9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir.
9.3. İcbari sığorta şəhadətnaməsinin məzmunu və forması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları nəzərə alınmaqla, Mərkəzi Bank tərəfindən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən edilir.
9.4. Sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir.
9.6. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən, müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçıya qaytarılmalıdır.
9.7. Sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.
9.8. İcbari sığorta şəhadətnaməsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.