Xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektlərindən, onları təbii mühitdən ayırmamaqla elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi (müşahidə, nişanlama, şəkilçəkmə və s.) onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərtilə pulsuz və müvafiq icazə almadan həyata keçirilir.
Qeyri-sərbəst və yarımsərbəst şəraitdə olan heyvanlar aləminin obyektlərindən elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi onları yaşayış şəraitindən ayırmamaqla pullu həyata keçirilir.
Heyvanlar aləmi obyektlərindən onları təbii mühitdən ayırmaqla elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pullu və ya pulsuz, xüsusi icazə ilə yol verilir.
Müvafiq icra hakimiyyəti orqanları lazım olan hallarda heyvanlar aləminin obyektlərindən istifadə edilməsini, yaxud heyvanlar aləmi obyektlərinin elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün təbii mühitdən ayrılmasını lazım olan hallarda müvafiq icra hakimiyyəti orqanları məhdudlaşdıra, habelə daimi və ya müvəqqəti qadağan edə bilər.
Fiziki və hüquqi şəxslər heyvanlar aləminin obyektlərini təbii mühitdən göstərilən məqsədlər üçün ayırarkən onların kompleks istifadəsini və əldə edilmiş zooloji materialların gələcək elmi-tədqiqat işləri üçün qorunub saxlanmasını təmin etməyə borcludurlar.