Qanunvericilik › Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi

Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Aşağıdakı fiziki şəxslər və qurumlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər:

7.1.1. terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

7.1.2. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;

7.1.3. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

7.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Azərbaycan Respublikası Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra – nəzarət orqanlarının), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

7.3. Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə ölkədaxili siyahıya daxil edilməsinin səbəbini öyrənmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.

7.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına həmin fiziki şəxsin və ya qurumun mənsub olduğu dövlətin sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların siyahısına əlavə edilməsi üçün sorğu göndərir. Sorğuda fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1–7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar və onların ətraflı eyniləşdirmə məlumatları qeyd olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver