Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Bu Qanunda:
“Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür;
“peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri” dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı birlikləri başa düşülür;
“işçi” dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür;
“işəgötürən” dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, xüsusi icra məmuru, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs başa düşülür;
“müəssisə” dedikdə, bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları başa düşülür;
“təhsil alan şəxslər” dedikdə, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində istehsalatdan ayrılmaqla müvafiq sənətə, peşəyə, ixtisasa yiyələnən tələbələr başa düşülür.