Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair” Kompleks-Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1031-15sər nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 166-19 nömrəli qərarı ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 4 aprel 2018-ci il
1.1. Məsləhətləşmə və mühafizə zonaları Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri adlandırılan (bundan sonra - AGT) Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (bundan sonra - BTC), Cənubi Qafqaz Boru Kəməri (bundan sonra - CQ) və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş (bundan sonra - CQG) boru kəmərlərinin, həmçinin yerüstü qurğuların tikintisi və onların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Məsləhətləşmə və mühafizə zonaları yaşayış məntəqələrinin (şəhərlər, qəsəbələr və kəndlər) və kənd təsərrüfatı fəaliyyətinin gələcək inkişafı üzrə tətbiq olunan məhdudiyyətlərin minimuma endirilməsi məqsədi ilə tərtib edilmişdir.
1.3. Bu Qaydalar hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə müvafiq olaraq 4 metr, 15 metr və 500 metr məsafədə yerləşən üç zona: zona 1, zona 2 - mühafizə zonaları və zona 3 - məsləhətləşmə zonası daxilində tətbiq olunan məhdudiyyət və şərtləri müəyyən edir.
1.4. AGT boru kəmərlərini istismar edən təşkilat (bundan sonra - istismarçı təşkilat) mühafizə və məsləhətləşmə zonalarının daxilində, gündəlik normal əməliyyatlardan başqa, onun personalı və ya podratçıları tərəfindən aparılacaq mühüm planlaşdırılmış işlərin başlanılmasından 2 (iki) gün əvvəl, fövqəladə hallarda isə dərhal Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məlumat verməlidir. Gündəlik normal əməliyyatların icrası istismarçı təşkilat və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında razılaşdırılmış müvafiq prosedurlar əsasında tənzimlənir.
1.5. Bu Qaydalarda göstərilən məhdudiyyətlər və şərtlər Azərbaycan Respublikasının ərazisində AGT boru kəmərlərinin istismarı üçün tətbiq olunur və bütün mövcud norma və prosedurları (yalnız AGT boru kəmərləri ilə əlaqədar) əvəz edir.
2.1. AGT boru kəmərlərinin təhlükəsiz istismar olunması və dəhliz boyu yaşayan əhaliyə, ətraf mühitə münasibətdə güman edilən risklərin minimuma endirilməsi məqsədi ilə məsləhətləşmə zonaları aşağıdakı qaydada müəyyən edilir:
2.1.1. hər bir boru kəmərinin və çoxxətli boru kəmərlərinin marşrutu boyunca kənar boru kəmərlərinin mərkəzi oxundan hər tərəfə 500 metr məsafədə zona 3;
2.1.2. hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 500 metr məsafədə aidiyyəti orqan və təşkilatlar tərəfindən bütün mühüm planlaşdırmanı nəzərdə tutan fəaliyyətlər, yəni infrastruktur qurğularının tikintisi və yenidən qurulması, partlayış işlərinin aparılması, payavurma, irimiqyaslı torpaqqazma işləri, su hövzələri axarlarının dəyişdirilməsi (kanallar, çaylar, göllər) barədə istismarçı təşkilata əvvəlcədən məlumat verilməlidir;
2.1.3. CQ və CQG boru kəmərinin mərkəzi oxlarından hər tərəfə müvafiq olaraq 385 və 420 metr, BTC boru kəmərinin mərkəzi oxundan hər tərəfə 120 metr məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən yuxarı olan yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr bu məsləhətləşmə zonalarının hüdudlarında torpaq sahələri ayrılarkən həmin ərazidə mövcud olan daşınmaz əmlak üzərində mülkiyyət, istifadə, icarə hüquqları, həmçinin əvvəllər inşa edilmiş və sənədləri müvafiq təşkilatlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak istisna olmaqla, sənədləşdirmə prosedurlarında həmin qadağalara riayət olunmasını təmin etməlidirlər;
2.1.4. ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvvəlcədən razılaşdırılmalıdır;
2.1.5. AGT boru kəmərlərinin məsləhətləşmə zonası daxilində, eləcə də çay keçidlərində hər hansı növ odlu silahdan atəş açılması və istismarçı təşkilatın icazəsi olmadan kütləvi tədbirlərin və təlimlərin keçirilməsi qadağan edilir;
2.1.6. Çay keçidinin yuxarı və aşağı axarları üçün 5 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulur. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və ya maneələrin tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.
3.1. Yeraltı boru kəmərləri (dəhliz):
3.1.1. AGT boru kəmərlərinin mühafizə zonaları hər yeraltı boru kəmərinin mərkəzi oxundan hər tərəfə 15 metr məsafədə müəyyən edilir.
3.2. Zona 2 hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 4 metrdən - 15 metrə qədər müəyyən edilir. Zona 2-də istismarçı təşkilatı xəbərdar etmədən aşağıdakı fəaliyyətlərə icazə verilir:
3.2.1. istismarçı təşkilat tərəfindən müəyyən edilən və xüsusi məhdudiyyətlər tətbiq olunan ağacların, kolların və bitki növlərinin əkilməsinə;
3.2.2. ağırlığı 4,0 tonadək olan traktorla maksimum 30 santimetr dərinlikdə şumlama işlərinin aparılmasına;
3.2.3. dərinliyi 30 santimetrdən artıq olmayan, torpağa təzyiqi 1,01 kq/sm-dək və çəkisi 10,6 tonadək olan kənd təsərrüfatı maşını ilə və ya tək oxa düşən, yükü 7,63 tonadək olan maşın- mexanizmlərlə kənd təsərrüfatı işlərinin aparılmasına.
3.3. Zona 2 daxilində aşağıda göstərilən işlər və fəaliyyətlər qadağan edilir:
3.3.1. hər hansı növ yaşayış və ya qeyri-yaşayış binasının tikintisi;
3.3.2. hər hansı növ hasar və ya çəpər tikintisi və quraşdırılması;
3.3.3. mal-qara üçün hasarlanmış yerlər də daxil olmaqla, hər hansı tikililərin inşası və ya qurğunun quraşdırılması;
3.3.4. mal-qara üçün yem məhsullarının, gübrələrin və materialların saxlanılması, quru ot və ya samanın tayalanması;
3.3.5. hər hansı növ od qalanması;
3.3.6. keçid, nəqliyyat keçidi və yolların salınması;
3.3.7. traktorlar, kənd təsərrüfatı maşın-mexanizmləri və digər motorlu nəqliyyat vasitələri üçün dayanacaqların tikintisi və ya istifadəsi;
3.3.8. partlayıcı maddələrdən istifadə olunması, hər hansı növ odlu silahdan atəş açılması, payavurma və ya digər oxşar fəaliyyətlər;
3.3.9. hər hansı turşu, qələvi məhlullarının, digər alışa bilən aqressiv və ya toksik mayelərin axıdılması;
3.3.10. istismarçı təşkilatın icazəsi ilə aparılan işlərdən başqa, hər hansı qaynaq və alov işləri;
3.3.11. işarə və ya katod sınaq nöqtələrinə müdaxilə, o cümlədən onların yerinin dəyişdirilməsi, basdırılması, sındırılması, aşırılması və s.;
3.3.12. zona daxilində istismarçı təşkilatın qurğularına hər cür müdaxilə, siyirtmələrin (əks klapanların) açılması və bağlanılması, kommunikasiya qurğularının işə salınıb-dayandırılması, elektrik təchizatı qurğusuna müdaxilə;
3.3.13. torpağın səviyyəsində əhəmiyyətli dərəcədə dəyişiklik edilməsi;
3.3.14. eroziyaya qarşı nəzarət tədbirlərinə, boru kəmərlərini və onların mühafizə zonasını təhlükədən qoruyan drenaj xəndəklərinə, suvarma kanallarına, arxlara və bəndlərə, onların axarına hər cür müdaxilə edilməsi;
3.3.15. hər hansı neft dağılmalarının saxlanması və ya neft dağılmaları zamanı ətraf sahələrin mühafizəsi üçün layihələndirilmiş arxların və bəndlərin, onların axarının dəyişdirilməsi və ya başqa cür müdaxilə edilməsi;
3.3.16. boru kəmərlərinin və ya onların mühafizə zonasının su basması ilə nəticələnə biləcək hər hansı fəaliyyət növü;
3.3.17. 30 santimetrdən artıq dərinlikdə, 10,6 tondan artıq çəkisi olan maşınla, 1,01 kq/sm-dən artıq torpağa təsir gücü olan və ya tək oxa düşən yükü 7,63 tondan artıq olan maşınla kənd təsərrüfatı işlərinin aparılması;
3.3.18. istismarçı təşkilatın icazə verdiyi növlərdən başqa, ağacların, kolların və bitkilərin əkilməsi.
