49.1. Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, ictimai qaydanı qorumaq, lazımi sayda həkim mütəxəssislər və orta tibb heyəti, dərman vasitələri, alətlər, tibb və təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir.
49.3. Çağırış komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının üzvləri, müvafiq icra hakimiyyəti orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.
49.4. Bu Qanunun 49.3-cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ezamiyyə xərcləri ödənilir.
49.5. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd: Bu Qanunun 49.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.