Qanunvericilik › Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar – terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır;

1.1.2. hədəfli maliyyə sanksiyaları – sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması tədbirləridir;

1.1.3. kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi – nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif mənzilli ballistik və qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materialların (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, əldə edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir;

1.1.4. qurumlar – hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar və müəssisələr, dövlət və ya qeyri-dövlət orqanlarıdır (qurumlarıdır);

1.1.5. aktivlər – əldə edilmə üsulundan asılı olmayaraq istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri (maliyyə aktivləri, iqtisadi resurslar (neft və digər təbii ehtiyatlar da daxil olmaqla), daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, virtual aktivlər, habelə belə əmlak nemətlərinin əldə edilməsindən yaranan faizlər, dividendlər və ya digər gəlirlər, eləcə də bu əmlak nemətləri üzərində hüquqlarını təsdiq edən, elektron (rəqəmsal) da daxil olmaqla istənilən növ hüquqi sənədlər, həmçinin bu əmlak nemətlərinin əldə edilməsi üçün istifadə edilə bilən istənilən növ digər aktivlərdir;

1.1.6. aktivlərin dondurulması – bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivlərin köçürülməsinin, konversiyasının, hərəkətinin, habelə həmin aktivlərə sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsinin qadağan edilməsidir;

1.1.7. beynəlxalq siyahılar – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılardır;

1.1.8. ölkədaxili siyahı – terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahıdır;

1.1.9. hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı – hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və idarə olunan internet informasiya ehtiyatıdır;

1.1.10. iqtisadi resurslar – aktivlərin, əmtəə və ya xidmətlərin əldə edilməsinə imkan verən bütün növ əmlak, faktiki və ya potensial təbii resurslar, habelə enerji resursları, həmçinin heyvan və bitkilərdir;

1.1.11. təxirəsalınmadan - bu Qanunda nəzərdə tutulan hərəkətlərin dərhal və ya bir neçə saat ərzində həyata keçirilməsidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver