“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Bakı şəhəri 26 dekabr 2005-ci il
1. Bu Qayda “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması qaydasını müəyyən edir.
2. İrsi qan xəstəliyi olan şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin sağlamlığı, ağırlaşmalar, əlillik və ölüm halları, habelə müalicə-profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədi ilə yaradılır.
3. Hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində yaradılır.
4. Registrdə xəstənin şəxsiyyəti, xəstəliyi barədə məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart məlumat bankına daxil edilir.
5. Hemofiliyalı və talassemiyalı xəstələrin xüsusi kartlarının forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
6. Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərin xüsusi kartları qeydiyyatda olduqları tibbi müəssisələrdə onlara diaqnoz qoyulduğu tarixdən bir aydan gec olmayaraq və bundan sonra ildə 2 dəfə (yanvar və iyul aylarının sonundan gec olmayaraq) mövcud olan məlumatlar əsasında müalicə həkimi tərəfindən doldurulur.
7. Doldurulmuş xüsusi kart tibbi müəssisənin rəhbəri tərəfindən imzalanır və qoşma məktubla birlikdə müvafiq registrə təqdim edilir.
8. Təqdim olunmuş xüsusi kartların uçot jurnalları və bu kartlar daxil edilən qovluqlar irsi qan xəstəliyi olan şəxslərin registrinin tərkib hissəsidir.
9. Xüsusi kartların uçot jurnalı və bu kartlar daxil edilən qovluqlar daimi saxlanılır.
10. İrsi qan xəstəliyi olan şəxslərin registrində hemofiliya və talassemiyanın kliniki və genetik formalarına uyğun bölmələr ayrılır.
11. İrsi qan xəstəliyi olan şəxslərin registri kağız üzərində və elektron daşıyıcılarında aparılır. İrsi qan xəstəliyi olan şəxslərin registrinin kağız üzərində və elektron daşıyıcısındakı məlumatlar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir.
1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
2. 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)
3. 8 oktyabr 2020-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2020-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1269)
4. 21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)
5. 4 dekabr 2024-cü il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 dekabr 2024-cü il, “Xalq” qəzeti, 11 dekabr 2024-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1315)