“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
rəqəmsal inkişaf və nəqliyyat naziri
1.1. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər” (bundan sonra – Texniki Tələblər) Azərbaycan Respublikasında dövlət orqanlarının (qurumlarının) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) dövlət informasiya sistemlərinin və ehtiyatlarının saxlanıldığı (yerləşdirildiyi) və aparıldığı, o cümlədən elektron xidmətlərinin təşkil olunduğu və göstərildiyi “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən edir.
1.2. Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.0. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər aşağıdakılardır:
2.0.1. yardımçı qurğular üzrə:
2.0.1.1. standart dolab tipi və ölçüsü (məsələn, 47U - HxExD = 2300 mm x (600 mm, 800 mm) x (1000 mm, 1200 mm) istifadə edilməlidir;
2.0.1.2. kolokasiya üçün istifadə ediləcək dolab və qurğulardakı soyuducu hava axını data mərkəzində olan tələblərə uyğun olmalıdır;
2.0.1.3. kolokasiya zamanı dolabdakı elektrik paylanması müasir tələbata uyğun olmalıdır.
2.0.2. İT qurğuları üzrə:
2.0.2.1. qurğuların hər birinə tələb olunan elektrik gücü paylama qurğusuna uyğun nəzərə alınmalıdır (həmçinin kolokasiya üçün);
2.0.2.2. kolokasiya olunacaq qurğularda ayrıca idarə portu olmalıdır;
2.0.2.3. kolokasiya olunacaq serverlərdə şəbəkə kartlarının sayı və interfeysinin tipi (optik və ya elektrik, ötürülmə sürəti və s.) nəzərə alınmalıdır;
2.0.2.4. dövlət qurumları tərəfindən miqrasiyadan əvvəl “Hökumət buludu”nda məlumat saxlama sistemi üzrə tələbatlar (məsələn, 7.2K, 10K, SSD) təqdim edilməlidir;
2.0.2.5. dövlət qurumları onlara aid kolokasiya olunmuş qurğu və istifadə etdiyi proqram təminatları üzrə lisenziya, zəmanət və dəstək şərtlərini təmin etməlidir;
2.0.2.6. avadanlıqlar dünya üzrə tanınmış beynəlxalq nüfuzlu şirkətlərin istehsalı olmalıdır (həmçinin kolokasiya üçün);
2.0.2.7. kolokasiya olunacaq qurğular işlək vəziyyətdə olmalıdır (məsələn, elektrik qidalanma hissəsinin işlək vəziyyəti).
2.0.3. “bulud” platforması üzrə:
2.0.3.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – operator) miqrasiya üçün dövlət qurumlarından yalnız “Hökumət buludu”nda istifadə edilən virtual platforma şablonlarında virtual maşın surətini qəbul edir (başqa şablonlar təhlükəsizlik yoxlamalarından keçməlidir). Şablonların siyahısı və xüsusiyyətləri operator tərəfindən təqdim edilir;
2.0.3.2. virtual maşınların ölçüsü istifadə edilən serverlərin fiziki parametrləri və “Hökumət buludu”nun platformasına aid tövsiyələr nəzərə alınmaqla yaradılmalıdır. Tövsiyələr operator tərəfindən hazırlanaraq təqdim edilir;
2.0.3.3. fayl köçürmələri üçün limit 100 GB-dır (böyük həcmli fayl fiziki media daşıyıcısında təqdim edilməlidir);
2.0.3.4. dövlət qurumları virtual mühitinin şəbəkə və xidməti topoloji xəritəsini operatora təqdim etməli və hər hansı ciddi dəyişiklik barədə əvvəlcədən xəbərdar etməlidir;
2.0.3.5. xarici qoşulan cihazların (məsələn, USB və s.) “Hökumət buludu”nda istifadəsi mümkün deyildir. Alternativ olaraq uyğun proqram təminatının istifadəsi tövsiyə edilir;
2.0.3.6. virtual maşınlarda istifadə ediləcək əməliyyat sistemi “Hökumət buludu”nun platforması tərəfindən dəstəklənməlidir;
2.0.3.7. fiziki qurğu üzrə lisenziyalaşdırılmış əməliyyat sistemləri və proqram təminatları miqrasiyaya hazırlandıqda lisenziyaların “bulud” platformasına uyğun yenilənməsi nəzərə alınmalıdır;
2.0.3.8. dövlət qurumları tərəfindən internet protokolu (IP) adreslərinin idarə olunması operatorla razılaşdırılmalıdır (eyni adreslərin üst-üstə düşməməsi üçün);
2.0.3.9. qlobal IPv4 və IPv6 marşrutlaşdırmaları operator tərəfindən təyin və tətbiq edilir.
2.0.4. tətbiqlər üzrə:
2.0.4.1. “Hökumət buludu”nun virtual platformasına aid proqram dəsti miqrasiya olunmuş bütün dövlət qurumlarında quraşdırılmalı və təhlükəsizlik məqsədilə əməliyyat sistemlərində fayl introspeksiyası proqramı (driver) və şəbəkə introspeksiyası proqramı (driver) imkanı açıq təyin edilməlidir;
2.0.4.2. istifadədə olan “bulud” platformasını dəstəkləməlidir;
2.0.4.3. x86 və ya bundan sonrakı yeni nəsil prosessor arxitekturasını dəstəkləməlidir;
2.0.4.4. serverlərin aparat interfeyslərinə müraciətlər olunmamalıdır (məsələn, “USB açar” xidməti kimi);
2.0.4.5. xidmətlər arasındakı bütün trafik şifrlənməlidir;
2.0.4.6. horizontal böyüyə bilən və yük tarazlığını idarə etməklə çalışa bilən olmalıdır;
2.0.4.7. resurs planlaşdırması olmalıdır;
2.0.4.8. coğrafi olaraq yüksək dayanıqlılığı təmin etmək üçün operatorla birgə lazımi resursların planlaşdırılması olmalıdır;
2.0.4.9. coğrafi ehtiyat surətlərinin strategiyalarının operatorla birgə planlaşdırılması olmalıdır;
2.0.4.10. ümumi şəbəkə resursları (NTP, DNS, HTTP/HTTPS proxy və s.) çox istifadəçi imkanı qorunmaqla operator tərəfindən təmin edilməlidir.