48.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qəbul etdiyi qərar həbs yerinin müdiriyyəti tərəfindən dərhal icra edilir.
48.2. Aşağıdakı hallarda həbs yerinin rəisi cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan müvafiq protokol tərtib etməklə, tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad edir:
48.2.1. həbs qətimkan tədbirinin məhkəmə qərarında müəyyən edilmiş müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;
48.2.2. tutma və ya həbsdə saxlamanın Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan son müddəti başa çatdıqda və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda;
48.2.2-1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;
48.2.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.
48.3. Həbs edilmiş şəxsin həbsdə saxlanması müddətinin başa çatmasına 7 gün qalmış həbs yerinin rəisi bu barədə cinayət prosesini həyata keçirən orqana məlumat verir.
48.4. Tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsinin tarixi və vaxtı qeyd edilir.
48.5. Tutulmuş və ya həbs edilmiş şəxs azad edildikdə onun anbara təhvil verdiyi əşyalar və pul vəsaitləri qaytarılır. Tutulmuş və ya həbs edilmiş şəxs əmlakın ona qaytarıldığını imzası ilə təsdiq edir.
48.6. Həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin bu Qanunun 48.1-ci və 48.2-ci maddələrində göstərilən hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad etməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.