3.4. İstismarçı təşkilatın razılığı olan hallarda onun “İcazələr sisteminə” uyğun və nəzarəti altında aparılan işlər istisna olmaqla, mühafizə zonası daxilində aşağıdakı fəaliyyət növləri qadağan edilir:
3.4.1. torpağın altı və ya üstü ilə (səthə qoyulmuş və ya dirəklər vasitəsi ilə) xətlərin (anbar üçün elektrikləşdirilmiş çəpərlənmə daxil olmaqla), kabellərin və ya istənilən növ boruların çəkilməsi;
3.4.2. kənd təsərrüfatı məqsədləri üçün zəruri olan bitki çəpərlərinin təşkili;
3.4.3. yolların, cığırların və ya dəmir yolunun tikilməsi;
3.4.4. 30 santimetrdən dərin olan yeni irriqasiya və ya drenaj kanallarının tikilməsi;
3.4.6. yerin səviyyəsində dəyişikliklər edilməsi.
3.5. Zona 1 hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 4 metrə qədər müəyyən edilir. Bu zonada istismarçı təşkilatın və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hüquqları vardır:
3.5.1. müntəzəm olaraq xüsusi atlı patrullar və ya müvafiq nəqliyyat vasitələri ilə təftişlər keçirmək;
3.5.2. mühüm təftiş, texniki və mühafizə xidməti ilə bağlı fəaliyyətlər üçün lazımi nəqliyyat vasitələri ilə zonaya daxil olmaq.
1. Torpaq mülkiyyətçisi və ya istifadəçisi hər hansı maneə yaratmadan və ya iddia irəli sürmədən istismar, texniki və mühafizə xidməti məqsədi ilə istismarçı təşkilatın və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sahəyə daxil olmasına hər zaman icazə verməlidir.
2. İstismarçı təşkilat və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi lazım olan fəaliyyətləri yerinə yetirmək hüququnu özündə saxlamaqla, heç bir kompensasiya ödəmədən bu zonada kənd təsərrüfatı əkinlərinə ziyan vurmamağa və ya ziyanın minimum səviyyəyə çatdırılmasına çalışmalıdır.
3.6. İstismarçı təşkilatı xəbərdar etmədən bu zonada aşağıdakı fəaliyyətlərə icazə verilir:
3.6.1. ağırlığı 4,0 tonadək olan traktorla maksimum 30 santimetr dərinlikdə şumlama işlərinin aparılması;
3.6.2. 30 santimetrdən artıq olmayan dərinlikdə, torpağa təzyiqi 1,01 kq/sm-dək olan, çəkisi 10,6 tonadək olan kənd təsərrüfatı maşını ilə və ya tək oxa düşən yükü 7,63 tonadək olan maşın-mexanizmlə kənd təsərrüfatı işlərinin aparılması.
3.7. İstismarçı təşkilatı əvvəlcədən xəbərdar etməklə və onun icazəsi ilə aşağıdakı fəaliyyətlərin görülməsinə icazə verilir:
3.7.1. mühafizə xidmətinin təşkilinə maneə törətmədiyi halda, kənd təsərrüfatı fəaliyyətinin aparılması məqsədi ilə istismarçı təşkilatın icazə verdiyi bitki növlərinin çəpər kimi istifadə olunması üçün əkilməsinə;
3.7.2. torpağın profilində heç bir dəyişiklik aparmadan 30 santimetrdən dərin olmamaq şərtilə, mövcud olan kanal və arxların təmizlənməsinə.
