«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların mütləq yığılması və onların uçotunun aparılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 noyabr 2007-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə
1. Bu Qaydalar «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda (bundan sonra – təşkilatlar) qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların mütləq yığılması və onların uçotunun aparılması qaydalarını müəyyən edir.
2. Təşkilatlarda istismarda olan qiymətli metallar tərkibli cihaz, avadanlıq və digər məmulatların tam köhnəlməsindən (aşınmasından) sonra bu cihazların, avadanlıqların və məmulatların tərkibində olan qiymətli metallardan və onların ərintilərindən olan örtüklü hissələrin qırıntı və tullantıları həmin təşkilatlar tərəfindən mütləq yığılmalıdır.
3. Təşkilatlarda cihaz, avadanlıq və digər məmulatların, habelə onların tərkibində qırıntı və tullantı halında olan qiymətli metalların mütləq yığılması üçün təşkilat rəhbərinin əmri ilə ən azı 5 nəfərdən ibarət komissiya yaradılır.
4. Həmin komissiya tərəfindən cihazların və məmulatların götürülməsi haqqında müvafiq akt tərtib edilir. Bu aktda qiymətli metallardan olan hissələrin və onların ərintilərinin və ayrıca qiymətli metallardan və onların ərintilərindən ibarət olan hissələrin, aşqarların (liqaturun) çəkisi, həmçinin pasport və uçot sənədlərinin (kartların) göstəricilərinə görə həmin cihazlarda və ya məmulatlarda qiymətli metalın təmiz çəkisi göstərilməlidir.
Cihazların və məmulatların götürülməsi haqqında müvafiq akt tərtib edildikdən sonra bu qiymətlilərin uçot sənədlərində (kartlarında) onların silinməsinə dair qeyd aparılır.
5. Təşkilatlar iş yerlərində istifadə olunan müvafiq qoruyucu qurğular vasitəsilə (süzgəc, toztutan, üzlük, durulducu hovuzlar, hasarlama lövhələri və sair ilə) qiymətli metalların və qiymətli daşların qırıntılarının və tullantılarının tam yığılmasını, itkilərin azaldılmasını və saxlanılmasını təmin etməlidirlər.
6. Tərkibində qiymətli metallar olan kino-fotomaterialların, fiksajın, cihazların, həmçinin maye qarışığın tərkibində olan qiymətli metallar çıxarılmadan (ayrılmadan) silinməsi və məhv edilməsi qadağandır.
7. Qiymətli metalların və qiymətli daşların tullantılarının və qırıntılarının ilkin emalı, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan tullantı və qırıntıların göndərilməsi üzrə tədarükçü müəssisələrlə hesablaşmalar qarşılıqlı razılaşmalara uyğun olaraq həyata keçirilir.
8. Təşkilatlar hər bir yaranma mənbəyində və yerlərdə qiymətli metalların və qiymətli daşların qırıntılarının və tullantılarının yığılmasını və uçotunu təşkil etməyə borcludurlar.
9. Laboratoriya müayinələrinə (analizlərinə) əsasən istifadə edilmiş kino-fotomateriallardan yığılmış gümüş tullantılar uçot kartlarında və kitablarında uçota alınır.
10. Uçot kartlarında və kitablarında qeydiyyata alınmış qiymətli metalların və qiymətli daşların növlər üzrə uçotunun aparılması üçün həmin kitabların vərəqləri nömrələnməklə tikilməlidir. Axırıncı vərəqin arxa tə rəfində «Bu kitabda nömrələnib, tikilib və möhürlənib ____ vərəq» sözləri yazılır. Həmin yazılış təşkilatın rəhbərinin və baş mühasibin imzaları ilə təsdiq edilir.
11. Uçot kartlarında və kitablarında qiymətli metalların və qiymətli daşların mədaxili və məxarici onların hərəkətini əks etdirən qalıqlar çıxılmaqla, hər bir əməliyyat üzrə aparılmalıdır.
12. Anbarlarda, istehsal sahələrində və digər saxlanc yerlərində qiymətli metalların və qiymətli daşların uçotu mühasibatlıqda qeydiyyata alınmış, məsul şəxslərə təhvil verilmiş ciddi hesabat blankları vasitəsi ilə aparılır.
13. Ciddi hesabat blankları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq, ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»na əsasən hüquqi şəxslərin, hərbi hissələrin və hərbi qurumların anbarında saxlanılmaqla uçotu aparılır. Təşkilat rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında ciddi hesabat blankları verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu balansarxası hesabda, mədaxil və məxaric üzrə əməliyyatların qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartında (forma № 1Q əlavə olunur) materialların uçotu qaydasında aparılır.
14. Qiymətli metalların və qiymətli daşların hər bir növü üçün ayrıca kartlar və ya kitabda vərəqlər açılır. Vərəqin başlıq hissəsində qeydiyyata alınmış qiymətli metalın və qiymətli daşın xüsusiyyətinə aid aşağıdakı rekvizitlər doldurulur:
metalın adı (qızıl, gümüş, platin və s.), metalın görünüşü (külçə, məftil, lent, lövhəcik və s.), məmulatın ölçüsü (eni, qalınlığı – lent və lövhəcik üçün, diametri – məftil üçün), əyarı və ya ərintidə (mayedə) faizlə tərkibi, aşqarda çəkisi, dəstin (çeşidin) nömrəsi;
aşqarın (liqaturun) çəkisi – tərkibində qiymətli metal olan ərintinin, duzun və turşunun natural çəkisi;
qiymətli daşların adı, çəkisi, sayı, rəngi və şəffaflığı.
15. Kartlarda qiymətli daşlardan olan məmulatların adı və təyinatı, növü, çeşidi, ölçüsü və məmulatın nömrəsi, qrupu, altqrupu, keyfiyyəti, daşların xüsusiyyəti, təraşlanma forması, miqdarı (ədədlə), çəkisi (karatla) göstərilir.
16. Almazlı alətlərdə və zərgərlik məmulatlarında daşların sayı və çəkisi pasportlarına və uçot sənədlərinə əsasən uçota alınır.
17. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
«Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların mütləq yığılması və onların uçotunun aparılması Qaydaları»na
ƏMLAKIN (QİYMƏTLİLƏRİNİN) UÇOT KARTI
(adı, qısa xarakteristikası, zavod, yaxud inventar nömrələri və başqa göstəriciləri)
mədaxil və məxaric sənədlərinin adı, tarixi, nömrəsi və digər əməliyyatların məzmunu
İcraçı___________________________ (imza)