Qanunvericilik › Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.

12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.

12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.

12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.

12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.

12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:

12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi və hüquqi şəxsin iflas prosesində olması barədə məlumatlar;

12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar;

12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;

12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar;

12.8.3-2. həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar;

12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;

12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.

12.9. Hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.

12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.

12.11. Dövlət reyestrinin aparılması qaydası və dövlət reyestr kitabının forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver