çox olmayan əlavə ehtiyat qrupu.
3.12. Qarovulun sayı yerinə yetirilən tapşırığın xarakteri ilə müəyyənləşdirilir və aşağıdakı saydan az olmamalıdır:
3.12.1. xüsusi vaqonda — səkkiz nəfər (eşelon tərkibində beş və ya altı nəfər);
3.12.2. xüsusi avtomobildə — dörd nəfər (qarovul heyətinin digər üzvləri isə xidməti avtomobil ilə hərəkət edir, bu zaman xidməti avtomobilin heyəti iki nəfərdən az olmamalıdır);
3.12.3. məhkəmə zalında, hava gəmisində, sərnişin vaqonunun kupesində — üç nəfər;
3.12.4. gəmidə — on iki nəfər;
3.12.5. katerdə — yeddi nəfər;
3.12.6. dəyişmə məntəqəsində — yeddi nəfər. Üç nəfərdən ibarət qarovul heyətində qarovul rəisinin köməkçisi xidməti postda aparır.
3.13. Nəqliyyat vasitəsilə müşayiətetmə zamanı postlara mühafizəçilər təyin edilir:
3.13.1. xüsusi vaqonda — məhbusların kameraları qarşısında bir nəfər, gücləndirilmiş variantda isə iki nəfər;
3.13.2. sərnişin vaqonunun kupesində bir nəfər pəncərənin, bir nəfər isə çıxış qapısının qarşısında;
3.13.3. xüsusi avtomobillərdə — avtomobilin hərəkəti zamanı kameraların qarşısında bir və ya iki mühafizəçi, xüsusi avtomobil dayanarkən isə sürücü qabaq sol tərəfdə, bir silahlı mühafizəçi isə xüsusi avtomobilin arxa sağ tərəfində postlara təyin edilir;
3.13.4. sərnişini olan hava gəmisində — məhbusların qarşısındakı və arxasındakı oturacaqlarda, onların sağ və sol tərəfində;
3.13.5. xüsusi ayrılmış, sərnişinsiz hava gəmisində — salonun qabaq və arxa hissəsində, giriş, qəza və yük qapılarının qarşısında.
3.14. Məhkəmələrdə postlara mühafizəçilər təyin olunur:
3.14.1. məhbusların saxlandığı kameraların qarşısında;
3.14.2. məhkəmə iclas zalında məhbusların yerləşdirildiyi mühafizə olunan sahə ilə məhkəməyə sədrlik edən şəxs və məhkəmə zalı tərəfdən. Məhbusların xüsusi avtomobildən xüsusi vaqonlara, hava gəmilərinə və geriyə piyada müşayiəti zamanı mühafizəçilər məhbusların dövrəsində iki cərgədə iki metr və on beş metr məsafədə aralı.
3.15. Müşayiətetmə zamanı əlavə olaraq müvəqqəti postlar təyin olunur:
3.15.1. məhbusların mindirilməsi (düşürdülməsi) zamanı başlanğıc məntəqədə planlı qarovulun, hərəkət yolunda olan dəyişmə məntəqələrində isə qarşılanma qarovulunun tərkibindən xüsusi vaqonun girişinin əks tərəfində, xüsusi vaqonun işlək tamburunda, ondan səkkiz-on metr aralıda, hava və su gəmisinin giriş pilləkənində və başqa yerlərdə;
3.15.2. məhbusların xüsusi avtomobildən saxlama kamerasına, məhkəmə iclas zalına, ayaqyoluna və geriyə müşayiəti zamanı dəhlizlərdə, pilləkənlərdə, meydançalarda və qaçmaq üçün əlverişli olan başqa yerlərdə.
3.16. Müşayiət etmənin yerinə yetirilməsi haqqında qərar qəbul edir:
3.16.1. Penitensiar xidmət rəisi — xüsusi, birbaşa və eşelon qarovulları barədə;
3.16.2. Konvoy taborunun komandiri — planlı və birbaşa (avtomobil yol marşrutu üzrə), xüsusi əhəmiyyətli məhkəmə iclasları üçün qarovullar barədə;
3.16.3. Konvoy taborunun bölük komandirləri — məhkəmə və qarşılama qarovulları barədə.
3.17. Qərarda göstərilir:
3.17.1. tapşırıq, onun yerinə yetirilmə vaxtı və qaydası;
3.17.2. mühafizənin və müşayiətin etibarlı təminatı üçün tədbirlər;
3.17.3. qarovulun tərkibi, qarovul heyətinin sayı və silahı;
3.17.4. qarovulun təminatı;
3.17.5. nəqliyyat vasitələrinin, şəxsi heyətin, məhbusların daşınması üçün hazırlıq vaxtı;
3.17.6. xidmətin yerinə yetirilməsinə nəzarətin təşkili.
3.18. Şəraitdən, müşayiətetmə üzrə tapşırığın xarakterindən asılı olaraq qərarda digər məsələlər də nəzərdə tutulur.
3.19. Müşayiətetmə Penitensiar xidmət rəisinin və Konvoy taborunun komandirinin əmrinə əsasən həyata keçirilir. Konvoy taborunun bölük komandirlərinin qərarları isə döyüş xidməti kitabına yazılır.
3.20. Qarovulların döyüş xidmətinə hazırlığı Konvoy taborunun komandiri tərəfindən təsdiq olunmuş plan əsasında təşkil olunur.
3.21. Qarovul rəislərinin və onların köməkçilərinin təlimatlandırılmasını, qarovulların xidmətinin yoxlanılmasını, onlara əmrlərin verilməsini və xidmətin yekununu keçirirlər:
3.21.1. Konvoy taborunun komandiri (onun müavinləri) — eşelon, xüsusi, birbaşa, məhkəmə (xüsusi əhəmiyyətli məhkəmə iclaslarına) planlı qarovulları ilə;
3.21.2. Konvoy taborunun bölük komandirləri (onun müavinləri) məhkəmə, qarşılama və digər əlavə qarovullar ilə.
3.22. Qarovulun şəxsi heyəti təlimatlandırılarkən onlara məhbusların qəbulu, müşayiəti, mühafizəsi, təhvil verilməsi zamanı müşayiət edilən şəxslərə məhbusların özlərində saxlamalarına, istifadəsinə, gəzdirmələrinə, daşımalarına icazə verilməyən əşya və malların verilməsinə və ya ötürülmələrinə görə cinayət məsuliyyəti daşıya biləcəkləri barədə xəbərdarlıq edilir.
3.23. Konvoy taborunun qərargahı yeni planlı marşrutun açılması üzrə təkliflər hazırlayarkən aşağıdakıları müəyyən edir:
3.23.1. marşrutun başlanğıc və son məntəqəsini, marşrutun keçdiyi yaşayış məntəqələrini;
3.23.2. planlı qarovulun müntəzəmliyini, nəqliyyatın növünü və marşrutun nömrəsini (hava gəmisinin reysini, gəminin adını);
3.23.3. məhbusların qəbul ediləcəyi və təhvil veriləcəyi stansiyalar və qarşılama qarovullarını təmin edən, müşayiətetməni həyata keçirən ərazi polis orqanlarını.
3.24. Hər bir dəmir yol planlı marşrutuna Konvoy taborunun qərargahı və Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət qurumunun xüsusi daşıma qrupu (bundan sonra DİN-in xüsusi daşıma qrupu) ilə birlikdə borcludurlar:
3.24.1. xüsusi vaqonlara olan tələbatı öyrənmək və uçotunu aparmaq;
3.24.2. başlanğıc, qoşulma və sonuncu məntəqələrdə xüsusi vaqonlara texniki baxış keçirməsini təminetmə qaydalarını müəyyən etmək;
3.24.3. məhbusların mindirmə-düşürtmə zamanı etibarlı mühafizəsini həyata keçirmək və xüsusi avtomobillərin xüsusi vaqonlara yaxınlaşması üçün əlverişli yerləri müəyyən etmək;
3.24.4. qatarın tərkibində xüsusi vaqonun yerini müəyyən etmək.
3.25. Xüsusi, birbaşa və eşelon qarovulları təşkil olunarkən Penitensiar xidmətin rəhbərliyi və Konvoy taborunun komandiri borcludurlar:
3.25.1. DİN-in xüsusi daşınma qrupu və göndərən təşkilat ilə dəyişmə məntəqələrini, müşayiət marşrutunu, qarovulun yolda olma müddətini dəqiqləşdirmək;
3.25.2. eşelon qarovullarının ərzaq, su, yanacaq ilə təmin edilməsi və sanitar təmizləmə məntəqələrini müəyyən etmək;
3.25.3. lazım olan nəqliyyat vasitələrinin sayı və kim tərəfindən ayrılmasını müəyyən etmək;
3.25.4. göndərən təşkilat ilə qarşılıqlı əlaqə saxlamaq;
3.25.5. müşayiət zamanı mühafizə sistemini yaratmaq.
3.26. Məhbusların istintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən birbaşa qarovulla müşayiəti həyata keçirilir:
3.26.1. xüsusi vaqonlarla — məhbusların ümumi sayı əlli nəfərdən artıq olduqda, habelə yetkinlik yaşına çatmayanların, üç yaşına qədər uşaqlı qadınların, vərəm xəstəliyinə tutulmuşların sayı 30 nəfərdən çox olduqda;
3.26.2. xüsusi avtomobillərlə — müşayiət marşrutu iki yüz kilometrdən çox olmamaq şərti ilə və hamiləliyi altı aydan yuxarı olan və ya himayəsində üç yaşına qədər uşağı olan qadınlar olduqda;
3.26.3. hava gəmisi ilə — xüsusi hallarda, əgər başqa nəqliyyat vasitələrindən istifadə etmək mümkün deyilsə, habelə böyük məsafələr, müşayiət vaxtı digər nəqliyyat vasitələri ilə daşınma zamanı bir sutkadan artıq olarsa, himayəsində üç yaşına qədər uşağı olan və altı aydan yuxarı hamiləliyi olan qadınlar;
3.26.4. sərnişin vaqonunun kupesində — mühafizə altından qaçanlar tutulduqdan sonra onların müşayiəti üçün digər nəqliyyat vasitələrindən istifadə etmək mümkün olmadıqda.
3.27. Xüsusi vaqon ilə birbaşa qarovulla müşayiət zamanı marşrut üzrə yerləşən iki-üç məntəqədə məhbusların qəbuluna və təhvil verilməsinə icazə verilir.
3.28. Müşayiətetmə üçün təyin olunan qarovulların mühafizə planını Konvoy taborunun qərargahı işləyib hazırlayır və Konvoy taborunun komandirinə məruzə edir.
3.29. Planlı (dəmiryol) qarovulunun mühafizə planına (mühafizə sxemi, post tabeli, qarovul heyətinin təlimatı və qarovulun hadisələr zamanı döyüş hesabatı), həmçinin qatarın marşrut cədvəli, eşelon qarovullarına isə xidməti rabitənin, aşkaretmə avadanlıqlarının və mühafizə işığının sxemləri əlavə olunur.
3.30. Xüsusi avtomobil ilə müşayiətetmə sxemində əsas və ehtiyat marşrutları göstərilir.
3.31. Postların tabelində və döyüş hesabatında qarovul heyətinin xüsusi vəzifələri və onların xidmətinin bütün mərhələlərində baş verə biləcək fövqəladə hallarda qarovul heyətinin hərəkəti göstərilir.
3.32. Xüsusi vaqonlar texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır.
3.33. Xüsusi vaqonlarda xidmət üçün dəmiryol rəhbərliyi tərəfindən təcrübəli və təlimatlandırılmış kişi bələdçilər təyin olunur. Sərnişin vaqonunun kupesində məhbusların müşayiəti zamanı vaqonun bələdçisi qarovulun heyətinə hərtərəfli kömək göstərməyə borcludur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsinə bələdçilərin məhkumluğu barədə sorğu edilir. Əvvəllər məhkum olunmuş bələdçinin xüsusi vaqonlara təyin olunmasından imtina barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunur.
3.34. Məhbusların müşayiəti üçün nəzərdə tutulmuş xüsusi vaqonlar və avtomobillər Konvoy taborunun komandirinin qərarı ilə, yalnız öz təyinatı üzrə istifadə olunur.
3.35. Xüsusi vaqonların texniki vəziyyətinə, onların xidmətə hazırlığına, vaxtlı-vaxtında təmirə göndərilməsinə, məhbusların mindirilmə (düşürdülmə) məntəqələrinin təyin olunmasına nəzarət DİN-in xüsusi daşınma qrupu və Konvoy taborunun qərargahı tərəfindən həyata keçirilir.
3.36. Xüsusi avtomobillər, həmçinin onların texniki rabitə qurğuları həmişə tam işlək vəziyyətdə olmalıdır.
3.37. Yanğınsöndürmə vasitələri və eyni tipli kamera qıfılları ilə təmin olunmayan, qəza çıxışları, siqnalizasiya və işıqlandırma sistemi, kameraların qıfılları işlək vəziyyətdə olmayan, banın divarları, döşəməsi və tavanı zədəli olan, səsboğan borusu bandan kənara çıxarılmayan xüsusi avtomobillərdən istifadə etmək qadağandır.
3.38. Hava gəmiləri və sərnişin vaqonları ilə xüsusi reyslər üzrə müşayiət Penitensiar xidmət rəisinin qərarı ilə həyata keçirilir.
3.39. Məhbusların daşınması üçün aşağıdakı nəqliyyat vasitələrinin ayrılmasına sifarişlər müvafiq qarovulun yola düşməsinə ən azı beş iş günü (məhbusların daşınması təcili tələb edildiyi hallar istisna olmaqla) qalmış verilir:
3.39.1. hava gəmilərinə — “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə;
3.39.2. xüsusi vaqonlara — DİN-in xüsusi daşınma qrupuna;
3.39.3. gəmilərə — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə.
3.40. Planlı müşayiətetmə zamanı xüsusi vaqonlar — sərnişin, poçt və yük qatarlarına qoşulur.
3.41. Xüsusi vaqonların avadanlığına, saxlanılmasına, istifadə edilməsinə və təmirinə nəzarət etmək üçün Konvoy taborunun tərkibində komendant — dispetçer xidməti təşkil olunur. Bu tapşırıqların yerinə yetirilməsi xüsusi vaqonlar parkının komendantına və onun köməkçilərinə həvalə olunur.
3.42. Xüsusi vaqon parkının komendantı cavabdehdir:
3.42.1. xüsusi vaqonların saz vəziyyətdə saxlanmasına və vaqonların reysə vaxtında hazırlığına;
3.42.2. başlanğıc məntəqədə yol sənədlərinin hazırlanmasına;
3.42.3. xüsusi vaqonların təyin edilmiş yerə çəkilməsinə;
3.42.4. dəmiryol rəhbərliyi tərəfindən bələdçilərin ayrılmasına.
3.43.1. planlı (birbaşa) qarovulları qarşılamağa, qarovul rəislərindən xüsusi vaqonların, məhbusların sayı, rejimi, hansı məntəqəyə müşayiət olunması barədə məlumatları müşayiətetmə qurumunun qərargahına və ya növbətçi hissəsinə vermək;
3.43.2. xüsusi vaqonun yeri barədə qarşılama qarovullarının rəislərinə məlumat vermək;
3.43.3. xüsusi vaqonların yol sənədlərini vaxtında tərtib etmək, stansiya üzrə növbətçiyə başlanğıc məntəqədə vaqonun qatara qoşulması haqqında sifariş vermək;
3.43.4. xüsusi vaqonların reysə vaxtlı-vaxtında hazırlanmasına, təyin olunmuş yerə verilməsinə, bələdçinin ayrılmasına nəzarət etmək;
3.43.5. qarovul rəislərinə (köməkçilərinə) xüsusi vaqonu təhvil vermək, reysdən qayıtdıqdan sonra onları qəbul etmək və bu barədə yol cədvəlində qeyd etmək;
3.43.6. DİN-in xüsusi daşınma qrupuna reysə çıxan xüsusi vaqonların nömrəsini, qarovul rəisinin adı və soyadını, vaqonun xidmətə hazırlığında olan nöqsanlar barədə məlumat vermək;
3.43.7. Konvoy taborunun qərargah rəisinə xüsusi vaqondakı çatışmazlıqlar haqqında məruzə etmək və imkan daxilində onların aradan qaldırılması üçün tədbirlər görmək;
3.43.8. xüsusi vaqonların vaxtında təmirə göndərilməsini və onların əsas hissələrinə texniki baxışın keçirilməsini təmin etmək;
3.43.9. xüsusi vaqonların təmiri və istismarının qeydiyyatı jurnalını aparmaq;
3.43.10. xüsusi vaqonlar parkının komendantının köməkçilərinə tapşırıqların verilməsinə və onların yerinə yetirilməsinə nəzarət etmək;
3.43.11. xüsusi vaqon reysə çıxmazdan əvvəl vaqonda olan texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemlərini yoxlamaq və onların sazlığını təmin etmək.
3.44. Qarovul məhbusları kənar şəxslərdən təcrid olunmasını, nəqliyyat vasitələrində onların rejim və kateqoriyalar üzrə ayrı-ayrı kameralara yerləşdirilməsini, məhbuslar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınmasını, təyin olunmuş saxlama rejiminə riayət olunmasını təmin etməlidir.
3.45. Qarovulun şəxsi heyəti ilə məhbusların qarşılıqlı münasibətləri qanunçuluğa ciddi riayət olunmaqla şəxsiyyətə hörmət edilməsinə əsaslanır. Qarovulun şəxsi heyəti onlara «Siz» deyərək müraciət etməli və soyadları ilə çağırmalıdır. Şəxsi heyətə məhbuslarla, habelə onların qohumları ilə xidmətdənkənar əlaqəyə girmək, onlardan hər hansı bir əşya və yaxud mal almaq, onları məhbuslara vermək qadağandır.
3.46. Müşayiət zamanı mühafizə altında olan şəxslər aşağıda göstərilən rejimlər və kateqoriyalar üzrə yerləşdirilir:
3.46.1. qadınlar — kişilərdən ayrı;
3.46.2. həbs edilmiş şəxslər — məhkumlardan ayrı;
3.46.3. eyni cinayət işi üzrə məhkum olmuş şəxslər bir-birilərindən ayrı;
3.46.4. istintaq və ya məhkəmə orqanlarından məlumat daxil olduqda, həbs edilmiş şəxslər bir-birilərindən ayrı;
3.46.5. yetkinlik yaşına çatmayanlar — yetkinlik yaşına çatanlardan ayrı;
3.46.6. müxtəlif rejimli cəzaçəkmə müəssisələrinə göndərilən məhkumlar bir-birilərindən və digər şəxslərdən ayrı;
3.46.7. məntəqə tipli cəzaçəkmə müəssisələrindən digər cəzaçəkmə müəssisələrinə göndərilən məhkumlar — başqa məhkumlardan ayrı;
3.46.8. əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər — bir yerdə, lakin o biri kateqoriyalardan ayrı;
3.46.9. ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər — digərlərindən ayrı;
3.46.10. vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəliklərdən müalicə kursunu tam keçməmiş şəxslər, habelə yoluxucu xəstələr, abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr və psixi xəstələr bir-birindən ayrı və sağlam məhbuslardan təcrid olunmaqla;
3.46.11. yemək qəbul etməkdən imtina edən məhbuslar — digər şəxslərdən ayrı;
3.46.12. xüsusi təhlükəli məhbuslar (şəxsi işlərinin arayışında bu barədə qeydiyyat olarsa) — digər şəxslərdən ayrı;
3.46.13. Məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri və ya həmin orqanların sabiq işçiləri bir yerdə, lakin digər kateqoriyalardan ayrı;
3.46.14. nəqliyyat vasitələrində boş kameralar olmadıqda, ümumi və ciddi saxlama rejiminə aid olan məhkumlar bir yerdə, lakin digər kateqoriyalardan ayrı.
3.47. Xüsusi vaqonda məhbusların yerləşdirmə norması 80 (səksən) nəfərdir. Məhbuslar böyük və kiçik kameralara yerləşdirilirlər. Məhbuslar arasında əgər hamilə qadın və yaxud üç yaşına qədər uşağı olan qadın olarsa, kameralarda yerləşdirilməsi nəzərdə tutulan şəxslərin sayı yarıya qədər azaldılır.
3.48. Xüsusi vaqonda müşayiət müddəti dörd saatdan artıq olmazsa, böyük kameralara on altı, kiçik kameralara isə altı nəfərə qədər məhbus yerləşdirilir. Hava gəmilərində müşayiət zamanı digər sərnişinlər olduğu halda, məhbusların sayı on, kiçik həcmli sərnişin hava gəmilərində isə üç nəfərdən artıq olmamalıdır.
3.49. Məhbusların müşayiəti zamanı hava gəmisinin salonunda xüsusi təhlükəli, o cümlədən qaçmağa meyilli şəxslərin sayı bir nəfərdən artıq olmamalıdır. Belə şəxslərin sayı bir nəfərdən artıq olarsa və onların daşınması digər sərnişinlərin həyatına təhlükə yaradarsa, istismarçı və ya Aviasiya Təhlükəsizlik Xidməti onların daşınmasının həyata keçirilməsindən imtina edə bilər.
3.50. Xüsusi avtomobildə yerləşdirmə norması həmin avtomobilin kameralarının tutumundan və texniki vəziyyətindən asılıdır.
3.51. Planlı marşrutların başlanğıc və son məntəqələrində qarovul eyni zamanda xüsusi vaqona yeddi nəfər, xüsusi avtomobilə isə kameraların sayı qədər müxtəlif kateqoriyalı məhbusları qəbul edir.
3.52. Qarovul otağının, nəqliyyat vasitələrinin, kameraların qapıları qıfılla bağlanır. Açarlar qarovul rəisində və ya onun köməkçisində saxlanılır. Xüsusi avtomobilə məhbuslar mindirilib-düşürdülən zaman kamera qarşısındakı mühafizəçiyə açarlardan istifadə etməyə icazə verilir.
3.53. Məhbuslar kameralarda yerləşdirildikdən sonra qarovul rəisi tərəfindən onlara saxlama rejimi elan olunur və kameralarda müəyyən edilmiş qaydalara riayət olunması üçün cavabdeh şəxslər təyin edilir.
3.54. Məhbuslardan qarovulun şəxsi heyəti tələb edir:
3.54.1. davranış qaydalarına ciddi riayət etmələrini, öz aralarında, qarovulun şəxsi heyəti ilə nəzakətli olmalarını, qarovul rəisi və ya onun köməkçisi müraciət etdikdə ayağa qalxmalarını;
3.54.2. məhkəmə binasında və nəqliyyat vasitələrində avadanlıqla və əmlakla ehtiyatla davranmalarını;
3.54.3. dəyişmə məntəqəsində, xüsusi vaqonun dəhlizində, müşayiət marşrutu üzrə hərəkət edərkən əllərini arxada saxlamalarını;
3.54.4. kameralarda təmizliyə riayət etmələrini.
3.55. Məhbuslara qadağan edilir:
3.55.1. Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının Daxili İntizam Qaydaları ilə qadağan edilmiş, habelə saxlanmasına icazə verilməyən əşyaları hazırlamaq, əldə etmək, saxlamaq, ötürmək, gəzdirmək, daşımaq və ya onlardan istifadə etmək;
3.55.2. hər hansı bir əşya, məktub və yazılı kağızı tullamaq;
3.55.3. kameraların qapısı qarşısında durmaq və müşahidənin qarşısını kəsmək;
3.55.4. qarovul rəisinin və ya onun köməkçisinin icazəsi olmadan yerlərini dəyişmək, yuxarı və orta oturacaqlarda oturmaq və başı çöl divara tərəf uzanmaq;
3.55.5. nalayiq sözlərdən istifadə etmək, kameradakı digər şəxslərlə danışmaq, divarı döyməklə əlaqəyə girmək, məktub göndərmək, divarları zədələmək və yaxud yazmaq;
3.55.6. özünün və digər şəxslərin bədənində yazı və şəkillər döymək;
3.55.7. müşayiət zamanı icazəsiz üst paltarı çıxartmaq;
3.55.8. xüsusi avtomobildə və vaqonda tütün çəkmək.
3.56. Məhbuslara özləri ilə aşağıdakı əşyaları aparmağa icazə verilir:
3.56.1. bir dəst üst paltar, baş geyimi, şərf, mövsümə uyğun ayaqqabı, iki dəstdən çox olmayaraq alt paltarı, corab, əlcək, cib dəsmalı, bel kəməri, sap, bir cüt ev ayaqqabısı, gigiyena ləvazimatları;
3.56.2. əl-üz dəsmalı, sabun və ayaqqabı şotkası, ayaqqabı üçün krem;
3.56.3. optik eynək, həmçinin həkimin icazəsi ilə protezləri, tibb ləvazimatları və dərman preparatları;
3.56.4. yazı kağızı, qələm, zərf, məktub, fotoşəkillər;
3.56.6. özü haqqında ittiham aktının və məhkəmə hökmünün, qətnamələrinin surətini, cinayət işinə aid yazıları;
3.56.7. pulların, qiymətli əşyaların təhvil verilməsi barədə qəbzi;
3.56.8. kibrit və tütün məmulatı;
3.56.9. fincan və qaşıq, qızdırılmağa ehtiyacı olmayan qida məhsulları.
3.57. Məhkum qadın və həbs edilmiş şəxslər özləri ilə qadın tualetinə aid əşyaları və himayəsində uşağı olanlar uşağa aid olan əşyaları saxlaya bilərlər.
3.58. Hava gəmisi ilə müşayiət zamanı məhbuslara məxsus olan əşyaların çəkisi pulsuz aparılmasına icazə verilən yükdən çox olmamalıdır. Xüsusi vaqonda məhbuslara bu Təlimatın 3.56-cı bəndində göstərilən əşyaları, cəzaçəkmə müəssisələrinə göndərilən məhkumlara “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 9 saylı əlavəsində göstərilən əşyaları, istintaq təcridxanasına göndərilən şəxslərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 2 nömrəli əlavəsində göstərilən əşyaları aparmağa icazə verilir.
3.59. Qarovulun, məhbusların, silah, xüsusi vasitələrin və başqa növ əl yükünün və baqajın hava nəqliyyatı ilə daşınması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
3.60. Cəzaçəkmə müəssisələrində saxlanılmasına icazə verilən, lakin müşayiət zamanı qadağan olunmuş əşyalar qəbz yazılmaqla qarovula təhvil verilir. Məhbuslar dəyişmə məntəqələrində təhvil verilməzdən əvvəl onlar bu əşyaları təhvil alır və bu barədə qəbzin arxa tərəfində imza edirlər.
3.61. Planlı, birbaşa, məhkəmə və xüsusi qarovullar ilə müşayiət zamanı məhbusları göndərən müəssisənin müdiriyyəti müəyyən edilmiş yemək normalarına uyğun olaraq onları quru yemək ilə təmin edir.
3.62. Hava gəmisi ilə müşayiət zamanı sərnişinlər daşımanın dəyərinə daxil olunmuş yeməklə təmin olunurlarsa, məhbuslara da yemək (metal qab-qacaq əşyaları və kəsici-deşici alətlər istisna olmaqla) qarovul rəisinin icazəsi ilə verilir.
3.63. Himayəsində üç yaşınadək uşağı olan qadınların xüsusi vaqonla müşayiəti zamanı, onlar üçün qarovulun mətbəxində çay və südün qızdırılmasına, habelə uşaq qidalarının hazırlanmasına şərait yaradılır. Məhbuslar içməli su ilə tələbata görə təmin olunur və onların istənilən vaxt içməli sudan istifadə etmək imkanları olmalıdır.
3.64. Tibbi göstəriş olduqda yemək qəbul etməkdən imtina edənlərin müşayiəti tibb işçilərinin iştirakı ilə həyata keçirilir. Əgər yemək qəbul etməkdən imtina edən məhbusun həyatı üçün təhlükə yaranarsa, o, müşayiət edən tibb işçisinin göstərişi ilə qarovulun yol cədvəlində göstərilmiş yaxınlıqdakı istintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə təhvil verilir.
3.65. Hava gəmisi ilə müşayiət zamanı, reysin göndərilməsinə qədər psixi xəstələrin sakitləşdirici dərmanları qəbul etməsi tələb olunduqda, uçuşun hər dövrü müvafiq sakitləşdirici dərmanın effektiv təsir etdiyi vaxtdan artıq davam etməməlidir. Hava limanının tibb personalının rəyinə əsasən, Aviasiya Təhlükəsizlik Xidməti və istismarçı psixi pozuntusu olan şəxslərin hava gəmisində daşınmasından imtina etmək hüququna malikdir.
3.66. Yoluxucu xəstələr təhvil verildikdən sonra kameralar, dəhliz və sanitar qovşağı dezinfeksiya edilir.
3.67. Müşayiət zamanı yolda xəstələnən və ya təcili tibbi yardıma ehtiyacı olan məhbuslar şəxsi işlər ilə birlikdə yaxınlıqdakı dəyişmə məntəqəsində qarovulun yol cədvəlində qəbul barədə imza etdikdən sonra qarşılama qarovuluna təhvil verilir. Vəfat etmiş məhbusun cəsədi və əşyaları yaxınlıqdakı polis orqanına təhvil verilir. Vəfat etmiş və ya xəstə məhbusun təhvil verilməsi üçün üç nüsxədən ibarət akt tərtib olunur. Aktın bir nüsxəsi onları qəbul edən orqana verilir. Təhvil verilmə barədə yol jurnalında qeyd aparılır. Vəfat etmiş məhbusun şəxsi işi Konvoy taborunun qərargahına verilir, sonradan aktın bir nüsxəsi ilə birlikdə şəxsi göndərən müəssisəyə təqdim olunur.
3.68. Məhbusların arasında yoluxucu xəstəliklərin yayılması ehtimalı mövcud olduqda, qarovul rəisi xəstələri onlarla bir kamerada olan digər şəxslərdən təcrid edir, xəstələri növbəti dəyişmə məntəqəsində təhvil verir. Qarovul rəisi bu barədə Konvoy taborunun komandirinə məruzə edərək, müvəqqəti olaraq bu kameralara baxışı və xəstələrlə bir kamerada olan məhbusların dəyişməsini dayandırır, zəruri tədbirlərin həyata keçirilməsi üçün tibb-sanitar məntəqəsinin işçilərini dəvət edir.
3.69. Məhbuslar ayaqyoluna onların xahişi ilə tək-tək aparılır. Məhbus ayaqyoluna qabaqda mühafizəçi və arxada qarovul rəisi və ya onun köməkçisi olmaqla aparılır. Ayaqyoluna aparılmamışdan əvvəl məhbuslara müəyyən olunmuş qaydalar elan olunur.
3.70. Ayaqyoluna baxış keçirilir:
3.70.1. xüsusi vaqonda — kamerada saxlanılan şəxslər ayaqyolundan aparılmamışdan əvvəl və oradan çıxdıqdan sonra;
3.70.2. məhkəmə binasında və hava gəmisində — məhbus çıxdıqdan sonra.
3.71. Məhbus yazılı və ya şifahi müraciət edərsə, qarovul rəisi və ya qarovulu yoxlayan şəxs müraciətə baxmalı və öz səlahiyyəti çərçivəsində tədbir görməlidir. Əgər müraciəti yerində həll etmək mümkün deyilsə, məhbusu qəbul edən orqanın rəisinin adına yazılmış raport şəxsi işə əlavə olunur. Müraciətin məzmunu və görülən tədbirlər barədə qarovul rəisi yol cədvəlində qeyd aparır və Konvoy taborunun komandirinə məruzə edir.
3.72. Saxlama rejimini pozan məhbuslar haqqında qarovul rəisi iki nüsxədən ibarət akt tərtib edir və onları aktla tanış edir. Aktda rejim pozuntusunun xüsusiyyəti və şəraiti göstərilir. Aktın bir nüsxəsi şəxsi işə əlavə edilir, digəri isə Konvoy taborunun qərargahına təqdim olunur.
3.73. Məhkəmə və qarşılama qarovullarında qarovul rəisi məhbus tərəfindən saxlama rejiminin pozuntuları haqqında məhkəmə iclasına sədrlik edən hakimə və ya qəbul edən müəssisənin rəisinə məruzə edir.
3.74. Qarovul heyətinə, məhbuslara spirtli içkilərin hər hansı növündən istifadə etmək, hər hansı oyun oynamaq qadağandır.
3.75. Məhbusların müşayiəti üçün istifadə edilən bütün xüsusi nəqliyyat vasitələri ilkin tibbi yardımın göstərilməsi üçün zəruri olan dərman preparatları və tibb ləvazimatları ilə təchiz edilir.
3.76. Yoluxucu xəstələr imkan daxilində xüsusi ayrılmış və işarələnmiş nəqliyyat vasitələrində müşayiət edilir.
4.1. Müşayiət üçün məhbusların qəbulu şəxsən qarovul rəisi tərəfindən həyata keçirilir, eyni zamanda bir neçə cəzaçəkmə müəssisəsindən, yaxud istintaq təcridxanasından qəbul etmək zərurəti olduqda, qarovul rəisinin köməkçisi də bu işə cəlb edilir.
4.2. Müşayiət üçün qəbulun əsasları:
4.2.1. hər bir məhbus üçün — möhürlənmiş zərfdə şəxsi iş və işə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 iyun tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə həbs edilmiş şəxslərin və məhkumların qeydiyyatı işinin təşkilinə dair Təlimat”ın 10.7-ci bəndi ilə müəyyən edilmiş arayış (əlavə 2);
4.2.2. göndərilən məhbus üçün — müşayiət üçün sifariş;
4.2.3. bir və ya bir neçə məntəqəyə göndərilən (məhkəməyə göndərilənlər istisna olmaqla) bir qrup məhbus üçün — yol vərəqəsi.
4.3. Müşayiət olunanların bütün sənədləri göndərən müəssisə tərəfindən tərtib olunur və gerbli möhürlə təsdiq edilir. Sənədlərdə aparılan düzəlişlər xüsusi qeyd aparılmaqla təsdiq edilir. Şəxsi işlərin qarovul tərəfindən açılması qadağandır.
4.4. Şəxsi iş üzrə arayış mürəkkəblə, sözlər tam və aydın yazılmalı, məhbusun fotoşəkli arayışa yapışdırılmalıdır. Yalnız şəxsiyyətini təsdiq edən sənədi olan həbs edilmiş şəxslər polis orqanlarının müvəqqəti saxlama yerlərindən istintaq təcridxanalarına müşayiəti zamanı şəxsi iş üzrə arayış şəkilsiz qəbul edilir.
4.5. Xüsusi təhlükəli məhbusların, bir-biri ilə ziddiyətli münasibətdə, həmçinin qaçmağa meylli olanların şəxsi iş üzrə arayışlarının üzərində diaqonal üzrə qırmızı xətt çəkilməlidir. Digər kateqoriyalı məhbusların arayışlarında onları xarakterizə edən aşağıdakı məlumatlar göstərilir: «psixi xəstə», «vərəmli xəstə», «yoluxucu xəstə», «yemək qəbul etməkdən imtina edir», «hamilədir» (vaxtı göstərilir), «digər şəxslərdən təcrid olunmalıdır».
4.6. Aşağıda göstərilən məhbuslar müşayiət üçün qəbul olunmurlar:
4.6.1. sənədləri düzgün tərtib olunmayanlar;
4.6.2. xəstələr (müşayiəti qadağan edən həkim rəyi əsasında);
4.6.3. tibbi müayinədən keçməyənlər;
4.6.4. hərəkət zamanı köməyə ehtiyacı olan əlilliyi olan şəxsləri müşayiət edən şəxs olmadıqda;
4.6.5. alkoqol və ya narkotik (psixotrop) sərxoşluq vəziyyətində olanlar;
4.6.6. müşayiət müddətinə ərzaqla təmin olunmayanlar;
4.6.7. mövsümə uyğun paltarı olmayanlar;
4.6.8. bədənin görünən yerlərində insan ləyaqətini alçaldan döymə yazılar olanlar.
4.7. Aşağıdakı məhbuslar tibb işçilərinin müşayiəti olmadan qəbul edilmirlər:
4.7.1. altı aydan yuxarı hamiləliyi və himayəsində üç yaşına qədər uşağı olan qadınlar;
4.7.2. psixi xəstələr;
4.7.3. tibbi göstərişlər olduqda yemək qəbulundan imtina edənlər;
4.7.4. həkim rəyinə görə yolda müşayiət zamanı tibbi yardıma ehtiyacı olan digər xəstələr.
4.8. Qəbuletmə məntəqəsinə gəldikdə qarovul rəisi borcludur:
4.8.1. xüsusi avtomobilin dayanacaq yerini sürücüyə göstərmək və onun mühafizəsini təşkil etmək;
4.8.2. məhbusları göndərən müəssisə rəisinin növbətçi köməkçisinə şəxsiyyətini təsdiq edən sənədi, sərəncamı, məhkəmə iclasına müşayiət olunanlar üçün isə sifarişləri təqdim etmək;
4.8.3. qarovulun silah və döyüş sursatını müvəqqəti saxlanca verib, əvəzinə jeton almaq, silahın ayrıca seyfdə saxlanması zamanı isə qarovulun qüvvəsi ilə onun mühafizəsini təşkil etmək;
4.8.4. məhbusların qəbulu, şəxsi axtarışı və müvəqqəti saxlanması üçün ayrılmış otaqları dəqiqləşdirmək və qarovul rəisinin köməkçisinə (mühafizəçilərə) bu otaqlarda avadanlıqların yoxlanılması və baxış keçirilməsini tapşırmaq;
4.8.5. qəbul edilən məhbusların şəxsi işlərini və digər sənədlərini almaq, onların düzgün tərtib olunmasını yoxlamaq və anket məlumatlarını dəqiqləşdirmək;
4.8.6. qarovulun şəxsi heyətinə məhbusların üzərində şəxsi axtarış aparmaq üçün tapşırıq vermək və onların qəbuluna başlamaq.
4.9. Məhbusların qəbulu və şəxsi axtarışı üçün cəzaçəkmə müəssisələrində (istintaq təcridxanalarında) yaxşı işıqlandırılmış otaqlar ayrılmalıdır. Həmin otaqlar masa, oturacaq, şəxsi heyət üçün xalat, su ilə dolu qab, fincan, əlüzyuyan, dezinfeksiyaedici vasitələr, sabun, dəsmal, əşya və ərzaqların yoxlanılması üçün alətlərlə təchiz edilir. Otaqların sayı yoxlanılan məhbusların rejim və kateqoriyalar üzrə müvəqqəti yerləşdirilməsinə uyğun olmalıdır.
4.10. Məhbusların qəbulu, şəxsi işlərin arayışına əsasən onların şəxsiyyətlərinin yoxlanılması və şikayətlərinin olub-olmaması barədə sorğudan sonra başlanır. Qəbul zamanı məhbusların şikayəti olarsa, şikayətin təmin olunub-olunmaması barədə şəxsi işin arayışında müəssisənin nümayəndəsi tərəfindən qeyd edildikdən sonra qarovul rəisi onların qəbuluna başlayır.
4.10-1. Qarovul rəisi şəxsi işə əlavə edilmiş arayışla gücləndirilmiş mühafizə tələb olunan şəxsləri müəyyən etməli, məhbusları ona təhvil verən əməkdaşdan onlar üzərində gücləndirilmiş mühafizənin səbəblərini, bir-biri ilə ziddiyətli münasibətdə olan şəxsləri dəqiqləşdirməlidir.
4.11. Dəyişmə məntəqəsində məhbusların qəbuluna (təhvilinə) başlanmazdan əvvəl planlı qarovulun və qarşılama qarovullarının rəisləri bir-birlərindən şəxsiyyətlərini təsdiq edən sənədi, sərəncamları yoxlamalı və təhvil (qəbul) veriləcək məhbusların rejim və kateqoriyalar üzrə sayını dəqiqləşdirməlidirlər. Əgər göstərilən sənədlər olmazsa və ya düzgün tərtib olunmazsa, məhbusların qəbulu (təhvili) aparılmır və bu barədə yol cədvəlində qeyd edilir.
4.12. Xüsusi vaqonda (avtomobildə, hava və ya su gəmisində) məhbusların qəbulu (təhvili) zamanı mühafizəçi onları ucadan sayaraq verir. Sonra qarovul rəisi şəxsi işin arayışına əsasən onların şəxsiyyətini müəyyənləşdirir.
4.13. Minik zamanı məhbuslar hava gəmisində sərnişinlərdən əvvəl yerləşdirilir, təhvil məntəqəsində isə sərnişinlərdən sonra düşürdülürlər.
4.14. Xüsusi vaqonun işlək tamburunun məhbusların mindirilən (düşürdülən) yerinin əks tərəfində mühafizəçini qarşılama qarovulu, başlanğıc məntəqədə isə planlı qarovul təyin edir.
4.15. Planlı qarovul əvvəlcə məhbusları qarşılama qarovulundan qəbul edir, sonra isə təhvil verir.
4.16. Qarşılama qarovulu ilə dəyişmə məntəqəsinə xüsusi vaqonun yerləşdirmə limitindən artıq məhbuslar gətirilərsə, planlı qarovula natamam qəbula icazə verilir.
4.17. Bütün hallarda birinci növbədə qəbul edilməlidir:
4.17.1. yetkinlik yaşına çatmayanlar;
4.17.2. hamilə və himayəsində 3 yaşına qədər uşağı olan qadınlar;
4.17.3. xəstələr — həkim müşayiəti ilə;
4.17.4. məhkəmə və istintaq orqanlarının çağırışı ilə göndərilənlər.
4.18. Planlı (birbaşa) qarovul məhbusların qaçışına görə məsuliyyət daşıyır:
4.18.1. qəbul edərkən — planlı qarovulun rəisi say hesabını təkrar etdikdən sonra;
4.18.2. təhvil verərkən — qarşılama qarovulunun rəisi say hesabını təkrar edənədək.
4.19. Dəyişmə olmadığı halda və ya məhbusların qəbulundan imtina olunarsa, bu barədə qarovul rəisləri akt tərtib edir və yol cədvəlində bunun səbəblərini, sayını və kateqoriyalarını göstərməklə qeyd aparırlar.
4.20. Məhkəmə orqanlarına və ya cəzaçəkmə müəssisələrinə (istintaq təcridxanalarına) müşayiət olunan məhbuslar üzərində tam axtarış aparılmalı, şəxsi əşyalarına və ərzaqlarına hərtərəfli baxış keçirilməlidir.
4.21. Dəyişmə məntəqəsində qəbul edilən məhbuslar (xüsusi təhlükəli şəxslər istisna olmaqla) üç saatdan gec olmayaraq təhvil verilməli olduğu halda, onların üzərində natamam axtarış aparılır.
4.22. Qarşılama qarovulları, hava və su gəmisi ilə müşayiət edən qarovullar dəyişmə məntəqəsində qəbul edilən məhbusların üzərində axtarış aparılmır.
4.23. Xüsusi vaqonda məhbusların üzərində axtarış boş kamerada, boş kamera olmadığı halda, kameraların qarşısı istisna olmaqla vaqonun dəhlizində natamam axtarış aparılır.
4.24. Məhbusların üzərində axtarış, əşya və ərzaqlarına baxış keçirmək üçün qarovulun heyətindən bir nəfər mühafizəçi təyin olunur.
4.25. Əcnəbi vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunanların, xüsusi təhlükəli məhbusların üzərində axtarışı şəxsən qarovul rəisi və ya onun köməkçisi aparır. Ayrılmış xüsusi mühafizəçi (qarovulçu) sanitar — gigiyena qaydalarına riayət etməklə ərzaqlara baxış keçirir.
4.26. Psixi xəstələrin, aktiv formalı vərəm xəstələrinin və yemək qəbul etməkdən imtina edənlərin üzərində şəxsi axtarışı, onların ərzaqlarına və əşyalarına baxışı göndərən müəssisənin işçiləri, qadınların üzərində axtarışı, onlara məxsus əşya və geyimlərə baxışı isə bu şəxsləri göndərən müəssisənin qadın əməkdaşı həyata keçirir.
4.27. Qarovul rəisi axtarış və baxış keçirən mühafizəçilərin soyadını yol və post cədvəllərində, həmçinin məhkəmələrdə müşayiət üçün verilən sifarişlərdə qeyd edir.
4.28. Axtarışı başlamazdan əvvəl mühafizəçi məhbusa saxlanması qadağan olunmuş əşyaları təhvil verməyi, tam axtarış zamanı isə alt paltarına qədər soyunmağı təklif edir.
4.29. Axtarış zamanı məhbuslara məxsus olan paltar, ayaqqabı, ərzaq və digər əşyalar diqqətlə yoxlanılır. Bu zaman metal axtaran vasitədən istifadə olunur.
4.30. Qarovul rəisi və onun köməkçisi axtarış vaxtı qaçmağa meylli olanları araşdırır, üzərində saxlanması qadağan olunmuş əşyalar aşkar edilən məhbusların qeydiyyatını aparır.
4.31. Axtarış zamanı tapılan pul və saxlanması qadağan olunmuş digər əşyalar məhbusların iştirakı ilə göndərən müəssisənin nümayəndəsinə təhvil verilir və əvəzində qəbz alınır. Xüsusi vaqonda axtarış zamanı məhbuslardan götürülən, saxlanması qadağan olunmuş əşyalar və pul üçün qəbz verilir, qəbzin kötüyündə məhbus imza edir. Götürülən əşyalar qıfıllanmış dəmir yeşikdə saxlanılır. Dəyişmə məntəqəsində məhbusların iştirakı ilə götürülən əşyalar qarşılama qarovulunun rəisinə təhvil verilir. Bu barədə qarşılama qarovulunun rəisi qəbzin kötüyündə imza edir.
4.32. Məhkəmə zalında təqsirləndirilən şəxs həbsə alınarsa, onun üzərində aparılan axtarış nəticəsində götürülən sənədlərə, pul və saxlanması qadağan olunmuş digər əşyalara dair akt tərtib olunur. Həmin akta qarovul rəisi və həbs edilmiş şəxs imza edir. Aktın bir nüsxəsi cinayət işinə əlavə edilmək üçün məhkəmə iclasına sədrlik edən hakimə, digər nüsxəsi isə istintaq təcridxanası rəisinin növbətçi köməkçisinə verilir. Aktda qəbul barədə qeyd aparılır və qarovul rəisinə qaytarılır.
4.33. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında məhbusların qəbulu barədə qarovul rəisi jurnalda (yol vərəqəsində), dəyişmə məntəqəsində isə təhvil verən qarovulun yol jurnalında imza edir. Məhbusların qəbulu və təhvili barədə tərtib olunmuş qəbz müvafiq müəssisənin adı göstərilmiş ştampla təsdiq edilir.
4.34. Planlı, birbaşa və qarşılama qarovullarının rəisləri qəbul etdikləri məhbusları şəxsi işlərin arayışına əsasən yol jurnalında, xüsusi, hava və su gəmisi ilə müşayiət zamanı birbaşa qarovullarının rəisləri isə yol vərəqəsində qeydiyyat aparırlar.
4.35. Qarovul rəisi, məhbusların müşayiəti üçün göndərən müəssisə tərəfindən təyin olunmuş şəxsin ezamiyyət vərəqəsinin olmasını yoxlayır, yol cədvəlinə onun ezamiyyət vərəqəsinin nömrəsini və kim tərəfindən verildiyini, adını, atasının adını və soyadını, həmçinin hansı yol sahəsində qarovul ilə birgə gedəcəyini qeyd edir. Xüsusi vaqonda istirahət üçün ona yer ayrılır.
4.36. Məhbusların daim həkim nəzarətinə ehtiyacı olmadığı halda və bu barədə şəxsi işin arayışında qeydiyyat olarsa, tibb işçisinin qonşu vaqonda getməsinə icazə verilir.
5.1. Konvoy taborundan yola çıxmazdan əvvəl qarovul rəisi xüsusi avtomobilə texniki baxış keçirilməsini təşkil edir. Avtomobildə hər hansı çatışmazlıq müəyyən edildikdə, avtomobilin dəyişdirilməsi üçün Konvoy taboru üzrə növbətçiyə məruzə edir.
5.2. Məhbusların daşınmasının təhlükəsizliyinin təmin edilməsi və müşayiət zamanı baş verə biləcək hər hansı hadisə zamanı çevik hərəkət etmək məqsədilə müşayiət marşrutu üzrə əlavə xidməti avtomobil ayrılır. Bu avtomobil sayrışan və səsverici işıq sistemi, habelə müşayiət maşını ilə əlaqə saxlanması üçün müvafiq rabitə vasitəsi ilə təchiz edilir. Xüsusi avtomobili müşayiət edən avtomobilə yola çıxmazdan əvvəl texniki baxış keçirilir.
5.3. Xüsusi təyinatlı avtomobil və əlavə xidməti avtomobil qlobal mövqe təyin etmə sistemi ilə təchiz edilir və bu avtomobillərin hərəkəti Penitensiar xidmətin Baş idarəsinin və Konvoy taborunun növbətçi hissələrində izlənilir, planlaşdırılmamış dayanma baş verdikdə isə bu Təlimatda nəzərdə tutulmuş tədbirlər görülür.
5.4. Məhbusların qəbulu qurtardıqdan sonra qarovul rəisi penitensiar müəssisə rəisinin növbətçi köməkçisindən onların aparılması üçün buraxılış vərəqəsi alır.
5.5. İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində məhbusların xüsusi avtomobildə yerləşdirilməsi aşağıdakı qaydalara ciddi riayət etməklə həyata keçirilir:
5.5.1. məhbuslar üç nəfərdən artıq olmayaraq xüsusi avtomobilə yaxınlaşdırılır;
5.5.2. qarovul rəisi banın qarşısında dayanaraq, məhbusları ucadan sayaraq onların maşına tək-tək mindirilməsini təşkil edir;
5.5.3. xüsusi avtomobilin banındakı mühafizəçi məhbusları kameralarda yerləşdirir və onların qapılarını bağlayıb açarları qarovul rəisinə verir;
5.5.4. minik qurtardıqdan sonra qarovul rəisi məhbusların sayını və kameraların qapılarının möhkəm bağlanmasını şəxsən yoxlayır;
5.5.5. qarovul rəisi müvəqqəti saxlanca verilmiş silah və sursatı qəbul edib şəxsi heyətə verir;
5.5.6. qarovul rəisi qarovulun hazırlığını, sürücünün öz müşayiət marşrutunu bilməsini yoxlayır, maşınların hərəkət və əlaqə saxlamaq qaydalarını göstərir.
5.6. Mühafizə olunmayan ərazidə məhbusların xüsusi avtomobilə mindirilməsi aşağıda göstərilənlərə riayət edilməklə aparılır:
5.6.1. xüsusi avtomobil məhbusların qəbul (təhvil) yerinə mümkün qədər yaxın saxlanılır;
5.6.2. məhbuslar xüsusi avtomobilə mindirilən zaman maşının banında xidmət aparan mühafizəçi silahını qarovul rəisinə verir.
5.7. Yolda hərəkət zamanı qarovul rəisi avtomobilin kabinasında, qarovul rəisinin köməkçisi isə banda olmalıdır.
5.8. Xüsusi avtomobildə digər məhkəməyə göndərilən məhbus olarsa, onların qəbulu zamanı avtomobilin banında həmin məhkəmənin qarovul rəisinin köməkçisi və ya mühafizəçisi ola bilər.
5.9. Məhbusların xüsusi avtomobil ilə müşayiət marşrutlarında sürücü yol hərəkət qaydalarına riayət etməlidir.
5.10. Məhbusların müşayiət marşrutu üzrə hərəkət edən digər xidməti avtomobil xüsusi maşının arxasınca hərəkət edir və gediş zamanı müşayiət etdiyi maşınla daima rabitə vasitəsilə əlaqə saxlayır.