Qeyd. Çəpərlərin zonaların eni üzrə qurulduğu yerlərdə bütün boru kəməri boyunca normal istismar, texniki və mühafizə xidməti ilə bağlı işlərin görülməsi üçün torpaq mülkiyyətçisi və ya istifadəçisi istismarçı təşkilatı və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarını əlverişli giriş yolu ilə təmin etməlidir.
3.8. Qadağan olunan fəaliyyətlər zona 2 üçün nəzərdə tutulmuş bütün məhdudiyyət və şərtlərlə birlikdə bu zonada tətbiq olunur. Boru kəmərlərinin oxlarından hər tərəfə 4 metr məsafədə əlavə olaraq aşağıdakı fəaliyyət növləri qadağan edilir:
3.8.1. boru kəmərləri üzrə texniki nəzarətçinin və mühafizə patrulunun (xüsusi nəqliyyat, atlı, piyada) öz fəaliyyətini yerinə yetirməyə və istismarla bağlı zəruri digər əməliyyatların həyata keçirilməsinə mane olan hər hansı fəaliyyət;
3.8.2. boru kəmərlərinə zərər vura biləcək hər hansı fəaliyyət;
3.8.3. boru kəmərlərinin müəyyən olunmuş keçid nöqtələrindən başqa, çəkisi 1,5 tondan artıq olan hər hansı növ maşınların keçməsi (bu Qaydalarda icazə verilmiş hallar və ya istismarçı təşkilatın razılığı ilə onun “İcazələr sistemi” və nəzarəti altında həyata keçirilən işlər istisna olmaqla);
3.8.4. 30 santimetrdən dərin yeni irriqasiya və ya drenaj kanallarının tikilməsi;
3.8.5. torpaq nümunələrinin götürülməsi, tədqiqat aparılması, faydalı qazıntıların çıxarılması, meliorasiya və ya bu kimi işlər;
3.8.6. quyuların qazılması;
3.8.7. torpağın səviyyəsində hər hansı dəyişiklik;
3.8.8. boru kəmərlərinin ətrafındakı torpağın quruluşunu pozan, torpağa edilən hər hansı fiziki təsir;
3.8.9. boru kəmərləri üzərində torpaq örtüyünün artırılması və ya azaldılması;
3.8.10. müxtəlif növ tullantıların və digər maddələrin yığılması.
4.1. Boru kəmərlərinin yaxınlığında ağacların, bütün bitki növlərinin, xüsusilə torpağın üstünü örtən tikanlı birillik bitkilərin və kolların əkilməsinə məhdudiyyətlər qoyulur.
4.2. Ağacların, kolların və bitkilərin əkilmə qaydaları (növlərini nəzərə almaqla) istismarçı təşkilat tərəfindən müəyyən olunur və razılaşdırılır. Mübahisəli hallarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan yazılı rəy alınır.
4.3. Yazılı surətdə istismarçı təşkilatla əvvəlcədən razılaşdırılmadan əlavə çəpərlərin yaradılması qadağan edilir.
4.4. İstismarçı təşkilat boru kəmərinin və onların yerüstü qurğularının mühafizə zonalarında əkilmiş və ya təbii olaraq böyüyən hər hansı ağac, kol və başqa bitkiləri istismarçı təşkilatın müvafiq qaydalarına uyğun olaraq, bitkilərin əkilmə qaydalarına uyğun olmayan və boru kəmərlərinin və onların yerüstü qurğularının mühafizə zonalarında əkilmiş hər hansı ağacları, kolları və digər bitkiləri (növləri nəzərə alınmaqla) götürmək hüququna malikdir.
Qeyd. Bu Qaydalar üzrə ağac, kol və digər bitkilərin kəsilməsi (götürülməsi) “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
5.1. Keçid və kəsişmə ərazilərində boru kəmərlərinin mühafizə zonalarında müəyyən fəaliyyətlə məşğul olmaq üçün istismarçı təşkilatdan icazə alınmazdan əvvəl bütün layihə sənədləri, planlar, prosedurlar və hesablamalar nəzərdən keçirilmək üçün həmin təşkilata təqdim olunmalıdır.
