Qanunvericilik › Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda;

8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver