36.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində mühafizə olunur və nəzarət altında saxlanılırlar. Həmin şəxslər həbs yerinin ərazisində həbs yerinin işçilərinin müşayiəti ilə hərəkət edirlər.
36.2. Nəzarət həyata keçirilərkən video, elektron və ya digər texniki vasitələrdən istifadə edilə bilər.
36.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir və onların barəsində şəxsi axtarış tətbiq edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır.
36.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin barəsində sanitariya-gigiyena tədbirləri və ya onların üzərində şəxsi axtarış həbs yerinin eyni cinsdən olan işçiləri tərəfindən həyata keçirilir.
36.5. Tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə onlar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya həbs yeri müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir. Tutulmuş və ya həbs edilmiş şəxs təhvil verilən əşyaların siyahısını imzalayır.
36.6. Tutulmuş və ya həbs edilmiş şəxsdə aşkar edilən pul onun sahibinin şəxsi hesabına köçürülür. Tutulmuş və ya həbs edilmiş şəxsdə aşkar edilən qiymətli kağızlar və ya özündə saxlanılması icazə verilməyən digər əşyalar həmin şəxsin vəsatəti ilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tutulmuş və ya həbs edilmiş şəxsin yaxın qohumlarına və ya digər şəxslərə onların razılığı olduqda verilir.
36.7. Tutulmuş və ya həbs edilmiş şəxslərdən götürülüb anbara təhvil verilmiş əşyalar yaxşı vəziyyətdə saxlanılmalıdır. Anbara təhvil verilmiş əşyaların məhv edilməsi barədə qərar qəbul edildikdə bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir.
36.8. Tutulmuş və ya həbs edilmiş şəxs özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.
36.9. Həbs yerinin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı həbs yerinin əməkdaşları tərəfindən gələn və gedən şəxslərin əşyaları və geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır, qadağan olunmuş əşyalar aşkar edildikdə onlar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Həbs yerinə gələn şəxslərdə və ya nəqliyyat vasitələrində tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.
36.10. Tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerindən istintaq təcridxanasına keçirilərkən onlardan götürülmüş özlərində saxlanmasına icazə verilməyən əşyalar siyahıya alınaraq istintaq təcridxanasına göndərilir.