5.2. Bütün işlər istismarçı təşkilatın icazəsi və nəzarəti ilə aparılmalıdır.
5.3. Ərazidə razılaşdırılmış iş proqramının başlanmasından əvvəl, təhlükəli hidrokarbon qazının olmamasını təsdiq edən tədqiqatlar aparılmalıdır.
5.4. Bütün yeni yollar boru kəmərləri nəzərə alınmaqla layihələndirilməli və hər bir dəyişiklik, texniki-mühafizə işləri bu işləri həyata keçirən təşkilatın və ya onun podratçısının hesabına yerinə yetirilməlidir.
6.1. Boru kəmərlərinin keçid və kəsişmə ərazilərində mühafizə zonalarının mövcud (istismarda olan) mühəndis-texniki qurğular və obyektlərin mühafizə zonaları ilə üst-üstə düşdüyü hallarda, bu ərazilərdə həmin qurğuları və obyektləri istismar edən təşkilatlar “Mühafizə zonalarına giriş” prosedurlarını hazırlayır, boru kəmərlərinin istismarçı təşkilat və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə razılaşdırdıqdan sonra təsdiq üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə təqdim edirlər.
6.2. “Mühafizə zonalarına giriş” prosedurları maraqlı tərəflərin müntəzəm istismar, xidmət, planlaşdırılmış təmir-bərpa və digər ehtimal olunan qəza (fövqəladə) işlərini təsvir etməlidirlər.
7.1. Əsas çay keçidlərində xüsusi mühafizə zonaları yaradılır. Bu zonalar boru kəmərləri boyunca çay sahilindən hər iki tərəfə 25 metr və hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 100 metr məsafədə müəyyən olunur.
7.2. Həm suda, həm də quruda çay keçidindən 100 metr yuxarı və aşağı olan məsafədə aşağıdakı fəaliyyətlər qadağan edilir:
7.2.1. partlayıcı maddələrdən istifadə;
7.2.2. çay sahillərinin və onların arxasında olan ərazilərin dəyişdirilməsi və ya dağıdılması;
7.2.3. çayla boru kəmərlərinin kəsişmə yerlərində yeni nəqliyyat keçidlərinin yaradılması;
7.2.4. istismarçı təşkilat tərəfindən aparılan təftiş, eroziyaya nəzarət və təmir-bərpa işləri istisna olunmaqla, çay sahilindən bitkilərin çıxarılması;
7.2.5. boru kəmərləri dəhlizinin üstündə, kəsişməsinin aşağı və yuxarı axarında çay yatağı materiallarının çıxarılması;
7.2.6. balıq və digər su heyvanlarının ovlanması üçün tikinti və ya hər hansı başqa işlərin aparılması;
7.2.7. çayın boru kəmərləri ilə kəsişən yerinin və ya yuxarı axarının istiqamətinin dəyişdirilməsi;
7.2.8. çayın boru kəmərləri ilə kəsişən yerində, onun yuxarı və aşağı axarlarında bəndlərin tikintisi;
7.2.9. istismarçı təşkilatın qabaqcadan yazılı razılığı olmadan çayda hər hansı qazma işlərinin aparılması;
7.2.11. sualtı mühəndis işlərinin aparılması;
7.2.12. körpülərin tikintisi və s.
Qeyd. Əsrikçay, Ceyrankeçməz, Pirsaatçay, Gəncəçay, Göyçay, Həsənsu, Kür (Şərq, Qərb keçidləri), Qurudərə, Kürəkçay, Şəmkirçay, Qoşqarçay, Türyançay, Tovuzçay, Zəyəmçay çaylarına, Yuxarı Qarabağ və Ağsu kanallarına dair qadağalar çay (kanal) sahilindən hər tərəfə 25 metr məsafəni əhatə etməlidir.
8.1. Yol kəsişmələrində istismarçı təşkilatın yazılı razılığı olmadan boru kəmərlərinin üzərində, 1 və 2 mühafizə zonalarının daxilində aşağıdakılar qadağan edilir:
8.1.1. tikinti işləri və ya boru kəmərinin istiqamətinin dəyişdirilməsi (və ya oxşar işlər);
8.1.2. yolda və ya yolun tökmə torpaq yatağındakı kəsişmə yerlərində təmir, geotexniki tədqiqat, quyu, qazıntı və tikinti işlərinin aparılması;
8.1.3. yol səthində təmir-bərpa və ya buna oxşar işlərin yerinə yetirilməsi;
8.1.4. tökmə torpaq yatağında işlərin aparılması;
8.1.5. torpağın səviyyəsində hər hansı dəyişikliyin edilməsi.
9.1. İstismarçı təşkilatın yazılı razılığı olmadan dəmir yolu kəsişmələrində aşağıdakılar qadağan edilir:
9.1.1. tikinti işləri və ya boru kəmərinin istiqamətinin dəyişdirilməsi (və ya oxşar işlər);
9.1.2. təmir, geotexniki tədqiqat, quyu, qazıntı və tikinti işlərinin aparılması;
9.1.3. mühafizə zonaları torpağının səviyyəsində hər hansı dəyişikliyin edilməsi;
9.1.4. tökmə torpaq yatağında işlərin aparılması.
10.1. İstismarçı təşkilatın yazılı icazəsi olmadan mühafizə zonalarının daxilində yeni kommunikasiya qurğularının tikintisi qadağan edilir. Mövcud kommunikasiya qurğularında (hər hansı məhsulları nəql edən boru kəmərləri, kanallar, kabellər, yerüstü elektrik təchizatı və s.) texniki-təmir işlərinin aparılması bu Qaydaların 5-10-cu hissələri ilə tənzimlənir.
11.1. Boru kəmərlərinin istismarı məqsədi ilə quraşdırılmış yerüstu qurğular üçün xüsusi mühafizə zonaları müəyyən edilir.
11.2. Əsas qurğular - nasos və ərsinburaxma stansiyaları:
11.2.1. nasos və ərsinburaxma stansiyaları ətrafında mühafizə zonası istismar sahəsinin çöl hasarından 25 metr məsafədə müəyyən edilir;
11.2.2. istismarçı təşkilat bu ərazilərdə aparılan bütün fəaliyyətlər üzrə nəzarəti həyata keçirməlidir.
11.3. Siyirtmə və əks klapan stansiyaları:
11.3.1. siyirtmə və əks klapan stansiyaları ətrafında mühafizə zonası istismar sahəsinin çöl hasarından 2 metr məsafədə müəyyən edilir;
11.3.2. istismarçı təşkilat bu ərazilərdə aparılan bütün fəaliyyətlər üzrə nəzarəti həyata keçirməlidir.
12.1. Qəza vəziyyətində istismarçı təşkilat müvafiq dövlət və yerli orqanlar və təşkilatlarla əlaqəli surətdə sahəyə girmək, müəyyən olunmuş qəza ərazisini (o cümlədən avadanlıqları, materialları və işçiləri) mühafizə etmək, qəza vəziyyətinə nəzarət etmək və təmizlik işləri də daxil olmaqla, ətraf mühitə və yerli əhaliyə dəyə biləcək ziyanı minimuma endirməklə işləri görməlidir. Bu işlərə ağacların kəsilməsi, qazma işlərinin aparılması, bəndlərin tikintisi, müvəqqəti giriş yollarının salınması, maşınlar, avadanlıqlar, materiallar və s. üçün anbarlar və dayanacaqların yaradılması daxildir.
12.2. Qəzanın aradan qaldırılması zamanı boru kəmərlərinin texniki xidməti və istismarı ilə bağlı görülmüş işlərdən zərər çəkmiş şəxslərə qanunvericiliyə uyğun kompensasiyalar ödənilməlidir.
13.1. Bu Qaydalarda göstərilən tələblərin pozulmasında təqsiri olan vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1. 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020)
2. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
3. 8 sentyabr 2023-cü il tarixli 317 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 10 sentyabr 2023-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1338)
4. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)