Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Hesablama Palatasının büdcə prosesində iştirakı

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Hesablama Palatası bu qanunla və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və həmin Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının (təsisatlarının) layihələrinə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və həmin büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına, müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verir.

24.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəy verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisindən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 15 gün müddətində rəy verir və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

24.3. Bu qanunun 24.2-ci maddəsi Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verilməsi qaydalarına da şamil olunur.

24.4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib olunmuş dövlət büdcəsinin icrası barədə aylıq, rüblük və illik hesabatların və dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən dövlət büdcəsinin gəlirləri barədə hesabatların və digər zəruri sənədlərin bir nüsxəsi kağız və elektron daşıyıcılarda Hesablama Palatasına təqdim edilir.

24.5. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisindən daxil olduğu gündən 10 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

24.6. Bu qanunun 24.5-ci maddəsi Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrası barədə illik hesabat və qanun layihələrinə də şamil olunur.

24.7. Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin layihəsinə, eləcə də büdcəsinin icrası barədə hesabata rəyin verilməsi müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydalara uyğun həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver