Qanunvericilik › Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

23.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

23.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

23.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

23.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;

23.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.

Qeyd: Bu Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrində nəzərdə tutulan vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver