AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 858 nömrəli Fərmanının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 noyabr 2003-cü il № 150
1.1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir və hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq orqanlarla hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları arasında münasibətləri tənzimləyir.
1.2. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlara, hidrotexniki qurğuların mülkiyyətçilərinə və istismarçılarına şamil edilir.
1.3. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin (bundan sonra – dövlət nəzarəti) məqsədi hidrotexniki qurğuların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji, metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və tələblərə riayət olunmasını təmin etməkdən ibarətdir.
2. Dövlət nəzarətİnİn keçİrİlməsİ
2.2. Dövlət nəzarətini həyata keçirən orqanlar dövlət nəzarətini keçirərkən aşağıdakı səlahiyyətlərə malikdirlər:
qurğulara maneəsiz baxış keçirmək, onların təhlükəsizliyi barədə materiallarla və hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları tərəfindən qurğuların texniki vəziyyətinə nəzarət sisteminin yaradılması ilə tanış olmaq;
qurğuların texniki vəziyyətinin onların təhlükəsizlik bəyannaməsinə uyğunluğunu yoxlamaq;
istismarçı və podratçı təşkilatların hidrotexniki qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarına və meyarlarına riayət edilməsi sahəsində fəaliyyətlərini yoxlamaq;
hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının pozulmasını araşdırmaq;
öz səlahiyyətlərini həyata keçirmək üçün istismarçı və podratçı təşkilatlardan lazımi məlumatları almaq;
hidrotexniki qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, əsaslı təmir, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq;
çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq yaxud məhdudlaşdırmaq.
2.3. Dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən aşkar edilən hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının pozulması haqqında qərar qəbul edilərkən aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində tədbirlər müəyyən edilir və qərar ilə birlikdə hidrotexniki qurğunun mülkiyyətçisinə və ya istismarçısına göndərilir.*
Qərarda əlavə olaraq aşağıdakılar haqqında məlumat verilir:
baxış keçirilən obyekt, onun mülkiyyətçisi və istismarçısı haqqında məlumat;
baxış keçirilən yerin adı və tarix;
baxış keçirən məsul şəxslərin (şəxsin) adı, soyadı və atasının adı;
aşkar olunmuş pozuntular haqqında məlumat;
baxışın keçirilməsi və nəticələri ilə qurğu mülkiyyətçisinin və ya istismarçısının tanış edilməsi haqqında məlumat.
Keçirilən baxışın nəticələri baxış keçirən məsul şəxslər tərəfindən imzalanır.
2.4. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçiləri və istismarçıları dövlət nəzarətini həyata keçirən orqanların aşkar etdikləri hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntularını vaxtında aradan qaldırmalıdırlar.
2.5. Hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən onlara təqdim edilmiş qərarın tələblərinin vaxtında yerinə yetirilməsi barədə dövlət nəzarətini həyata keçirən orqanlara yazılı bildiriş təqdim edilməlidirlər.
2.6. Dövlət nəzarətini həyata keçirən orqanların aşkar etdikləri hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntuları vaxtında aradan qaldırılmadığı və ya hidrotexniki qurğuların təhlükəsizliyi qaydalarının və meyarlarının ciddi pozulması hallarında hidrotexniki qurğuların istismarının, eləcə də tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin, bərpasının və konservasiyasının dayandırılması haqqında qərar qəbul edilir və bu barədə hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları rəsmi xəbərdar edilirlər. Belə hallarda hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması, dövlət nəzarətini həyata keçirən orqanların qərarına uyğun olaraq, hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları tərəfindən həyata keçirilir.
2.6-1. Sahibkarlıq subyektlərinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
2.7. Hidrotexniki qurğuların tikintisi və ya yenidən qurulması zamanı onlara ilkin dövlət nəzarəti keçirilir. İlkin dövlət nəzarəti keçirilərkən onların layihə və faktiki parametrləri müqayisə edilir.
3. Dövlət nəzarətİnİn nətİcələrİnİn tədQİqİ və qeydİyyatı
3.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin nəticələri hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi məqsədi ilə nəzərə alınmalı, ümumiləşdirilməli və tədqiq olunmalıdır.
3.2. Tədqiq olunur və qeydiyyata alınır:
dövlət nəzarətinin nəticələri əsasında hidrotexniki qurğuların mülkiyyətçilərinə və ya istismarçılarına təqdim olunmuş dövlət nəzarətini həyata keçirən orqanların qərarları;
hidrotexniki qurğuların mülkiyyətçilərinin və ya istismarçılarının dövlət nəzarətini həyata keçirən orqanların tələblərinin vaxtında yerinə yetirilməsi barəsində dövlət nəzarətini həyata keçirən orqanlara təqdim etdikləri yazılı bildirişlər;
Bu Qaydalara uyğun olaraq keçirilən texniki nəzarətin nəticələri;
hidrotexniki qurğuların il ərzindəki fəaliyyəti nəticəsində onların təhlükəsizliyinin vəziyyəti haqqında məlumatlar.
3.3. Hidrotexniki qurğulara keçirilən dövlət nəzarətinin nəticələri dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən aparılan "Hidrotexniki qurğulara dövlət nəzarətinin keçirilməsinin qeydiyyatı jurnalı"nda (bu Qaydalara əlavə) qeyd olunur.
Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət edən şəxslər onlara həvalə edilmiş nəzarət funksiyalarının tam və öz səlahiyyətləri çərçivəsində düzgün yerinə yetirilməsinə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehdirlər.
Hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən onlara təqdim edilmiş qərarların tələblərinin vaxtında yerinə yetirməsinə cavabdehdirlər.
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
* Dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən texniki baxış keçirilən zaman hidrotexniki qurğuların təhlükəsizliyi qaydaları və meyarları pozuntuları aşkar edilmədikdə hidrotexniki qurğunun təhlükəsizlik tələblərinə uyğunluğu barədə qərar qəbul edilərək, qurğunun mülkiyyətçisinə və ya istismarçısına təqdim olunur.
1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
3. 16 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 929)
4. 26 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1678)