19.1. Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər.
19.2. Hüquqi yardım istədiyini bildirən tutulmuş və ya həbs edilmiş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
19.3. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Bu ifadələrin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.
19.4. Tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, tutulmuş və ya həbs edilmiş şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaiti olmadığına görə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində müəyyən edilmiş hallarda tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
19.5. Müdafiəçidən imtina edən tutulmuş və ya həbs edilmiş şəxs müdafiəçi ilə təmin olunmaq istəyini bildirdiyi halda bu hüquqdan istifadə edə bilər.
19.6. Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.
19.7. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.
19.8. Tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.