5.11. Müşayiət zamanı mühafizəçilər yol hərəkətinə, xüsusi geyim formalarına diqqət etməli və səliqəli olmalıdırlar.
5.12. Xüsusi avtomobillərin kamerasının qarşısındakı mühafizəçi borcludur:
5.12.1. məhbuslar avtomobilə mindirilməzdən əvvəl kameraların işıq sisteminin və qapıların siqnalizasiyasının yararlılığını yoxlamaq, kameralarda kənar əşyaların olmamasına əmin olmaq;
5.12.2. məhbusları ucadan sayaraq qəbul etmək, qarovul rəisinin göstərişi ilə onları yerləşdirmək, kameraları qıfılla bağlamaq;
5.12.3. məhbusların davranışına nəzarət etmək, onlara səs-küy salmağa, tütün çəkməyə, kameranın qapısının qarşısında dayanaraq kameranın içəri hissəsinin görünməsinə mane olmağa, habelə qonşu kamerada aparılan məhbuslar ilə danışmağa, banın divarlarını zədələməyə və ya orada yazı yazmağa icazə verməmək;
5.12.4. kameranı açmağa yalnız qarovul rəisini və onun köməkçisini buraxmaq;
5.12.5. məhbusları təhvil verdikdən sonra kameralara baxış keçirmək və bu barədə qarovul rəisinə məruzə etmək.
5.13. Xüsusi avtomobilin yanındakı mühafizəçi borcludur:
5.13.1. məhbuslar mindirilməzdən əvvəl xüsusi avtomobilin banını xarici tərəfdən yoxlamaq;
5.13.2. məhbusların mindirilməsi (düşürdülməsi), həmçinin avtomobil dayandığı zaman arxasında sağ tərəfdə xidmət aparmaq və etibarlı mühafizəni təmin etmək, kənar şəxslərin avtomobilə yaxınlaşmasına yol verməmək.
5.14. Məhbusların planlı və birbaşa qarovullar ilə müşayiəti zamanı hər iki-üç saatdan bir xüsusi avtomobilin banına baxış keçirilir və onların ayaqyoluna çıxarılması təşkil edilir.
5.15. Mühafizə planında dayanacaq məntəqələri polis orqanlarının yerləşdiyi ərazidə nəzərdə tutulur, buna imkan olmadıqda, məhbusların etibarlı mühafizəsini və kənar şəxslərdən təcrid olunmasını təmin etmək mümkün olan yerlər seçilir. Məhbuslar ayaqyoluna onların xahişi ilə, tək-tək aparılır. Ayaqyoluna müşayiət zamanı qabaqda mühafizəçi, onun arxasınca məhbus, sonra isə qarovul rəisi və ya onun köməkçisi gedir, qaçmaq üçün əlverişli olan yerlərdə isə əlavə mühafizəçilər qoyulur.
5.16. Ayaqyoluna aparılmamışdan əvvəl məhbuslara bununla əlaqədar müəyyən olunmuş qaydalar elan olunur.
5.17. Planlı və birbaşa avtomobil yol marşrutlarının dəyişmə məntəqələrində qarovul rəisi şəxsən avtomobilin yanında məhbusları təhvil verir, onların qəbulunu bu Təlimatın 4-cü hissəsində göstərilən qaydada təşkil edir. Qarovul rəisi məhbusların təhvil verdiyi dəyişmə məntəqələrində, geri qayıdarkən isə qəbul olunacaq məhbusların kateqoriyalar üzrə sayını dəqiqləşdirir.
5.18. Yolda məcburi dayanma (avtomobilin nasazlığı, təbii fəlakət və s. hallarda) baş verərsə, bu barədə qarovul rəisi Konvoy taboru üzrə növbətçiyə məruzə edir, məhbusları qəbul edəcək müəssisəyə və məhkəmə iclasına sədrlik edən hakimə məlumat verir. Bundan sonra qarovul rəisi bu Təlimatda nəzərdə tutulmuş qaydalara uyğun olaraq avtomobilin təmiri və yaxud onun digər maşınla dəyişdirilməsi ilə bağlı, habelə məhbusların təhlükəsizliyinin təmin edilməsi, onlara zəruri hallarda yardım göstərilməsi ilə bağlı tədbirlər görür.
5.19. Gecə vaxtı xüsusi avtomobillərlə planlı marşrutlar üzrə birbaşa qarovullar ilə məhkəmələrə məhbusların müşayiəti (təcili tibbi yardım göstərmək üçün onların daşınması halları istisna olmaqla) qadağandır.
5.20. Qarşılama qarovulunun rəisi dəyişmə məntəqəsinə çatdıqda borcludur:
5.20.1. sürücülərə xüsusi avtomobillərin dayanacaq yerlərini göstərmək və onların mühafizəsini təşkil etmək;
5.20.2. xüsusi vaqonlar parkının komendantından xüsusi vaqonun verildiyi yolu dəqiqləşdirmək;
5.20.3. dəyişmə məntəqəsində müşayiət marşrutunu öyrənmək;
5.20.4. qatarın qısamüddətli dayanacağı zamanı, təhvil (qəbul) məntəqəsinə məhbusları əvvəlcədən maşınla və ya piyada müşayiət etmək;
5.20.5. planlı (birbaşa) qarovulun rəisi ilə məhbusların təhvil (qəbul) qaydasını müəyyən etmək.
5.21. Məhbuslar xüsusi avtomobildən xüsusi vaqona aşağıdakı qaydada müşayiət olunurlar:
5.21.1. qarovul rəisi mühafizə planına əsasən mühafizəçiləri posta təyin edir, kameralar qarşısındakı mühafizəçidən silahı qəbul edir, kameraların açarlarını ona verir, məhbusların düşürdülmə qaydasını göstərir;
5.21.2. xüsusi avtomobilin kamerası qarşısında xidmət aparan mühafizəçinin ucadan sayı ilə məhbuslar tək-tək düşürdülür, qarovul rəisinin köməkçisi isə onları sıraya düzür;
5.21.3. qarovul rəisi məhbusların sıra ilə hərəkətindən əvvəl onlara hərəkətetmə qaydalarını və rejimin tələblərini elan edir.
5.22. Sərnişinlərin vaqonlara minməsi zamanı məhbusların sərnişin platformaları ilə, habelə vağzal binalarından və vətəndaşların çox toplaşdığı digər yerlərdən piyada müşayiətinə icazə verilmir.
5.23. Məhbusların dəyişmə məntəqəsində qəbulu və təhvil verilməsi, onların xüsusi avtomobildə yerləşdirilməsi və istintaq təcridxanalarına (cəzaçəkmə müəssisələrinə) müşayiəti bu təlimata əsasən həyata keçirilir.
5.24. İstintaq təcridxanasında (cəzaçəkmə müəssisəsində) planlı (birbaşa) qarovulun rəisi gətirilən məhbuslar barədə yol jurnalında qeyd aparır, onların sayı və kateqoriyası haqqında qəbul edən müəssisə rəisinin növbətçi köməkçisinə məlumat verir, ona məhbusların işlərini, digər sənədlərini və onlara məxsus olan pulları və qadağan olunmuş digər əşyaları təhvil verir.
5.25. Qəbul edən müəssisə qarovuldan qəbul etdiyi pullara və saxlanması qadağan olunmuş digər əşyalara görə məhbuslara qəbz verdikdən sonra, qarovul rəisi onlardan planlı və birbaşa qarovulların verdiyi qəbzləri geriyə alır və qayıtdıqdan sonra müşayiətetmə qurumun qərargahına təhvil verir.
5.26. Məhbusları qəbul edən müəssisə rəisinin növbətçi köməkçisi qarovulun yol jurnalında qeyd aparır və möhürlə təsdiqləyir. İstintaq təcridxanasında (cəzaçəkmə müəssisələrində) qarşılama qarovulunun rəisi müəssisə rəisinin növbətçi köməkçisinə məhbusların iştirakı ilə şəxsi işlərini və onlardan götürülmüş pul və saxlanması qadağan olunmuş əşyaları verir. Qəbul edən müəssisə məhbusa qarovuldan təhvil alınan pul və əşyalar üçün qəbz verdikdən sonra qarovul rəisi onlardan planlı qarovulun rəisi tərəfindən verilmiş qəbzi götürür və xidmətdən qayıtdıqdan sonra Konvoy taborunun qərargahına təhvil verir.
5.27. Müəssisə rəisinin növbətçi köməkçisi məhbusları təhvil almaq barədə qarovulun yol jurnalında qeyd aparır və möhürlə təsdiqləyir.
6.1. Məhbusların qəbulu üçün qarovul müşayiətetmə qurumundan yola düşməzdən əvvəl qarovul rəisinin köməkçisi, mühafizəçi və aşpaz ərzaq və əşyaları avtomobilə yükləyib xüsusi vaqonu qəbul etmək və yola hazırlamaq üçün dəmiryol stansiyasına gedirlər.
6.2. Qarovul rəisi məhbusları xüsusi vaqona mindirməzdən əvvəl borcludur:
6.2.1. xüsusi avtomobilin mühafizəsini təmin etmək;
6.2.2. məhbusların yerləşdirilməsi üçün xüsusi vaqonun hazırlığını yoxlamaq, mühəndis-texniki qurğuların saz olmasına xüsusi diqqət yetirmək və vaqonun qəbulu barədə yol cədvəlində qeyd etmək;
6.2.3. vaqonun bütün qapılarını kilidləmək və bələdçidən ehtiyat açarları götürmək;
6.2.4. mühafizəçiləri posta təyin etmək;
6.2.5. məhbusların kameralarda yerləşdirilməsi qaydaları barədə qarovul rəisinin köməkçisini təlimatlandırmaq;
6.2.6. məhbusların xüsusi avtomobildən düşürdülməsi ardıcıllığını müəyyən etmək.
6.3. Xüsusi vaqona minik zamanı qarovul rəisi işlək tamburun qarşısında vaqonun birləşmə tərəfində dayanır, məhbusları bir-bir ucadan sayaraq vaqona istiqamətləndirir. Onların sayı tamburdakı kamera qarşısındakı mühafizəçilər və qarovul rəisinin köməkçisi tərəfindən təkrarlanır. Minik qurtardıqdan sonra məhbusların düzgün yerləşdirilməsi yoxlanılır.
6.4. Xüsusi vaqonun kamerası qarşısındakı mühafizəçi borcludur:
6.4.1. minmə (düşmə) zamanı məhbusları ucadan sayaraq qəbul etmək və ya təhvil vermək;
6.4.2. qarovul rəisindən və onun köməkçisindən başqa, heç kimə kameraları açmağa icazə verməmək;
6.4.3. məhbusların davranışlarına nəzarət etmək, saxlama rejiminin pozulmasına yol verməmək, qaçmağa meyilli olanlara xüsusi diqqət yetirmək;
6.4.4. məhbuslar tərəfindən saxlama rejiminin pozulması halları, habelə onların şikayət və ərizələri barədə qarovul rəisinə və ya onun köməkçisinə təcili məruzə etmək.
6.5. Qarovul rəisinin köməkçisi daima kameraların qarşısındakı dəhlizdə olmalı, mühafizəçilərin xidmət aparmalarına nəzarət etməli, məhbusların saxlama rejimini pozmasına yol verməməli, qapıların bağlanmasını və barmaqlıqların vəziyyətini yoxlamalıdır.
6.6. Kameraların qarşısındakı mühafizəçilərin növbəsi mühafizə planına uyğun, hər iki saatdan bir dəyişdirilir.
6.7. Qarovul rəisi qatarın dəyişmə məntəqəsinə çatmasından əvvəl borcludur:
6.7.1. yol jurnalına əsasən təhvil veriləcək məhbusları müəyyən etmək, onların şəxsi işlərini və onlardan götürülmüş qadağan olunmuş əşyaları təhvil verməyə hazırlamaq;
6.7.2. təhvil veriləcək məhbusları şəxsi işlərin arayışlarına əsasən yoxlamaq, qadınları kişilərdən, yetkinlik yaşına çatmayanları yetkinlik yaşına çatanlardan, xüsusi təhlükəli məhbusları digər kateqoriyalardan ayrı saxlamaqla, işlək tambura yaxın kameralara keçirmək;
6.7.3. məhbusların qəbulu üçün bir və ya bir neçə kamera hazırlamaq;
6.7.4. köməkçiyə dəyişmə məntəqəsində hansı kameralardan məhbusların təhvil verilməsini göstərmək;
6.7.5. müvəqqəti postlarda xidmət aparmaq üçün mühafizəçiləri hazırlamaq və onlara döyüş xidməti üzrə tapşırıqlar vermək.
6.8. Qatar dəyişmə məntəqəsinə çatdıqda qarovul rəisi vaqonun qapılarının bağlanmasını yoxlayır, mühafizə planına əsasən mühafizəçiləri posta təyin edir, məhbusları qəbul (təhvil) etmək üçün tamburda dayanır.
6.9. Tamburdakı mühafizəçi borcludur:
6.9.1. tamburun qapılarının bağlanmasının möhkəmliyini yoxlamaq;
6.9.2. məhbuslara vaqona giriş (çıxış) zamanı nəzarət etmək, onları ucadan saymaq, tamburda və vaqonun dəhlizində ləngimələrinə və toplaşmalarına yol verməmək;
6.9.3. məhbusların kameralarda yerləşdirilməsinə dair qarovul rəisinin əmrlərini qarovul rəisinin köməkçisinə ötürmək;
6.9.4. dəyişmə qurtardıqdan sonra ayaqyolunu yoxlayıb orada məhbusların olmadığına əmin olmaq.
6.10. Xüsusi vaqonun qarşısındakı mühafizəçi borcludur:
6.10.1. məhbuslara xüsusi vaqona giriş (çıxış) zamanı nəzarət etmək;
6.10.2. xüsusi vaqonun yaxınlığında kənar şəxslərin hərəkət etməsinə və toplaşmasına yol verməmək;
6.10.3. vaqonun altında tutulan bütün şəxsləri saxlamaq və qarovul rəisinə təhvil vermək;
6.10.4. dəyişmə məntəqəsinin yanından keçən qatarların yaxınlaşması barədə qarovul rəisinə məruzə etmək.
6.11. Dəyişmə vaxtı qarovul rəisi tamburdakı və kamera qarşısındakı mühafizəçilərdən və köməkçisindən qəbul edilən məhbusların sayı barədə məruzələri qəbul edir. Onların qəbulu və təhvili qurtardıqdan sonra qarovul rəisi mühafizəçiləri müvəqqəti postlardan çıxarır, tamburun və dəhlizin qapılarını bağlayır, boşalmış kameralara baxış təşkil edir, yol cədvəlində qəbul edilən və təhvil verilənlərin sayını qeyd edir, onları şəxsi işlərinin arayışına əsasən yoxlayır və yol jurnalında qeyd aparır, onların üzərində şəxsi axtarışı təşkil edir və kameralarda yerləşdirir.
6.12. Məhbusları ayaqyoluna müşayiət etmək üçün sayıq növbədə olan mühafizəçi təyin olunur.
6.13.1. məhbusları kameradan çıxartmazdan əvvəl ayaqyoluna diqqətlə baxış keçirmək, pəncərə barmaqlığının sazlığını yoxlamaq və kənar əşyaları götürmək;
6.13.2. məhbusları kameradan çıxararkən qapının sağ tərəfində, daxil olarkən isə qapının sol tərəfində və mümkün ola bilən hücumun qarşısını almaq üçün daim hazır vəziyyətdə olmaq;
6.13.3. vaqonun dəhlizində hərəkət zamanı tapançanı bel kəmərinin qabaq tərəfində saxlamaq;
6.13.4. kişi məhbuslar ayaqyolunda olan zaman onları yarıaçıq qapı və ya baxış pəncərəsi vasitəsi ilə nəzarətdə saxlamaq.
6.14. Qaçmış məhbusların tutulması üçün ehtiyat qrupunun düşməsi, yanğın baş verməsi, vaqonda olanlara təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla, qarovulun şəxsi heyətinə qatarı əyləyici kran vasitəsi ilə saxlamaq qadağandır.
6.15. Qatarın hər saxlandığı hal üçün qarovul rəisi yol cədvəlində qeyd aparır və qatarın briqadiri ilə birgə akt tərtib edir.
6.16. Qarovul rəisi sutkada dörd dəfədən az olmayaraq vaqona daxili və xarici baxış keçirir. Xarici baxış dayanacaqlarda on dəqiqədən az olmayan fasilələr zamanı keçirilir. Baxışın nəticələri yol cədvəlinə qeyd olunur.
6.17. Planlı (birbaşa) qarovulun rəisi xüsusi qarovulun rəisinin xidməti sənədlərini yoxladıqdan sonra onu vaqona buraxır, məhbusları yerləşdirmək üçün onun sərəncamına kamera, şəxsi heyət üçün isə yer ayırır, yol cədvəlində xüsusi qarovulun rəisinin rütbəsi və soyadı, sərəncamın nömrəsi, kim tərəfindən verilməsi, məhbusların sayı, hansı marşrutda birgə gedilməsi barədə qeyd edir.
6.18. Marşrutun son məntəqəsinə çatdıqda qarovul rəisi qəbul edəcək orqana, müşayiət olunmuş məhbusların sayı və rejimlərin növü barədə məlumat verir. Qarşılama qarovulu gəldikdən sonra məhbusların təhvilini təşkil edir, qəbul ediləcək şəxslərin sayını dəqiqləşdirir. Son məntəqədə məhbusları təhvil verdikdən sonra qarovul rəisi şəxsi heyət ilə xidmətin təhlilini aparır və qayıdan zaman qarovulu müşayiət ediləcək şəxsləri qəbul etməyə hazırlayır. Qarovul geriyə qayıdarkən xüsusi vaqonda müşayiət altında məhbus olmazsa, vaqon üzrə gün növbətçisi xidmətini təşkil edir.
6.19. Xüsusi vaqonda planlı və birbaşa qarovul heyətinin xidmətinə nəzarət məqsədi ilə Konvoy taborunun orta rəis heyətindən, xüsusi təhlükəli məhbusların daşınması zamanı isə təhlükəsizliyin təmin edilməsi üçün Penitensiar xidmətin müvafiq xidmət sahələrinin (Əməliyyat-rejim idarəsi, Mühafizə alayı və s.) əməkdaşları təyin olunur. O, xüsusi vaqonla məhbusların daşınması zamanı qarovul xidmətinin fəaliyyətinə nəzarət və bu Təlimatın tələblərinə riayət olunmasını təmin edir. Qarovul xidmətində baş vermiş hadisələr və yol verilmiş nöqsanlar barədə Konvoy taborunun komandirinə məruzə edir.
7.1. Xüsusi qarovul müşayiət olunan məhbusların digərlərindən və kənar şəxslərdən tam təcrid olunmasını təmin etməlidir.
7.2. Məhbusların xüsusi avtomobil vasitəsilə xüsusi vaqonun (hava gəmisinin) mindirilmə yerinə, həmçinin təyin olunmuş məntəqədə istintaq təcridxanalarına (cəzaçəkmə müəssisələrinə) müşayiəti şəxsən xüsusi qarovulun rəisi tərəfindən həyata keçirilir.
7.3. Xüsusi qarovullarla müşayiət edilən məhbusların planlı və birbaşa qarovulların mühafizəsinə verilməsi qadağandır.
7.4. Müşayiət zamanı qarovul bir nəqliyyat vasitəsindən düşüb, digərinə minmə məntəqələrində məhbusların müvəqqəti saxlanılması üçün istintaq təcridxanasına (müvəqqəti saxlama yerinə) təhvil verilməsinə icazə verilir.
7.5. Biri-birindən təcrid edilməsi zəruri olan məhbuslar xüsusi avtomobillərin (vaqonun) ayrı-ayrı kameralarında, istintaq orqanlarının xüsusi tələbi olarsa ayrı-ayrı avtomobillərdə, xüsusi vaqonların (hava gəmilərinin) başqa reysləri ilə müşayiət olunurlar.
7.6. Məhbuslar müşayiət edilən nəqliyyat vasitələrinin kameralarının qapılarının açılıb-bağlanması, həmçinin onların ayaqyoluna müşayiət olunması şəxsən qarovul rəisi tərəfindən həyata keçirilir.
7.7. Təyin olunmuş məntəqədə qarovul rəisi məhbusları istintaq təcridxanası rəisinin növbətçi köməkçisinə təhvil verir və bu barədə qarovulun yol vərəqində imza edir.
7.8. Məhbusların təhvili barədə qarovul rəisi müşayiətetmə qurumunun komandirinə məruzə edir.
8.1. Məhkəmə qarovulları məhbusları məhkəmə binasına məhkəmə iclası başlanmazdan otuz dəqiqədən gec olmayaraq gətirməlidir.
8.2. Məhbusların məhkəmə binasına və geriyə müşayiəti məhkəmə qarovulunun rəisi, həmçinin məhkəmə qarovullarının rəisləri kimi xidməti aparmaq üçün hazırlanmış və Konvoy taboru üzrə əmrlə verilmiş, gizirlərdən təyin olunmuş köməkçiləri tərəfindən həyata keçirilir. Məhbuslar məhkəmə binasına əlavə qarovul ilə müşayiət olunarsa, onların təhvili barədə məhkəmə qarovulunun rəisi tərəfindən bu qarovulun post cədvəlində, əlavə qarovulun rəisi tərəfindən isə məhkəmə qarovulunun post cədvəlində qəbulu barədə qeyd aparılır.
8.3. Məhkəmə binasına gəldikdə qarovul rəisi borcludur:
8.3.1. mühafizə xəttini müəyyən etmək, xüsusi avtomobilin mühafizəsini təşkil etmək, kənar şəxslərin yaxınlaşmasının qarşısını almaq üçün müvəqqəti postlar təyin etmək;
8.3.2. məhkəmə zalına, məhbuslar üçün kameralara və qarovul otağına baxış keçirmək, bu zaman mühəndis-texniki qurğuların işlək vəziyyətdə olmasına xüsusi diqqət yetirmək;
8.3.3. məhkəmə iclasında sədrlik edən hakimə məhbusların gətirildiyini məruzə etmək, müşayiət üçün sifarişə qarovulun çatma vaxtını qeyd etdirmək və məhkəmənin başlama vaxtını dəqiqləşdirmək;
8.3.4. məhkəmə binasında polis naryadının və dövlət icra məmurlarının sayını bilmək və onlarla qarşılıqlı əlaqəni təşkil etmək;
8.3.5. məhbusların müşayiətini təmin etmək üçün şəxsi heyətin döyüş hesabatını aparmaq və qarşılıqlı əlaqə siqnallarının verilməsi hallarını və qaydasını bir daha xatırlatmaq;
8.3.6. məhbusların müşayiət marşrutunu kənar şəxslərdən azad etmək, məhkəmə iclas zalına və müvəqqəti postlara mühafizəçilər təyin etmək;
8.3.7. məhbusların müşayiətini 2-3 nəfər olmaqla, bir-birindən təcrid olunma barədə xüsusi göstəriş olarsa, xüsusi təhlükəli məhbusları, özünə qəsd etməyə meyilli olanları, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunanları tək-tək aparmaq.
8.4. Məhbusların məhkəmə zalına müşayiəti vətəndaşlar zala daxil olmazdan əvvəl və ya məhkəmə zalından çıxdıqdan sonra başlanır.
8.5. Məhbusların gətirilməsi barədə məruzə olunduğu vaxtdan məhkəmə iclası qurtaranadək, onların saxlanmasına və müşayiətinə dair məhkəmə iclasına sədrlik edən hakimin bütün göstərişləri qarovul rəisi üçün məcburidir.
8.6. Məhkəmə iclası zalında məhbuslar saxlanılan mühafizə olunan sahədə xidmət aparan mühafizəçi borcludur:
8.6.1. məhbusların davranışlarına nəzarət etmək;
8.6.2. məhbusların öz aralarında danışmasına, qarovul rəisinin, onun köməkçisinin, məhkəmə iclasına sədrlik edən hakimin icazəsi olmadan ayağa qalxmasına yol verməmək;
8.6.3. məhbusların kənar şəxslərlə söhbət etməsinə imkan verməmək, bu cəhd barədə qarovul rəisinə və ya onun köməkçisinə məruzə etmək.
8.7. Kamera qarşısında xidmət aparan mühafizəçi borcludur:
8.7.1. postu qəbul edərkən qapıların və qıfılların vəziyyətini yoxlamaq;
8.7.2. kameralarda qadağan edilmiş əşyaların olmamasını yoxlamaq;
8.7.3. məhbusları say hesabı ilə qəbul etmək;
8.7.4. məhbuslara daima nəzarət etmək və onlar tərəfindən rejim qaydalarının pozulmasına yol verməmək;
8.7.5. kameraların qapılarının açılmasına yalnız qarovul rəisini və onun köməkçisini buraxmaq.
8.8. Məhkəmə iclası zamanı qarovul rəisi, onun köməkçisi, sayıq olan mühafizəçilər məhkəmə zalında birinci cərgədə, həmçinin qapı, pəncərə və mühafizə planında göstərilən qaçış təhlükəsi olan yerlərdə yerləşməlidirlər. Onlar məhbusları, vətəndaşları nəzarətdə saxlamalı, qaçış və ya hücumun qarşısını almaq üçün daim hazır vəziyyətdə olmalıdırlar.
8.9. Məhkəmə tərkibi zala daxil olan və çıxan zaman, həmçinin hökm elan edilərkən, qarovulun şəxsi heyəti məhbusların, həmçinin vətəndaşların hərəkətlərinə nəzarəti zəiflətmədən «Farağat» vəziyyətində dururlar.
8.10. Mühafizəçilər növbəsi hər bir-iki saatdan bir qarovul rəisi və ya onun köməkçisi tərəfindən məhkəmə iclasına sədrlik edən hakimdən icazə almadan dəyişdirilir. Bu zaman məhkəmə iclası zalında müəyyən olunmuş qaydaların pozulmasına yol verilməməlidir.
8.11. Məhkəmə iclasında sədrlik edən hakimin şifahi göstərişi ilə qarovul rəisi məhbusların vəkillə, ekspertlə, dövlət ittihamçısı ilə danışıqlara və həkim müayinəsindən keçirilməsinə icazə verir, bu zaman onlar mühafizə altından azad edilmirlər. Danışıqlar məhkəmə iclas zalında fasilə zamanı istənilən dildə aparıla bilər.
8.12. Məhkəmə iclası zamanı məhbusların məhkəmə istintaqı aparılması üçün hadisə yerinə (hadisə törədilmiş sahəyə, otağa baxış keçirilməsi) müşayiət edilməsi zərurəti yaranarsa, qarovul rəisi bu barədə Konvoy taborunun komandirinə məruzə edir, məhkəmə iclasına sədrlik edən hakimin göstərişi əsasında sifarişdə göstərilən tarixdə məhbusun hadisə yerinə müşayiətini həyata keçirir.
8.13. Məhkəmə hökmü elan edildikdən sonra qarovul rəisi və onun köməkçisi borcludur:
8.13.1. digər cinayət işi üzrə mühafizə altında saxlanılan şəxslər istisna olmaqla, məhbusun mühafizə altından azad edilməsi haqqında qərarı yerinə yetirir, həmin şəxsi mühafizə altından azad edir və məhkəmə iclasına sədrlik edən hakim bu barədə sifarişdə, post cədvəlində qeyd aparır və imzasını möhürlə təsdiq edir;
8.13.2. mühafizə altından azad edilməsi ilə bağlı qərar çıxarılan, lakin digər cinayət işi üzrə mühafizə altında saxlanılan şəxslər barədə hakimə dərhal məlumat verir;
8.13.3. məhkəmə şəxsin həbsə alınması barədə qərarı dərhal yerinə yetirir, bu şəxsin üzərində axtarış təşkil edir, məhkəmə iclasına sədrlik edən hakimdən məhkəmənin qərarını (hökmün surətini) və istintaq təcridxanasına göndəriş məktubunu götürür, sifarişdə və post cədvəlində həbsə alınmış şəxs barədə qeyd aparır;
8.13.4. təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilərsə, məhkumun əllərinə qandal vurur, onun mühafizəsinə əlavə mühafizəçi təyin edir, Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə edir.
8.14. Məhkəmə iclası qurtardıqdan sonra qarovul rəisi borcludur:
8.14.1. Konvoy taboru üzrə növbətçiyə və ya Konvoy taborunun qərargahına məhkəmə iclasının qurtarması barədə məruzə etmək;
8.14.2. məhkəmə iclasına sədrlik edən hakimdən, mühafizə altından azad olunmuşlar da daxil olmaqla, hər bir məhbus üçün məhkəmə hökmünün surətini almaq, əgər bu sənədlərin tərtibatı qarovulu məhkəmə binasında uzun müddətə gecikdirərsə, hökmdən çıxarışları almaq;
8.14.3. müşayiətetmə üçün sifarişdə məhkəmə iclasına sədrlik edən hakimə qarovulun məhkəmə binasından getmə vaxtını qeyd etdirmək;
8.14.4. məhbusların istintaq təcridxanasına müşayiəti və təhvilini təşkil etmək.
8.15. Qarovul rəisi məhbusları, məhkəmə iclasına sədrlik edən hakimdən qəbul etdiyi sənədləri istintaq təcridxanası rəisinin növbətçi köməkçisinə təhvil verir və möhürlə təsdiqlənmiş qəbz alır, qarovulun istintaq təcridxanasına gəlib-getmək vaxtını qeyd etdirmək üçün müşayiət barədə tələbnaməni təqdim edir, məhkəmə iclası davam edərsə, məhbusların məhkəmə iclasına müşayiəti üçün tələbnamələri qəbul edir.
9.1. Hava gəmisi ilə müşayiət zamanı qarovul xidməti hava gəmisinin növü və sərnişinlərin olması nəzərə alınmaqla təşkil edilir. Qadınların müşayiəti zamanı qarovulun heyətinə göndərən müəssisədən nəzarətçi qadın daxil edilir.
9.2. Mühafizə altında saxlanılan şəxslər hava gəmisi ilə müşayiət olunarkən onların istintaq təcridxanalarından və digər saxlama yerlərindən qəbulu zamanı üzərlərində axtarış aparılmalı, qadağan olunmuş əşyalar götürülməli və əl bağlamalarına baxış keçirilməlidir.
9.3. Aviasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə hava limanında Aviasiya Təhlükəsizlik Xidməti tərəfindən qarovulun şəxsi heyətinin, məhbusların əl bağlamasına və baqajına müəyyən olunmuş qaydada uçuşqabağı baxış keçirilir.
9.4. Hava gəmisinə minik zamanı məhbuslar sərnişinlərdən əvvəl, təhvil zamanı isə sərnişinlərdən sonra müşayiət olunurlar.
9.5. Aviasiya Təhlükəsizlik Xidmətinin rəhbəri ilə razılaşdırıldıqdan sonra həmin xidmətin nümayəndələrinin müşayiəti ilə xüsusi avtomobillər hava limanına daxil olurlar. Xüsusi avtomobillərin dayanacaq yeri hava gəmisinə otuz metr məsafədən yaxın olmamalı və hava limanının müdiriyyəti ilə əvvəlcədən razılaşdırılmalıdır.
9.6. Məhbuslar qarovul rəisi və qarovulun şəxsi heyətinin mühafizəsi altında xüsusi avtomobildən hava gəmisinə və geriyə, qandal tətbiq edilməklə tək-tək müşayiət olunurlar. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara və yetkinlik yaşına çatmayan şəxslərə, əlilliyi olan şəxslərə (özünə və ya ətrafdakılara xəsarət yetirmə halları istisna olmaqla) qandal tətbiq edilmir. Normal şəraitdə məhbuslar hava gəmisinin hər hansı bir hissəsinə (oturacaq, masa və s.) qandalla bağlanmamalıdır.
9.7. Xüsusi avtomobildən hava gəmisinə və geriyə məhbusların müşayiəti zamanı onların mühafizəsi mühafizəçilərlə iki xətt üzrə təşkil olunur. Birinci xətt müşayiət olunanın iki metrliyində, ikinci xətt isə on beş metrliyində təyin olunur.
9.8. Mühafizə altında saxlanılan şəxslərin hava gəmisinin salonunda müşayiəti əllər qabaqda saxlanması şərti ilə və qandal tətbiq edilməklə həyata keçirilir. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara və yetkinlik yaşına çatmayan şəxslərə, əlilliyi olan şəxslərə (özünə və ya ətrafdakılara xəsarət yetirmə halları istisna olmaqla) qandal tətbiq edilmir.
9.9. Qarovul rəisi hava limanının müdiriyyəti və hava gəmisinin kapitanı ilə birlikdə müşayiət olunan şəxslərin hava gəmisində yerlərini dəqiqləşdirir. Bir qayda olaraq, məhbuslar ikinci salonun arxa cərgələrində (dincəlmə yeri zonaları, çıxışın yanı və ya üzbəüz yerlər istisna olmaqla) yerləşdirilir. Hava gəmisinin bortunda məhbusların, həmçinin qarovulun şəxsi heyətinin olması və onların yerləşdiyi yerlər barədə hava limanının təhlükəsizlik xidmətinin nümayəndələri, eləcə də hava gəmisinin bortunda silah daşımağa xüsusi icazəsi olan şəxslər (dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin edən mühafizə xidmətinin əməkdaşlarına) xəbərdar edilməlidir.
9.10. Qarovul rəisi hava gəmisinin kapitanı ilə mütəmadi əlaqə saxlamalıdır. Qarovulun şəxsi heyəti hava gəmisində sərnişinlər üçün müəyyən olunmuş qaydalara məhbusların məcburi riayət etmələrini təmin edir və axırıncı cərgədə dəhliz tərəfdə yerləşdirilirlər. Məhbuslar yalnız iki və artıq oturacaq olan cərgədə yerləşdirilməli, onların və hər bir keçidin arasında ən azı bir mühafizəçi olmalıdır. Uçuş zamanı məhbuslar ayaqyoluna mühafizə altında ayrılıqda olmaqla bir-bir aparılırlar.
9.11. Qarovul rəisinin köməkçisi, hava gəmisi havaya qalxan və enən hallar istisna olmaqla, birinci cərgənin qarşısında ayaq üstdə xidmət aparır.
9.12. Bu Təlimatın 9.13-cü və 9.18-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla məhbusları müşayiət edən qarovulun sayı məhbusların sayından 2 (iki) nəfər çox olmaqla müəyyən edilir. Sərnişin hava gəmisi ilə on nəfər, kiçik hava gəmisi ilə üç nəfər məhbus (bu Təlimatın 3.49-cu bəndinin müddəaları nəzərə alınmaqla) müşayiət olunur.
9.13. Hava gəmisi sərnişinsiz olarsa, etibarlı mühafizənin təmin edilməsi hesabı ilə, məhbusların sayı, qarovulun heyətindən və göndərən müəssisə tərəfindən müşayiət edən şəxslər üçün yerlər də daxil olmaqla, hava gəmisinin ümumi yerlərinin sayından asılı olaraq təyin edilir. Uçuş zamanı hava gəmisinin salonunun qabaq və arxa hissələrində, giriş, qəza və yük qapılarının qarşısında mühafizəçilərin sayı hər biri 2 (iki) nəfərdən ibarət olmaqla müəyyən edilməlidir.
