2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir;
2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;
2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;
2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır;
2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.
2.0.6. hərbi uçot ixtisası – Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır;
2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar – ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları;
2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;
2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;
2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları;
2.0.11. hərbi vəzifəli olmayanlar – hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları;
2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar – Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa);
2.0.13. tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir;
2.0.14. elektron kabinet – vətəndaşların (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir;
2.0.15. çağırış vərəqəsi – vətəndaşların hərbi vəzifələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir;
2.0.16. şəxsi jeton – həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.