Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri A. Rasİzadə
Bakı şəhəri, 12 aprel 1999-cu il
1. Bu Təlimat hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid olan müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydalarını müəyyən edir.
2. Məhdud informasiya kateqoriyasına aid müşahidə və məlumatlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş aşağıdakı icra hakimiyyəti orqanları tərəfindən aparılır və hazırlanır:
ozonometrik müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
meteoroloji radiolokasiya müşahidələri üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
radiasiya fonu üzərində müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi;
təbii mühitin fon vəziyyətinin monitorinqinin müşahidələri üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
su ehtiyatları, kənd təsərrüfatı bitkiləri, ətraf mühitin çirklənməsi üzərində aerokosmik vasitələrdən aparılan müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Milli Aerokosmik Agentliyi;
atmosfer proseslərinə fəal təsir üzərində müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzərində ilkin müşahidə və məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
meteoroloji radiolokasiya və atmosferə fəal təsir üzərində texniki vasitələr barədə məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
aerologiya üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
təbii mühitin radiaktivliyi üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
səth suları, Xəzər dənizinin, torpaq örtüyünün, atmosfer havasının və yağıntılarının çirklənməsi üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi, dövlət torpaq kadastrının aparılması hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.
3. Açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlar qanunvericilikdə müəyyən olunmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir və hazırlanır.
Hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən məhdud informasiya kateqoriyasına aid müşahidələrin aparılmasına icazə verilmir.
4. Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələr Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq müəyyən edilmiş standart vaxtlarda, müvafiq plan-proqram əsasında müşahidə məntəqələrində və lazım olduqda ekspedisiya şəraitində (qar ölçmə işlərinin aparılması, sellərin və çay daşqınlarının tədqiq edilməsi, səth sularının və dənizin çirklənməsinin öyrənilməsi, fövqəladə hadisələrin baş verməsi və s.) həyata keçirilir.
5. Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələr aparıldığı şəraitdən asılı olmayaraq hər müşahidə növü üçün müəyyən edilmiş kitabça, jurnal və cədvəllərə qeyd edilir, ilkin nəticələri nəzərə alaraq operativ olaraq işlənilir, kodlaşdırılır və teleqramla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.
6. Açıq informasiya kateqoriyasına aid müşahidələrin teleqram vasitəsilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ilkin nəticələri müxtəlif proqnoz xəritələrinin hazırlanması üçün Ümumdünya Regional Proqnozlar mərkəzinə ötürülür, eləcə də həmin məlumatlardan respublika ərazisi üçün hazırlanan hidrometeoroloji proqnozların tərtibatında və ən müxtəlif hidrometeoroloji arayış və sorğuların hazırlanmasında istifadə edilir.
7. Məhdud informasiya kateqoriyasına aid müşahidələrin müvafiq icra hakimiyyəti orqanlarına daxil olan ilkin nəticələri, onlar haqda faktiki məlumatlar və bu məlumatlar əsasında hazırlanan proqnoz və xəbərdarlıqlar sorğu əsasında dövlət idarəetmə orqanlarına, Azərbaycan Respublikası Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim edilir.
8. Açıq informasiya kateqoriyasına aid müşahidələrin faktiki məlumatları, müşahidələrin ümumiləşdirilmiş nəticələri, onlardan hazırlanmış hidrometeoroloji proqnoz və xəbərdarlıqlar, aylıq və illiklər, arayış və icmallar, xülasələr və digər hidrometeoroloji məlumatlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qayda əsasında dövlət idarəetmə orqanlarına və respublika iqtisadiyyatının müvafiq sahələrinə verilir.
9. Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrinin nəticələri məntəqələrdə tam şəkildə yoxlanılır və maşınoxuyucu texniki daşıyıcılara daxil edilmək üçün qüvvədə olan xüsusi təlimata əsasən kodlaşdırılır, qeydiyyat kitabçası, jurnal və cədvəllərlə birlikdə aidiyyəti üzrə göndərilir.
10. Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidə materialları (kağız üzərində, fotoplyonkada, maşınoxuyucu daşıyıcılarda və s.) toplanır, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsinə uyğun olaraq tərtib edilir, saxlanılır və mühafizə edilir.
11. Məhdud informasiya kateqoriyasına aid müşahidə materialları “Xidməti istifadə üçün” qrifi altında saxlanılır və bu kateqoriyaya aid müşahidə materiallarının və məlumatlarının istehlakçıları həmin informasiyanı ölkənin müdafiəsində, iqtisadiyyatında, xilasetmə işlərində və elmi-tədqiqat sahələrində istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək tərəflər arasında əldə edilmiş razılıq əsasında məlumatların ümumiləşdirilmiş hissəsindən istifadə edirlər.
Açıq informasiya kateqoriyasına aid müşahidə materiallarının və məlumatlarının istehlakçıları bu informasiyanı əldə etmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ya mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət etməklə tərəflər arasında bağlanmış müqavilə əsasında məlumatlardan istifadə edirlər.
12. Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidə materialları və məlumatları istifadə olunarkən müşahidə məntəqələrinin koordinatları göstərilmir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4. 21 iyul 2026-cı il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul 2026-cı il, “Xalq” qəzeti, 28 iyul 2026-cı il, № 132)