9.14. Hava gəmisinin uçuşu bir saatdan artıq gecikərsə, qarovul rəisi hava limanının müdiriyyəti, xətt polis orqanı ilə xüsusi avtomobilin dayanacaq yerini, hava limanının ərazisi ilə hərəkət marşrutunu, məhbusların, həmçinin qarovulun şəxsi heyətinin soyuq havada qızınması üçün hava limanının otaqlarını, su ilə təmin olunmasını və ayaqyoluna aparılma qaydalarını dəqiqləşdirməlidir.
9.15. Qarovul rəisi uçuş marşrutunun aralıq və ehtiyat hava limanlarında eyni tədbirləri həyata keçirməlidir.
9.16. Hava gəmisi iki saatdan artıq gecikərsə, məhbuslar yaxınlıqdakı istintaq təcridxanasına və ya müvəqqəti saxlama yerlərinə qarovulun və ərazi polis orqanlarının qüvvəsi ilə müşayiət olunurlar.
9.17. Hava gəmisi uçuşa başlamazdan əvvəl mühafizəçilərin odlu silahları, gözyaşardıcı qaz balonları və digər oxşar qaz qurğuları Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən alınır və hava gəmisinin xüsusi təyin edilmiş bölmələrində daşınması məqsədi ilə uçuş heyətinə təhvil verilir, hava gəmisi yerə endikdən sonra onlar hava gəmisinin uçuş heyətindən təhvil alınır. Hər iki halda qarovulun yol cədvəlində hava gəmisinin kapitanı silahların qəbulu və təhvil verilməsi barədə imza edir.
9.18. Əcnəbi vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, xüsusi təhlükəli məhbusların, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin müşayiəti üçün xüsusi qarovullar təyin olunur. Qarovul rəisləri isə Konvoy taborunun qərargahının və ya Konvoy taborunun bölüklərinin zabitlərindən təyin olunur. Bu kateqoriyadan olan şəxslərin müşayiəti gücləndirilməlidir. Xüsusi təhlükəli, o cümlədən qaçmağa meyilli məhbusun daşınması zamanı 3 (üç) nəfərdən az olmayan mühafizəçi təyin olunur və onlar məhbusların sol və sağ tərəfində əyləşirlər. Bu zaman qandallar mühafizə olunan şəxsin hər iki əlinə, mühafizəçinin isə məhbusun hansı tərəfində oturmasından asılı olaraq sol və ya sağ əlinə vurulur. Hər bir reysdə yalnız 1 (bir) nəfər xüsusi təhlükəli məhbusun daşınmasına icazə verilir.
9.19. Göstərilən qaydada müşayiətetmə əməliyyatı şəraitdən asılı olaraq, digər növ qarovullarda da istifadə olunur.
9.20. Hava gəmisində xidmət aparan mühafizəçi borcludur:
9.20.1. məhbusları daim nəzarətdə saxlamaq;
9.20.2. məhbuslara yerlərindən qalxmağa, digər sərnişinlərlə danışmağa, hər hansı əşyanı qəbul etməyə və ya ötürməyə imkan verməmək.
10.1. Məhbusların müşayiəti zamanı təhlükəsizlik tədbirlərinin, yəni xüsusi vasitələrin (rezin dəyənək, əl qandalı, gəzdirilən gözyaşardıcı qaz balonları), fiziki qüvvənin, xidməti itlərin və odlu silahın tətbiq olunmasının hüquqi əsaslarını «Xidməti və mülki silah haqqında», “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat və digər normativ-hüquqi aktlar təşkil edir.
10.2. Xüsusi vasitələr, fiziki qüvvə və xidməti itlər qarovulun şəxsi heyətinin qanuni tələblərinə tabe olmayan, qalmaqal salan və yaxud fiziki müqavimət göstərən məhbusların bu və ya digər qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün tətbiq edilir.
10.2-1. Məhkəmələrin binasında, dayanacaqlarda mühafizə xəttini keçmə cəhdinin qarşısını almaq məqsədi ilə xüsusi vasitələr tətbiq edilir.
10.3. Məhbusların piyada müşayiəti zamanı əl qandalı aşağıdakı hallarda əllər arxada saxlanmaqla tətbiq edilir:
10.3.1. məhbusların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısını almaq üçün;
10.3.2. ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin müşayiəti zamanı.
10.4. Məhbusların hava gəmisində müşayiəti zamanı əl qandalı əllər qabaq tərəfdə olmaqla tətbiq edilir.
10.5. Aşağıdakı hallarda xidməti itlərdən istifadə olunur:
10.5.1. planlı dəmir yol qarovulunun dəyişmə məntəqəsində məhbusların təhvil verilməsi və qəbul edilməsi zamanı;
10.5.2. xüsusi qarovul ilə təhlükəli məhbusların, habelə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin müşayiəti zamanı (hava və su gəmisində müşayiət zamanı istisna olunmaqla);
10.5.3. müşayiət zamanı mühafizə altından qaçan məhbusların axtarışı və tutulması zamanı.
10.7. Qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir.
10.8. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda konvoy taborunun rəhbərliyi bu barədə dərhal Ədliyyə Nazirliyinə, Penitensiar xidmətə, odlu silahın tətbiq edilməsi barədə isə habelə ərazi üzrə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmalıdır.
11.1. Konvoy taborunun şəxsi heyəti döyüş xidməti fəaliyyətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada və aşağıdakı hallarda müstəsna tədbir kimi, əgər digər vasitələrlə ictimai təhlükəli hərəkətlərin qarşısını almaq mümkün deyilsə, odlu silah tətbiq etmək hüququna malikdir. Odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və havaya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər).
11.2. Odlu silah müstəsna tədbir kimi zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısı alınarkən aşağıdakı hallarda tətbiq edilə bilər:
11.2.1. məhbusların müşayiət zamanı qaçmasının qarşısının başqa vasitələrlə alınması mümkün olmadıqda, bu qaçışın qarşısının alınması üçün;
11.2.2. mühafizə altında olan şəxslərə hücum edildikdə;
11.2.3. mühafizə altında olan şəxs tərəfindən vətəndaşlara və digər şəxslərə hücum edildikdə.
11.3. Xəbərdarlıq edilmədən odlu silah yalnız aşağıdakı hallarda tətbiq edilir:
11.3.1. qarovulun şəxsi heyətinə və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən açıq-aşkar hücum zamanı;
11.3.2. silahlı qaçış, nəqliyyat vasitəsindən istifadə etməklə qaçış və ya hərəkətdə olan nəqliyyat vasitəsindən qaçış baş verdikdə;
11.3.3. silahlı müqavimət göstərən şəxsin yaxalanması zamanı;
11.3.4. məhdud görünüşlü hava şəraitində və ya gecə vaxtı qaçış baş verdikdə.
11.4. Konvoy taborunun əməkdaşları odlu silah tətbiq edilərkən vətəndaşların təhlükəsizliyini təmin etməyə, habelə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mümkün olan bütün tədbirləri görməyə borcludur. Odlu silahın tətbiqi üçüncü şəxslərə ziyan yetirməməli və yalnız real təhlükənin qarşısının alınmasına yönəlməlidir.
11.5. Odlu silahın tətbiqi qadağan edilir:
11.5.1. yanğın və partlayış təhlükəsi olan obyektlər istiqamətində;
11.5.2. hava gəmisində.
11.6. Odlu silahın qanunsuz tətbiqinə və yaxud onun tətbiq edilməməsinə görə təqsirkar şəxslər məsuliyyətə cəlb edilirlər.
12.1. Mühafizə altında olan şəxsin mühafizə xəttini müxtəlif üsullarla keçərək pozması — qaçış hesab edilir.
12.2. Mühafizə xətti hesab olunur:
12.2.1. nəqliyyat vasitələrində (hava gəmisi, vaqon, avtomobil, su gəmisi) — nəqliyyat vasitələrinin (hava gəmisinin korpusunun) banının divarları, tavanı, döşəməsi, qapı və pəncərələri;
12.2.2. məhkəmə iclas zalında və saxlama kameralarında — divarlar, tavan, döşəmə, qapı və pəncərələr;
12.2.3. piyada müşayiətetmə zamanı — mühafizə altında olan şəxslərin ətrafında mühafizəçiləri birləşdirən xətt.
12.3. Mühafizə xətti qarovulun mühafizə sxemində qeyd olunur, məhbuslara qarovul rəisi tərəfindən şifahi elan edilir.
13.1. Qarovul rəisi məhbusların etibarlı mühafizəsinə və müşayiətinə, müşayiət xidməti üzrə tapşırığın dəqiq və vaxtında yerinə yetirilməsinə, qarovulun şəxsi heyətinin döyüş hazırlığına, xidmətin düzgün aparılmasına, nizam-intizama, qanunçuluğa və təhlükəsizlik qaydalarına riayət olunmasına, silah və sursatın, mühəndis-texniki qurğuların və nəqliyyat vasitələrinin qorunmasına və işlək vəziyyətdə olmasına, habelə onlardan düzgün istifadə edilməsinə cavabdehdir.
13.2. Qarovul rəisi və qarovulun şəxsi heyəti silahdan istifadə qaydalarına uyğun olaraq silahdan və xüsusi vasitələrdən istifadə etməli, müşayiət xidmətinin aparıldığı şəraitin ağırlaşdığı halda, postlarda mühafizəni gücləndirməli və dərhal bu barədə Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə etməlidir.
13.3. Qarovul rəisi borcludur:
13.3.1. qarovul işini təşkil etmək və onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
13.3.2. məhbusların müşayiəti zamanı etibarlı mühafizəni təşkil etmək, onların qaçmasına, qadağan olunmuş əşyaları əldə etməsinə yol verməmək və bu məqsədlə qabaqlayıcı tədbirlər görmək;
13.3.3. qarovulun şəxsi heyətindən öz vəzifə borclarını mükəmməl bilməyi və dəqiq yerinə yetirməyi, yüksək sayıqlıq və intizam göstərmələrini tələb etmək;
13.3.4. qarovulun şəxsi heyəti ilə məşğələ keçirmək və hadisələr zamanı necə hərəkət etməsi barədə tapşırıqlar vermək;
13.3.5. qarovulun şəxsi heyətinin istənilən vaxt xidmətə hazırlıqlı olmasına, nəqliyyat vasitələrinin, silah və sursatın işlək vəziyyətdə saxlanılmasına, silahın düzgün doldurulub-boşaldılmasına nəzarət etmək;
13.3.6. Konvoy taboru üzrə növbətçiyə xidmətin aparılması şəraiti və nəticələri haqqında müəyyən olunmuş vaxtlarda, hadisə baş verdikdə isə dərhal məruzə etmək;
13.3.7. ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xüsusi təhlükəli və qaçmağa meyilli məhbuslar üzərində gücləndirilmiş nəzarət təşkil etmək;
13.3.8. məhbusların saxlanma rejiminə xüsusi diqqət yetirmək;
13.3.9. qanunvericiliklə qadağan olunmuş əşyaların məhbuslara ötürülməsinin qarşısının alınması və bu şəxslərin tutulub saxlanılması üçün tədbirlər görmək;
13.3.10. qarşılıqlı xidmət aparan qarovullar və dövlət icra məmurları ilə əlaqə saxlamaq, onlara köməklik göstərmək;
13.3.11. qarovulun otağına yalnız buna səlahiyyəti olan şəxsləri buraxmaq;
13.3.12. hadisələr zamanı və məhkəmə iclasında vəziyyətin kəskin ağırlaşdığı halda bu Təlimatda göstərilmiş qaydalara riayət etmək, habelə baş vermiş hadisə və görülmüş tədbirlər haqqında Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə etmək;
13.3.13. mühafizəçilər tərəfindən silah tətbiq edilməsinin hər bir faktını yerində araşdırmaq, dərhal bu barədə Konvoy taborunun komandirinə və Konvoy taboru üzrə növbətçiyə məruzə etmək, post cədvəlində nə vaxt, harada və kim tərəfindən, nə məqsədlə silah işlədilməsi, istifadə edilmiş döyüş sursatının növü və miqdarı haqqında qeydlər aparmaq;
13.3.14. qarovulun şəxsi heyəti tərəfindən silahla davranma zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, şəxsi heyətin sağlamlığına, vaxtında yeməklə, içməli su ilə təmin olunmasına, qış mövsümündə isə donma hallarının qarşısının alınmasına nəzarət etmək;
13.3.15. Konvoy taborunun komandirinin icazəsi ilə şəxsi heyətin xəstələnmiş üzvünü Konvoy taboruna və ya yaxınlıqdakı müalicə müəssisəsinə göndərmək;
13.3.16. tapşırığı yerinə yetirdikdən sonra silahın və döyüş sursatının sayını, vəziyyətini yoxlamaq, xidmətdən qayıtdıqdan sonra Konvoy taborunun bölük komandirinə məruzə etmək;
13.3.17. xidməti tapşırığı yerinə yetirdikdən sonra xidmətin yekunlarını müzakirə etmək, qarovulun hər bir üzvünün fəaliyyətini qiymətləndirmək.
13.4. Qarovulun şəxsi heyətinə daxil olan hər hansı şəxs öz vəzifə borcunu yerinə yetirməzsə, pozuntuya və yaxud nalayiq hərəkətə yol verərsə, qarovul rəisi tədbir görür, lazım gələrsə, həmin mühafizəçini xidmətdən azad edir və bu barədə Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə edir.
13.5. Qarovul rəisi öz vəzifələrini müxtəlif səbəblərdən icra edə bilmədiyi halda, bu barədə Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə edir və onun göstərişi üzrə hərəkət edir.
13.6. Qarovul rəisi aşağıdakı hallarda qarovula «həyəcan» siqnalı verir:
13.6.1. məhkəmə iclasında iştirak edən şəxslərə, mühafizə altında olan şəxslərə və mühafizəçiyə, qarovul otağına hücum edildikdə;
13.6.2. yanğın, qəza, təbii fəlakətlər və digər hadisələr baş verdikdə;
13.6.3. mühafizə altında saxlanılan şəxslər arasında dava, iğtişaş və qaçış baş verdikdə;
13.6.4. Konvoy taborunda ümumi həyəcan siqnalı verildikdə;
13.6.5. qarovulu yoxlayan şəxslərin göstərişi ilə.
13.7. Qarovul rəisi tərəfindən qarovul otağına maneəsiz buraxılırlar:
13.7.1. onun tabe olduğu şəxslər və onları müşayiət etdiyi şəxslər;
13.7.2. qarovulun təyin olunduğu bölüyün taqım komandirləri və baş çavuşu;
13.7.3. birbaşa rəisləri (əgər onları üzdən tanıyırsa).
13.8. Bu şəxslərin qarovula gəlməsi barədə qarovul rəisi Konvoy taboru üzrə növbətçiyə məruzə edir. Digər şəxslər qarovul otağına qarovul rəisi tərəfindən onların gəlişinin məqsədi öyrənildikdən, şəxsiyyətlərini təsdiq edən sənəd və qarovulu yoxlamaq üçün verilən göstəriş yoxlanıldıqdan sonra buraxılırlar. Qarovul rəisi gələnləri qarovul otağının (vaqonun) girişində qarşılayır. Sənədləri düzgün tərtib olunmayanlar barəsində Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə edir və onların göstərişi ilə hərəkət edir.
13.9. Qarovul rəisi qarovulu yoxlamaq halları istisna olmaqla, qarovul otağına hər buraxılış barədə post cədvəlində qeyd aparır.
13.10. Qarovul rəisi, qarovulun xidmətini yoxlamağa gələn şəxsləri qarşılayır və onlara aşağıda göstərilən qaydada məruzə edir: «Yoldaş kapitan, xidmət zamanı qarovulda heç bir hadisə baş verməmişdir (və ya baş vermişdir). Qarovul rəisi gizir Məmmədov». Qarovul rəisi məruzə edən vaxt qarovul otağında olan qarovulun sayıq növbəsi komandasız «Farağat» vəziyyətini alır. Qarovul rəisi ilə eyni və ya böyük rütbəli şəxslər qarovul otağına daxil olarsa, qarovul rəisi özünü təqdim edir: «Yoldaş kapitan, qarovul rəisi gizir Məmmədov».
13.11. Qarovul rəisinə qadağan edilir:
13.11.1. xidməti zərurət olmadan xidmət yerini tərk etmək. Əgər xidməti zərurətlə əlaqədar xidmət yeri tərk edilərsə, qarovul rəisi öz yerinə köməkçisini və ya mühafizəçilərdən birini saxlayır;
13.11.2. qarovulun tabe olduğu şəxslərin icazəsi olmadan qarovulun hər hansı bir üzvünü xidmətdən azad etmək və ya buraxmaq;
13.11.3. qarovul xidmətini təmin etmək üçün ayrılmış nəqliyyat vasitələrindən başqa təyinatlar üçün istifadə etmək;
13.11.4. rabitə vasitələrindən xidmətlə bağlı olmayan söhbətlər aparmaq məqsədilə istifadə etmək və ya onları başqalarına icazə vermək.
13.12. Qarovul rəisinin köməkçisi qarovul rəisinə tabedir. O, borcludur:
13.12.1. qarovulun tapşırığını, qarovul rəisinin təlimatını və qarovulun bütün şəxsi heyətinin vəzifələrini bilmək;
13.12.2. qarovul rəisi olmadıqda və ya istirahət etdiyi zaman onun vəzifələrini icra etmək;
13.12.3. qarovul rəisinin göstərişi ilə məhkəmə iclasında sədrlik edən hakimdən icazə almadan mühafizəçiləri dəyişdirmək və onların xidmətini yoxlamaq;
13.12.4. qarovul üçün ərzaq almaq və qarovul rəisinin göstərişi ilə şəxsi heyətə paylamaq;
13.12.5. qarovulun şəxsi heyətinin müəyyən edilmiş vaxtda yemək qəbul etməsinə, qarovul otağında təmizliyə riayət olunmasına, əmlakın və mühəndis-texniki qurğuların işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
13.12.6. qarovul rəisinin ağır xəstələndiyi (yaralandığı və ya həlak olduğu) halda, dərhal onun vəzifələrinin icrasına başlamaq və təxirəsalınmadan bu barədə Konvoy taborunun komandirinə (Konvoy taboru üzrə növbətçiyə) məruzə etmək.
14.1. Mühafizəçini postdan yalnız qarovul rəisi və onun köməkçisi dəyişdirir və ya kənarlaşdırır.
14.2. Qarovul rəisi, onun köməkçisi vəzifə borclarını hər hansı səbəbdən yerinə yetirə bilmədikdə və yaxud həlak olduqda, mühafizəçinin dəyişilməsi Konvoy taborunun bölük komandiri, daimi xidmət yerindən kənarda xidmət aparan qarovullar üçün isə Konvoy taborunun komandiri tərəfindən həyata keçirilir. Mühafizəçilərin növbəni özbaşına dəyişmələri qadağandır.
14.3. Qarovul rəisinin (onun köməkçisinin) göstərişi ilə mühafizə altında olan şəxsləri qəbul edir. Mühafizəçinin postu qəbul etməsi və təhvil verməsi onun məruzəsi ilə müəyyən edilir.
14.4. Mühafizəçinin vəzifələri aşağıdakılardır:
14.4.1. ona tapşırılmış postu sayıq mühafizə və müdafiə etmək;
14.4.2. xidməti sayıq aparmaq, fikrini yayındırmamaq, silahı yerə qoymamaq və onu, tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək;
14.4.3. mühafizə etdiyi postda tapşırığı yerinə yetirərkən silahı Azərbaycan Respublikasının hərbi qanunvericiliyində nəzərdə tutulmuş qaydada doldurulmuş və istifadəyə hazır vəziyyətdə saxlamaq;
14.4.4. yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;
14.4.5. həyatı təhlükə qarşısında olsa da, postu tərk etməmək, növbənin gəlməsini gözləmək;
14.4.6. mühafizə etdiyi posta qarovul rəisindən, onun köməkçisindən, onların müşayiət etdiyi şəxslərdən başqa heç kimi buraxmamaq;
14.4.7. xidmət apardığı qarovulun xüsusi nəqliyyat vasitələrini tanımaq;
14.4.8. mühafizə etdiyi postda texniki qurğulardan istifadə etməyi bacarmaq, hadisələr zamanı müəyyən edilmiş qaydaya uyğun olaraq hərəkət etmək.
14.5. Mühafizəçiyə qadağan edilir:
14.5.2. oturmaq (xüsusi avtomobildə, hava və su gəmisində xidmət aparan mühafizəçilər istisna olmaqla);
14.5.4. yazmaq və kitab oxumaq;
14.5.5. mahnı oxumaq;
14.5.6. lüzumsuz danışmaq;
14.5.7. yemək, içmək, tütün çəkmək;
14.5.8. məhbuslardan və ya digər şəxslərdən hər hansı bir əşyanı, malları qəbul etmək və ya kiməsə ötürmək;
14.5.9. mühafizə etdiyi postda təbii ehtiyaclarını ödəmək;
14.5.10. zərurət olmadan ona həvalə edilmiş silahda patronu patron yuvasına ötürmək.
14.6. Mühafizəçi yalnız qarovul rəisinin, onun köməkçisinin və ya qarovulu yoxlayan şəxsin suallarına cavab verməlidir.
14.7. Mühafizəçi odlu silahı bu Təlimatın 11-ci hissəsində göstərilən qaydalara uyğun olaraq tətbiq etməlidir.
14.8. Mühafizəçi qəflətən xəstələnərsə, yaxud özünü pis hiss edərsə, dərhal qarovul rəisinə və ya onun köməkçisinə məlumat verir və müvafiq qərar qəbul edilənədək xidməti aparmaqda davam edir.
14.9. Xüsusi avtomobilin sürücüsü qarovul rəisinə, onun köməkçisinə tabedir və qarovul heyəti tərkibində xidmətini davam etdirir. O, eyni zamanda qarovula verilən tapşırığın yerinə yetirilməsi üçün avtomobilin daim hazır olmasına cavabdehdir.
14.10. Xüsusi avtomobilin sürücüsü borcludur:
14.10.1. avtomobili daim işlək və onu hər zaman hərəkətə hazır vəziyyətdə saxlamaq;
14.10.2. hərəkət marşrutunu, onun xüsusiyyətlərini bilmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
14.10.3. qarovul rəisi və ya onun köməkçisinin əmri ilə təyin olunmuş marşrut üzrə hərəkət etmək;
14.10.4. qarovul rəisinin əmri ilə xüsusi avtomobili dərhal dayandırmaq;
14.10.5. qarovul rəisinin əmri ilə mühafizəçinin vəzifələrini icra etmək;
14.10.6. xüsusi avtomobili nəzarətsiz qoymamaq, maşından düşərkən mühərriki söndürmək və maşının açarını özündə saxlamaq;
14.10.7. silah və döyüş sursatını avtomobildə saxlamamaq.
14.11. Sürücüyə xüsusi avtomobili idarə edilməsi məqsədilə digər şəxsə, o cümlədən tabe olduğu şəxslərə vermək qadağandır.
15.1. Xidmətə nəzarət Konvoy taborunun komandiri tərəfindən təyin olunmuş işçi heyəti vasitəsi ilə həyata keçirilir:
15.1.1. bütün məhkəmə və qarşılama qarovulları;
15.1.2. planlı və birbaşa qarovullar başlanğıc məntəqədə bütünlüklə, dəyişmə məntəqəsində natamam;
15.1.3. bütün xüsusi qarovullar başlanğıc məntəqədə və müşayiətetmə qurumunun komandirinin qərarı ilə yolda;
15.1.4. bütün eşelon qarovulları məhbusların qəbul məntəqəsində və yolda.
15.2. Qarovulların xidmətinin yoxlanılması qəfləti xarakter daşımalıdır.
15.3. Qarovulun xidmətini yoxlamalıdırlar:
15.3.1. qarovulların tabe olduğu şəxslər, bu şəxslərdən əlavə qarovulların təyin olunduqları Konvoy taborunun bölüklərin komandirləri, onların müavinləri və bu komandirlərin bütün birbaşa rəisləri;
15.3.2. Konvoy taborunun bölüyün tağım komandirləri və baş çavuşu.
15.4. Qarovulların xidmətini həmçinin yoxlayırlar:
15.4.1. Ədliyyə Nazirinin və onun müavinlərinin, Ədliyyə Nazirliyinin penitensiar müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirən qurumun rəisinin, Penitensiar xidmət rəisinin və onun müavinlərinin tapşırıq verdiyi şəxslər;
15.4.2. Konvoy taborunun komandirinin tapşırıq verdiyi şəxslər;
15.4.3. yoxlama aparılmasına rəhbərlik etmək üçün gəlmiş şəxslər və onların tapşırığı üzrə yoxlama qrupunun üzvlərindən olan zabitlər.
15.5. Qarovulların xidmətinin yoxlanılmasına yalnız bu xidməti yaxşı bilən zabitlər cəlb olunurlar. Qarovulların xidmətini yoxlamaq üçün təyin olunan zabitlər təlimatlandırılırlar.
15.6. Qarovulun yoxlanılması zamanı xüsusi diqqət yetirilir:
15.6.1. xidmətin müvafiq tələblərə və mühafizə planına uyğun aparılması;
15.6.2. şəxsi heyətin mövcudluğu və onların post cədvəlinə uyğun yerləşdirilməsi;
15.6.3. silahın, sursatın mövcudluğu və onların düzgün saxlanılması;
15.6.4. xidmətin təşkilinin keyfiyyəti;
15.6.5. mühəndis-texniki qurğuların və rabitənin vəziyyəti, şəxsi heyətin onlardan istifadə etmək bacarığı;
15.6.6. şəxsi heyətin öz vəzifə borclarını və döyüş hazırlığı üzrə hesabata uyğun hərəkət qaydalarını bilməsi;
15.6.7. səliqə-sahmanın gözlənməsi;
15.6.8. şəxsi heyətin xarici görünüşü, şəxsi gigiyena qaydalarına riayət etməsi və yemək qəbulunun təşkili;
15.6.9. şəxsi heyətin xidmətdə silahla davranış və təhlükəsizlik qaydalarını bilməsi və onlara riayət etməsi.
15.7. Qarovulun xidmətini yoxlayan zabit xidmət şəraitinə, şəxsi heyətlə tapşırığın yerinə yetirilmə şərtlərinə, saxlama rejiminə riayət olunmasına, əmr və göstərişlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Yoxlama vaxtı aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmalı, lazım gələrsə, köməklik göstərilməli və yerində həlli mümkün olmayan məsələlər barədə aidiyyəti üzrə məruzə olunmalıdır.
15.8. Qarovulun xidmətini yoxlayan şəxslər yoxlamaya başlamamışdan onların şəxsiyyətini təsdiq edən sənədi qarovul rəisinə təqdim edirlər.
15.9. Mühafizəçilərin xidmətinin yoxlanılması prosesində aşkar edilmiş nöqsan və çatışmazlıqlar qarovul rəisi və ya köməkçisinin nəzərinə çatdırılır. Yoxlamanın nəticələri və müvafiq göstərişlər post cədvəlində qeyd olunur. Mühafizəçinin xidmət apardığı posta gizli yaxınlaşmaq, mühafizəçinin sayıqlığının müəyyən edilməsi məqsədilə ondan silahı almağa cəhd göstərmək və yaxud bədbəxt hadisələrə gətirib çıxara bilən digər üsullarla yoxlamanın keçirilməsi qadağandır.
15.10. DİN-in xüsusi daşınma qrupunun nümayəndələri şəxsiyyətlərini və səlahiyyətlərini təsdiq edən sənəd təqdim etdikdən sonra, xüsusi vaqonun texniki vəziyyətini, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri yanğın təhlükəsizliyi vəziyyətini, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Gigiyena Epidemiologiya Mərkəzinin nümayəndələri isə sanitar vəziyyətini yoxlaya bilərlər.
16.1. Fövqəladə hallarda hərəkət üçün Konvoy taborunun şəxsi heyəti 1 və 2 nömrəli hazırlıq vəziyyətinə gətirilir:
16.1.1. 2 nömrəli hazırlıq — zabitlər, gizirlər kazarma şəraitinə keçirilir, şəxsi heyət toplanılır və tam geyindirilir, nəqliyyat vasitələri sıra meydanına çıxarılır; döyüş sursatı nəqliyyat vasitələrinə yüklənir, lakin döyüş tapşırığı verilməyib;
16.1.2. 1 nömrəli hazırlıq — şəxsi heyət tam geyindirilir və nəqliyyat vasitələrinə əyləşdirilir, silah və döyüş sursatları şəxsi heyətə paylanır (zəruri hallarda) və müvafiq döyüş tapşırığı verilir. Hərəkətə başlama vaxtı müvafiq əmr alınması ilə başlanır.
16.2. Şəxsi heyəti 1 və 2 nömrəli hazırlıq vəziyyətinə gətirmək hüququ aşağıdakı şəxslərə məxsusdur:
16.2.1. Konvoy taboru üzrə — Penitensiar xidmətin rəisi;
16.2.2. növbətçi manqa — Konvoy taborunun komandiri və ya Konvoy taboru üzrə növbətçi.
16.3. Konvoy taborunun komandiri özündən yuxarı rəisin tapşırıqlarını aydınlaşdırır və şəraiti qiymətləndirərək qabaqcadan baş verə biləcək fövqəladə hadisələr zamanı şəxsi heyətin hərəkəti barədə qərar qəbul edir və aşağıdakıları müəyyənləşdirir:
16.3.1. ehtimal olunan hərəkət rayonunu;
16.3.2. cəlb edilən qüvvə və vasitələr, onların tapşırığı, hərəkət üsulları, hərəkətetmənin qaydaları və marşrutları, təyin olunmuş rayona (məntəqəyə) çatma vaxtı;
16.3.3. qüvvə və vasitələrin hazırlığı və hərtərəfli təminatı üzrə tapşırıqları;
16.3.4. qarşılıqlı hərəkət qaydalarını;
16.3.5. idarəetmənin təşkilini.
16.4. Fövqəladə hallarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə fövqəladə vəziyyət zamanı hərəkət planı hazırlanır. Fövqəladə vəziyyət zamanı hərəkət planı böyük rəisin tapşırıqları və Konvoy taborunun komandirinin qərarı əsasında qarşılıqlı əlaqədə hərəkət edəcək orqanlar ilə birlikdə Konvoy taborunun qərargahı tərəfindən hazırlanır və Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir.
17.1. Fövqəladə hadisələr (qarovula və ya məhbuslara hücum, qaçış, kütləvi itaətsizlik, yanğın, təbii fəlakətlər, qəzalar və s.) zamanı qarovul rəisi dərhal bu barədə Konvoy taborunun komandirinə məruzə edir və qarovulla müvafiq döyüş hesabatı üzrə hərəkət edir. Qarovul həyəcan siqnalı ilə qaldırılır və mühafizə gücləndirilir.
17.2. Qarovulun şəxsi heyətinə, məhkəmə və prokurorluq işçilərinə, həmçinin qarovul otağına məhbuslar (vətəndaşlar) tərəfindən hücum edilərsə, qarovul rəisi qarovulun qüvvəsi ilə hücumun qarşısının alınmasını təşkil edir. Mühafizəçi və yaxud mühafizə altında saxlanılan şəxslər açıq-aşkar hücuma məruz qalarsa, o, «Hücum» siqnalı verməli və hücumu dəf etmək üçün tədbirlər görməlidir. Özünü və digər şəxslərin müdafiəsi üçün cəsarətlə əlbəyaxa döyüş fəndlərindən, zərurət olduqda, xüsusi vasitələrdən, habelə silahdan istifadə etməlidir. Eyni zamanda, onun tərəfindən məhbusların qaçışına və zorla mühafizə altından azad edilməsinə qarşı tədbirlər görülür. Hücum etmədə iştirak etmiş məhbuslar xüsusi vaqonda (avtomobildə) ayrıca kameralarda yerləşdirilir, gücləndirilmiş mühafizə altında saxlanılır və onlara əl qandalı tətbiq edilir. Hücum zamanı saxlanılan digər şəxslər ərazi polis orqanlarına təhvil verilir. Zərərçəkənlərə tibbi yardım göstərilir, hücum haqqında müvafiq akt tərtib edilir.
17.3. Məhbusların hava gəmisi ilə müşayiəti zamanı qarovul heyətinə və mühafizə altında olan şəxslərə hücum, habelə məhbusların müşayiət altından məcburi azad edilməsi cəhdi olduqda, qarovul heyəti, hava gəmisinin kapitanı və təhlükəsizlik xidmətinin nümayəndələrinin birgə səyi ilə qanuna zidd hərəkətlərin qarşısının alınması üçün zəruri tədbirlər görülür.
17.4. Müşayiətetmə zamanı mühafizə altından qaçan məhbusların təqib olunması və tutulması üçün:
17.4.1. qarovul rəisinin köməkçisinin rəhbərliyi ilə ehtiyat qrupu göndərilir;
17.4.2. qaçan məhbusların barəsində müəyyənedici məlumatlar, onların xüsusi əlamətləri, qohumluq və digər əlaqələri müəyyən edilir və Konvoy taborunun komandirinə və ərazi polis orqanlarına məlumat verilir;
17.4.3. yaxın dəyişmə məntəqəsində qaçan məhbusların fotoşəkillərinin çoxaldılması və axtarışda istifadə edilməsi üçün ərazi polis orqanına verilir;
17.4.4. iki nüsxədən ibarət akt tərtib edilir, birinci nüsxə qaçan şəxsin şəxsi işinə, digəri isə Konvoy taborunun qərargahına verilir.
17.5. Bundan əlavə, məhbus qaçarkən:
17.5.1. xüsusi vaqondan — ehtiyat qrupunun düşməsi üçün qatar əyləc kranı ilə dayandırılır (qatarı tuneldə, körpünün üstündə, viadukda kəsilən yolların üstündən salınmış körpülərdə, körpünün altında dayandırmaq qadağandır), yararsız vəziyyətə salınmış kameradan məhbuslar digər kameralara keçirilir, qaçışa şərait yaradan şəxslər aşkar edilir və onlar kiçik kameralarda yerləşdirilir. Qaçan məhbusların axtarışına və tutulmasına köməklik göstərilməsi üçün Konvoy taborunun komandirinə və ərazi polis orqanına məlumat verilir;
17.5.2. xüsusi avtomobildən — avtomobil dayandırılır, qaçan şəxslərin bilavasitə təqibi və tutulması üçün ehtiyat qrupu göndərilir, yararsız kameradan məhbuslar yararlı kameraya və yaxud digər avtomobilə keçirilir;
17.5.3. hava gəmisindən (uçuş başlamazdan əvvəl və başa çatdıqdan sonra) — qaçan şəxslərin bilavasitə təqibi və tutulması üçün ehtiyat qrupu göndərilir;
17.5.4. dəyişmə məntəqəsində — qaçışı görən mühafizəçi, dərhal qaçanların təqibinə başlayır, bu zaman məhbusların dəyişdirilməsi müvəqqəti dayandırılır, planlı (birbaşa) və qarşılama qarovullarının rəisləri xidməti itlərdən istifadə edərək, ehtiyat qüvvəsi ilə qaçanların tutulmasını təşkil edir, sonra qatarın gecikdirilməsinə yol verilmədən məhbusların qəbul edilməsi və təhvil verilməsi davam etdirilir;
17.5.5. piyada müşayiətetmə zamanı — qarovulun bir hissəsi məhbusların yerində mühafizəsini təşkil edir, digər hissəsi isə xidməti itlərlə qaçanları təqib edir. Hesabatda göstərilən istiqamətlərdə, qaçış barəsində ərazi polis orqanları, stansiyaların (hava limanının) müdiriyyəti məlumatlandırılır və onların köməkliyi ilə binalarda və otaqlarda gizlənməsi ehtimal olunan qaçmış məhbusların tutulmasını təşkil edir;
17.5.6. məhkəmə binasından — mühafizəçi dərhal qaçanların təqibinə başlayır, siqnal vasitələrindən istifadə etməklə digər iclas zallarında xidmət aparan qarovulların şəxsi heyəti məlumatlandırılır və qaçan məhbusların tutulması üçün hər zaldan mühafizəçi ayrılır. Əgər qaçanlar məhkəmə binasından kənara çıxmayıblarsa, qarovulun və polis naryadının qüvvəsi ilə məhkəmə binasının mühafizəsi, qaçanların məhkəmə binasının daxilində və ərazidə axtarışı təşkil olunur.
17.6. Məhbusların kütləvi itaətsizliyi zamanı qarovul rəisi borcludur:
17.6.1. hadisəni və onun təhlükəlilik dərəcəsini dərhal və hərtərəfli qiymətləndirmək, bu zaman səbr, dözümlülük və soyuqqanlılıq göstərmək;
17.6.2. intizam qaydalarını pozanlara, onların hərəkətlərinin qanunsuz olduğunu izah etmək və pozuntunu dayandırmağı tələb etmək;
17.6.3. ilkin mərhələdə qanun pozuntularının, kütləvi itaətsizliyin qarşısını almaq üçün fəal iştirakçıları və səbəbkarları tez və qətiyyətlə təcrid etmək;
17.6.4. digər məhbusların qayda pozuntusu başvermə yerinə daxil olmasını məhdudlaşdırmaq;
17.6.5. itaətsizliyin səbəblərini müəyyən etmək, məhbusların qəza, yanğın və digər qanuna zidd hərəkətlər törətməsinin qarşısının alınması üçün tədbirlər görmək;
17.6.6. intizam pozuntusu barədə akt tərtib etmək və həbs edilmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması üçün həmin aktı istintaq təcridxanasının müdiriyyətinə göndərmək;
17.6.7. məhbuslarda qadağan olunmuş əşya aşkar edildikdə müvafiq qaydada protokol tərtib etmək və əşya ilə birlikdə tədbir görülməsi üçün məhbusun saxlandığı istintaq təcridxanasının müdiriyyətinə göndərmək.
17.7. Qarovul otağında, nəqliyyat vasitəsində və ya mühafizə olunan obyektdə yanğın baş verən zaman, bunu birinci görən mühafizəçi «Yanğın» siqnalı verir. Yanğının söndürülməsi qarovulun şəxsi heyətinin qüvvəsi ilə bütün yanğınsöndürmə vasitələrindən istifadə olunmaqla təşkil edilir. Yanğınsöndürənlər dəstəsi çağırılır və insanların, silahların, texniki vasitələrin, əmlakın və sənədlərin xilas edilməsi üçün tədbirlər görülür.
17.8. Həyatı üçün yanğın təhlükəsi olan mühafizəçi, daha təhlükəsiz yerə keçir və oradan qoyulmuş tapşırıqların yerinə yetirilməsini davam etdirir.
17.9. Yanğın zamanı nəqliyyat vasitəsinin hərəkəti dayandırılır. Vaqonda baş vermiş yanğını qarovulun qüvvəsi ilə ləğv etmək mümkün olmadıqda, qatar əyləc kranı ilə dayandırılır. Yanğının söndürülməsinə yanğın söndürənlər dəstəsi və qatarın briqadası buraxılır.
17.10. Zəruri hallarda qarovul rəisi məhbusları vaqondan (avtomobildən) düşürdür və onların mühafizəsini təhlükəsiz yerdə təşkil edir.
17.11. Təbii fəlakətlər (sel, zəlzələ, qasırğa və s.) zamanı qarovul rəisi zərərçəkənlərə kömək göstərilməsini, əmlakın və silahların xilas edilməsini, mühafizə altında olan məhbusların daha təhlükəsiz yerə keçirilməsini təşkil edir, dövlət əmlakının qorunması və müəyyən olunmuş rejimin saxlanılması üçün tədbirlər görür.
17.12. Qatar, hava gəmisi qəzaya uğradıqda qarovul rəisi borcludur:
17.12.1. məhbusların mühafizəsini təşkil etmək;
17.12.2. şəxsi heyətin, məhbusların təhlükəsiz yerə keçirilməsi üçün tədbirlər görmək, zərərçəkənlərə köməklik göstərmək;
17.12.3. ərazi polis orqanı ilə əlaqə yaratmaq və hadisə barədə onlara məlumat vermək.
17.13. Müşayiəti davam etdirmək mümkün olmadıqda məhbuslar yaxınlıqdakı istintaq təcridxanasına və ya müvəqqəti saxlama yerinə təhvil verilir.
17.14. Planlı marşrutlar üzrə xüsusi vaqonun uzunmüddətli gecikmə hallarında qarovul rəisi Konvoy taborunun komandirinə və ərazi polis orqanına məlumat verir.
17.15. Qatarın qəzaya uğraması nəticəsində qarovula dəyən maddi ziyan barədə, qarovul rəisi dəmiryol stansiyasının müdiriyyətinin nümayəndəsi ilə birgə akt tərtib edir və geriyə qayıdarkən aktı Konvoy taborunun qərargahına təqdim edir.
17.16. Xüsusi avtomobil qəzaya uğradıqda qarovul rəisi borcludur:
17.16.1. əgər avtomobilin istismarı mümkün olmazsa, qarovul rəisi Konvoy taborundan onları müşayiət edən avtomobildə olan əməkdaşların köməyindən istifadə etməklə digər xüsusi avtomobil çağırtmaq, məhbusların hadisə yerinə gəlmiş avtomobilə mindirilməsini və təyin olunmuş yerə müşayiət olunmasını təşkil etmək;
17.16.2. əgər məhbusların digər avtomobilə mindirilməsi mümkün olmazsa, qarovul rəisi onları müşayiət edən avtomobildə olan əməkdaşların köməyi ilə nasaz avtomobilin yedəklə yaxınlıqdakı istintaq təcridxanasına (müvəqqəti saxlama yerinə) aparılmasını təşkil etmək;
17.16.3. əgər qəza yaşayış məntəqəsindən kənarda baş verərsə və avtomobilin istismarı mümkün olmazsa, onları müşayiət edən avtomobildə olan əməkdaşların köməyindən istifadə etməklə məhbusları avtomobildən düşürtmək və digər avtomobil gələnə qədər əlverişli yerdə onların mühafizəsini təşkil etmək.
18.1. Müşayiət zamanı baş vermiş hadisələr barədə məlumat daxil olduqda Konvoy taborunun komandiri borcludur:
18.1.1. dərhal Penitensiar xidmətin rəhbərliyinə məruzə etmək;
18.1.2. şəraiti qiymətləndirmək;
18.1.3. bu Təlimata uyğun müvafiq qərar qəbul etmək;
18.1.4. tabeçilikdə olan şəxslərə tapşırıq vermək və şəxsən onların hərəkətlərinə rəhbərlik etmək.
18.2. Mühafizə olunan obyektə, məhkəmə iştirakçılarına hücum olarsa, Konvoy taborunun komandiri borcludur:
18.2.1. hücum barədə dərhal Penitensiar xidmətin rəhbərliyinə məruzə etmək;
18.2.2. şəxsi heyəti «həyəcan» siqnalı üzrə qaldırmaq;
18.2.3. ehtiyat qüvvəsi ilə hadisə yerinə getmək və hücumu dəf etmək üçün şəraitdən asılı olaraq tədbirlər görmək.
18.3. Məhbuslar hadisə yerindən qaçarlarsa, bu zaman onların təqib olunması təşkil edilir.
18.4. Qaçış zamanı Konvoy taborunun komandiri borcludur:
18.4.1. qaçış barədə dərhal Penitensiar xidmətin rəhbərliyinə məruzə etmək;
18.4.2. şəxsi heyəti «həyəcan» siqnalı ilə qaldırmaq;
18.4.3. mühafizə altından qaçan şəxsin təqib olunmasını təşkil etmək;
18.4.4. ərazi polis orqanlarına və axtarışda iştirak edən digər qurumlara istiqamətləndirici məlumatlar vermək;
18.4.5. qaçan şəxsin hərəkətinin güman olunan istiqamətini müəyyən etmək və axtarışa əlavə qüvvələr cəlb etmək;
18.4.6. axtarış qrupu ilə hadisə yerinə baxış keçirmək, qaçan şəxsin əlamətləri və fotoşəkilləri üzrə nəqliyyat vasitələrində axtarışını təşkil etmək və yerli əhali arasında sorğu aparmaq;
18.5. Penitensiar xidmətin rəhbərliyinə baş verən hər bir dəyişiklik və görülən axtarış tədbirlərinin nəticələri barədə məruzə etmək.
19.1. Müşayiətetmə zamanı qaçan şəxsin axtarışına Penitensiar xidmətin rəisinin qərarı ilə Penitensiar xidmətin müvafiq strukturları və ərazi polis orqanları cəlb edilir. Penitensiar xidmətin rəisi qaçan şəxslərin axtarışının təşkilində və axtarışda iştirak edən bütün qüvvələrə rəhbərlik edir.
19.2. Qaçmış məhbusların axtarışı və tutulması üçün göndərilir:
19.2.1. təqib qrupu — qaçandan sonra gizlənməyə cəhd edən məhbusların tutulması üçün;
19.2.2. axtarış postu (daimi və ya müvəqqəti);
19.2.3. axtarış qrupları — qaçmış məhbusların müəyyən rayonda axtarışı və tutulması, habelə qaçmış məhbusların qohumluq və digər əlaqələr üzrə, həmçinin sərnişin nəqliyyatında axtarış aparılması üçün.
19.3. Axtarış qruplarının sayı, silahları, geyimi Konvoy taborunun komandiri tərəfindən yerinə yetirilən tapşırıqların xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
19.4. Axtarış qrupunun rəisi qaçan məhbusların axtarılması və tutulması üçün qoyulan tapşırıqların dəqiq yerinə yetirilməsinə cavabdehdir.
19.5. Onun aşağıdakı hüquqları vardır:
19.5.1. verilən tapşırıqların yerinə yetirilməsi üçün yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli əhali ilə axtarılan şəxslərin tutulması məqsədi ilə əlaqəyə girmək;
19.5.2. rabitə vasitələrindən məruzə üçün istifadə etmək;
19.5.3. müəyyən olunmuş qaydada silah tətbiq etmək;
19.5.4. qaçışda şübhəli bilinən şəxslərin sənədlərini yoxlamaq, əgər qrup ilə birlikdə polis işçisi olarsa, zəruri hallarda nəqliyyat vasitələrini dayandıraraq yoxlamaq.
19.6. Tutulan şəxs aşağıdakı əsaslardan biri olduqda həbs edilir:
19.6.1. axtarış qrupunun müşahidə sektorunda olan məhbuslar təqib olunan və ya qaçdığı anda tutulduqda;
19.6.2. qaçmış şəxsi axtarış qrupunun üzvlərindən kimsə tanıyarsa və ya hadisənin şahidi olanlar həmin şəxsi qaçmış şəxs kimi göstərərsə;
19.6.3. tutulan şəxs dindirmə zamanı özünün qaçan şəxs olduğunu etiraf edərsə;
19.6.4. şübhəli şəxsdə və ya onun paltarında qaçışın izləri aşkar olunarsa və ya tutulan şəxsin əlamətləri qaçan şəxsin əlamətləri ilə uyğun gələrsə.
19.7. Axtarış qrupunun rəisi borcludur:
19.7.1. axtarılan şəxslərin əlamətlərini və anket məlumatlarını bilmək;
19.7.2. hər bir qrup üzvünə tapşırıq vermək və axtarış zamanı onların hərəkətlərinə rəhbərlik etmək;
19.7.3. müəyyən edilmiş axtarılan şəxsi tutulana qədər təqib etmək;
19.7.4. əraziyə, tikililərə, nəqliyyat vasitələrinə baxış keçirmək, axtarışda olanlar haqqında məlumatlar toplamaq və onlardan bacarıqla istifadə etmək;
19.7.5. qarşılıqlı əlaqədə olan qruplar ilə rabitə əlaqəsi saxlamaq və onlara kömək göstərmək üçün daima hazır olmaq;
19.7.6. tutulan şəxslərdən silahı, sənədləri, qiymətli əşyaları götürmək məqsədi ilə onların üzərində diqqətlə axtarış aparmaq;
19.7.7. tutulan şəxslərin mühafizəsini və yaxınlıqdakı ərazi polis orqanına müşayiətini təşkil etmək;
19.7.8. qrupun şəxsi heyəti ilə qanunçuluğun, nizam-intizamın tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
19.7.9. axtarış qrupunu göndərən şəxsə (komandirə) axtarışın gedişi və nəticələri barədə məruzə etmək.
19.8. Axtarış qrupuna verilmiş əmrdə aşağıdakılar göstərilir:
19.8.1. axtarılanlar barəsində məlumatlar;
19.8.2. qrupun heyəti və onun rəisi;
19.8.3. tapşırıq və xidmət aparma yeri (rayon, məntəqə, sahə və axtarış istiqamətləri);
19.8.4. harada və hansı digər axtarış qrupları iştirak edir;
19.8.5. axtarılan şəxslər müəyyən edilən və ya onların yerləri barədə məlumat alınan zaman qrupun hərəkəti;
19.8.6. digər axtarış qrupları ilə ərazi polis orqanlarının nümayəndələri və axtarışda iştirak edən digər qüvvələr ilə qarşılıqlı hərəkətetmə qaydaları;
19.8.7. silahın tətbiq edilməsi qaydaları;
19.8.8. əlaqə saxlamaq üsulları və qarşılıqlı tanınma siqnalları;
19.8.9. axtarışın aparılması müddəti.
20.1. Penitensiar xidmətin baş idarəsi bu Təlimatın icrasına nəzarət edir və onun müddəalarına dönmədən əməl edilməsini təmin edir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinə
Sifariş verən qurumun rəhbəri _________________________________________________
“____” ____________________ 20 ____il
«______» _______________ 20____ il.
1. Həbs edilmiş şəxsin, məhkumun soyadı, adı, atasının adı (bir neçə soyadı olduqda, hər biri göstərilməli)
2. Anadan olduğu il və yer (ünvan tam göstərilməli)
3. Həbs edilənədək yaşayış yeri (ünvan tam göstərilməli)
4. Hara və kimin sərəncamına göndərilir (şəhər) penitensiar müəssisə, müvəqqəti saxlanılma yerinin adı
5. Qarovul tərəfindən harada təhvil verilməlidir (stansiyanın və limanın adı), hansı ötürücü məntəqələrdən keçməlidir (Penitensiar müəssisələri, müvəqqəti saxlanılma yerləri)
6. Müşayiət üçün əsas (naryad, göstəriş, istintaq orqanının və məhkəmə qərarı, nömrə və tarixi)
7. Kateqoriyası (məhkum, həbs edilmiş şəxs, yet.yaşına çatmamış, rejimin növü, ömürlük azadlıqdan məhrum edilmiş, əcnəbi və s.)
8. Hansı məhkəmə tərəfindən məhkum olunmuşdur (nə vaxt, CM-nın hansı maddəsi üzrə, hansı müddətə və ya hansı maddə üzrə təqsirli bilinir)
9. Gücləndirilmiş mühafizə tələb olunurmu və nə üçün
10. Xüsusi əlamətləri
11. Həkimin arayışları:
a) səhhətinin vəziyyəti barədə (sağlamdır, vərəmli xəstədir, ruhi xəstədir, müşayiətsiz hərəkət edə bilərmi)
b) sanitar təmizlənmədən keçməsi barədə (tarixi)
c) cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının, müvəqqəti saxlanılma yerinin epidemioloji vəziyyəti barədə
Həkim _____________________________
Rəis _______________________________
Qeyd: Arayış aydın şəkildə, sözlər qısaldılmadan, mürəkkəblə doldurulmalıdır. Bütün suallar tam cavablandırılmalıdır. Paket açıldığı təqdirdə, arayış mütləq şəxsi işə əlavə olunmalıdır.
Cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuşlar və qaçmağa meyilli şəxslər barədə arayışda qırmızı xətt olmalıdır.
1. 25 avqust 2016-cı il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608250015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 avqust 2016-cı il)
2. 24 aprel 2018-ci il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804240008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 aprel 2018-ci il)
28 sentyabr 2018-ci il tarixli 23-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809280023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 sentyabr 2018-ci il)
27 dekabr 2018-ci il tarixli 32-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812270032, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2018-ci il)
29 dekabr 2022-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212290010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2022-ci il)
22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI