17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
17.1.1. aşağıdakı məlumatları əks etdirən sığorta tələbi:
17.1.1.1. icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi;
17.1.1.2. icbari sığortanın növü;
17.1.1.3. sığortalının adı;
17.1.1.4. sığorta olunanın adı;
17.1.1.5. sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı;
17.1.1.6. sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi;
17.1.1.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği.
17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti;
17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada);
17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd;
17.1.6. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;
17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
17.1.9. mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
17.1.11. bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.
17.2. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir.
17.3. Sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır.
17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
17.5. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz.