4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.
4.2. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.4. Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.
4.5. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar.