“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.5-ci bəndində göstərilən bölgünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla on gün müddətində təsdiq etsin.
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 17 mart 2020-ci il
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16-4.2-ci maddəsinə əsasən hazırlanmışdır və 2020-ci və 2021-ci illərdə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Qanunun 15-10.1.1-ci maddəsi ilə müəyyən edilmiş icbari tibbi sığorta haqqının (bundan sonra – sığorta haqqı) mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyən olunmuş mənaları ifadə edir.
2.1. Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:
2.1.1. 2020-ci il üzrə - icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;
2.1.2. 2021-ci il üzrə - icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.
2.2. Sığorta haqqının ümumi məbləği bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır.
2.3. İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.
2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir.
2.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 2.4-cü bəndində ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir.
2.6. Bu Qaydanın 2.3-cü bəndində göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həmin bölgüdə müvafiq dəyişikliklər edilir.
1. 5 sentyabr 2020-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 sentyabr 2020-ci il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1200)