Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri aşağıdakılardır:
heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;
heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;
heyvanlar aləminin obyektləri saxlanılan, artırılan və satılan bütün obyektlərə heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların nümayəndələrini maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişi vaxtlı-vaxtında köçürmək;
heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;
vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və heyvanlar aləmi obyektlərinin yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən orqanlara vermək;
vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlər görmək;
heyvanlar aləminin mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirmək;
heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına və müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;
bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl etmək;
vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəmək;
heyvanlar aləminin obyektlərindən onların vəziyyətinin və yaşayış şəraitinin pisləşməsi hallarında, artım qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olmaq təhlükəsi yarandıqda istifadəni sərbəst dayandırmaq, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün təcili tədbirlər görmək.
Heyvanlar aləminin obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri də icra etməlidirlər.