33.1. Həbs yerlərinin müdiriyyətinin aşağıdakı vəzifələri vardır:
33.1.1. həbs yerinə gətirilmiş tutulmuş və ya həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:
33.1.1.1. adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;
33.1.1.2. şəxsin tutulmasının və ya həbs edilməsinin əsası və onun tutulması və ya həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;
33.1.1.3. həbs yerinə gətirilmənin tarixi və vaxtı;
33.1.1.4. tutulmuş və ya həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;
33.1.1.5. tutulmuş və ya həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;
33.1.1.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, tutulmuş və ya həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki pozuntuları barədə məlumatlar;
33.1.2. tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanının yaradılması (həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək və bu cür məlumatın verildiyini qeydə almaq;
33.1.3. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerinə gətirildikdən sonra təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;
33.1.4. tutulmuş və ya həbs edilmiş şəxsləri hüquq və vəzifələri, Daxili intizam qaydaları, həbs yerində saxlanılma rejimi, təklif, ərizə və şikayətlərin verilməsi qaydası ilə tanış etmək və onlara bu barədə izahat vermək;
33.1.5. tutulmuş şəxslərin həbs yerlərində müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərini təmin etmək;
33.1.6. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;
33.1.7. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerində şəxsi təhlükəsizliyini təmin etmək;
33.1.8. tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətlərini həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara vermək;
33.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;
33.1.10. tutulmuş və ya həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək;
33.1.11. tutulmuş və ya həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;
33.1.12. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslərin ayrılıqda saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin digər tutulmuş və ya həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;
33.1.13. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;
33.1.14. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə həbs yerində istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
33.1.15. tutulmuş və ya həbs edilmiş şəxsləri məhkəmənin qərarına əsasən digər həbs yerinə köçürmək;
33.1.16. həbs edilmiş şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;
33.1.17. həbs edilmiş şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;
33.1.18. həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq;
33.1.19. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və bu Qanunun 48-ci maddəsi ilə müəyyən edilmiş hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal həbsdən azad etmək.
33.2. Həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra keçirilmiş tibbi müayinənin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlara əlavə olunmasını təmin etməlidir.
33.3. Tutulmuş və ya həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:
33.3.1. prosessual hərəkəti həyata keçirən orqan;
33.3.2. prosessual hərəkətin yeri və vaxtı;
33.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.