1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tutulmuş şəxs - cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxs, ittiham elan etmək üçün tutulmuş şəxs, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş təqsirləndirilən şəxs, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tutulmuş məhkum;
1.0.2. həbs edilmiş şəxs - barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs;
1.0.3. məhkum olunmuş şəxs - barəsində məhkəmə tərəfindən çıxarılan ittiham hökmü qanuni qüvvəyə minmiş şəxs;
1.0.4. qadağan olunmuş əşyalar - tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən həbs yerlərində hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyalar, habelə həbs yerində saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərə digər şəxslər tərəfindən yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyalar.