Qanunvericilik › Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İstirahət hüququ

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir.

Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğun olaraq qoşun hissəsinin gün rejimi və zabitlərin, gizirlər və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət vaxtı reqlamenti ilə müəyyən edilir.

Xidmət həftəsinin müddəti aşağıdakı kimi müəyyən edilir:

müddətli xidmət həqiqi hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları üçün—bir istirahət günü ilə altıgünlük;

zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün— iki istirahət günü ilə beşgünlük.

Döyüşə və səfərbərliyə hazırlığın təmin edilməsi ilə bağlı olan təlimlər, kəmi yürüşləri, təlim atışları və başqa tədbirlər komandanlığın planlarına əsasən, xidmət vaxtının ümumi müddəti məhdudlaşdırılmadan keçirilir.

Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir:

a) növbəti məzuniyyətlər;

b) qısa müddətli məzuniyyətlər;

c) xəstəliyə görə məzuniyyət;

ç) tədris təlimi zamanı məzuniyyət;

d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət;

e) təhsil məzuniyyəti;

ə) yaradıcılıq məzuniyyəti;

f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər;

g) əlavə məzuniyyət.

İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir.

Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—10 günlük məzuniyyət verilir.

Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi hissəsinin ərazisindən buraxılmaq hüququna malikdirlər. Buraxılmanın müddəti və qaydası hərbi nizamnamələr ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver