Qanunvericilik › “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.10.2021) › Tam mətn

“İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.10.2021)

“İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.10.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 oktyabr 2021-ci il

1.1. “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi” (bundan sonra – Qayda) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 15-27.2-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) (bundan sonra – Məlumat bazası) formalaşdırılmasını və istifadəsini, həmin Məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, habelə məlumatlara buraxılış dərəcəsinin müəyyən edilməsi qaydasını tənzimləyir.

1.2. Məlumat bazası sığortalı və sığortaolunanlar haqqında məlumatların toplanmasını, istifadəsini və təhlilini, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini təmin edən informasiya ehtiyatıdır.

1.3. Məlumat bazasının fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi üzrə operator funksiyalarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

1.4. Məlumat bazasının formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, 4 inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun həyata keçirilir.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar qanunvericiliklə müəyyən edilmiş mənaları ifadə edir.

1.6. Məlumat bazasının fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan edilməyən mənbələr hesabına maliyyələşdirilir.

2.1. Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsi məqsədilə formalaşdırılır.

2.2. Məlumat bazasının informasiya resursları, habelə təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

2.3. Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

2.4. Məlumat bazasını aşağıdakı elementlər təşkil edir:

2.4.1. Məlumat bazasının proqram-texniki kompleksi;

2.4.2. Məlumat bazasının şəbəkə infrastrukturu;

2.4.3. Məlumat bazasının ehtiyat mərkəzi;

2.4.4. Məlumat bazası istifadəçilərinin iş yerlərinin texniki vasitələri.

2.5. Məlumat bazasının proqram-texniki kompleksinə serverlər, yaddaş sistemləri, məlumatın mühafizə vasitələri, fasiləsiz enerji mənbəyi, əməliyyat sistemləri, tətbiqi proqram təminatı və digər proqram-texniki vasitələr aiddir. Məlumat bazasının proqram-texniki kompleksi Agentliyin nəzarəti altında fəaliyyət göstərir.

2.6. Məlumat bazasının şəbəkə infrastrukturunu kommunikasiya avadanlıqları və mühafizə olunan rabitə kanalları təşkil edir.

2.7. Məlumat bazasının ehtiyat mərkəzi yaradılır və proqramtexniki vasitələrin nüsxəsi bu mərkəzdə saxlanılır.

2.8.Agentlik Qaydaların 6-cı hissəsində nəzərdə tutulmuş funksiyaları həyata keçirir.

2.9. Agentliyin aşağıdakı hüquqları vardır:

2.9.1. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə etmək;

2.9.2. Məlumat bazasında qəzaların (xətaların) baş verməsi hallarının qarşısının alınması məqsədilə sınaqlar keçirmək.

2.10. Agentliyin vəzifələri aşağıdakılardır:

2.10.1. məlumatların mötəbərliyini nəzarətdə saxlamaq və mütəmadi (dövri) yoxlamaq;

2.10.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

2.10.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

2.10.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

2.10.5. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

2.10.6. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

2.10.7. Məlumat bazasından istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;

2.10.8. Məlumat bazasının mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;

2.10.9. fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və Məlumat bazasının mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

2.11. Agentliyin əməkdaşları Məlumat bazasından icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi, məlumatların daxil edilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün istifadə edirlər.

2.12. Agentliyin əməkdaşları Məlumat bazasından həmin bazanın internet informasiya ehtiyatı üzərindən Vahid Giriş Sistemi (“ASAN” Login) vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər.

2.13. Agentliyin əməkdaşları identikləşdirildikdən sonra Məlumat bazasına daxil olurlar və müvafiq əməliyyatları həyata keçirə bilərlər.

3.1. Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:

3.1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

3.1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

3.1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

3.1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

3.1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

3.1.6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

3.1.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;

4.1. Aşağıda qeyd olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Məlumat bazasına, habelə Məlumat bazasından digər dövlət informasiya sistemlərinə və resurslarına ötürülür:

4.1.1. tibbi xidmətlərin təşkili və hesabatların təqdim edilməsi ilə bağlı statistik məlumatlar;

4.1.2. vətəndaşların şəxsiyyət vəsiqəsi, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi üzrə məlumatlar;

4.1.3. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar;

4.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fərdi identifikasiya nömrəsi və qeydiyyat ünvanı, hüquqi şəxslərin tam adı və hüquqi ünvanı, fiziki və hüquqi şəxslərin VÖEN-i;

4.1.5. hüquqi və ya fiziki şəxslərin işçilərinin sayı, işçilər üçün hesablanmış əməyin ödənişi fondu, işçilər üzrə hesablanmış əməkhaqqı, hüquqi və fiziki şəxslər üçün hesablanmış icbari tibbi sığorta haqqı üzrə məlumatlar;

4.1.6. hüquqi şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət növünün kodu;

4.1.7. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın, arağın (vodkanın), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlərin və onun əvəzedicilərinin 1000 ədədinə görə, habelə energetik içkilərin hər litrinə görə hesablanmış və ödənilmiş icbari tibbi sığorta haqları üzrə məlumatlar.

5.1. Dövlət orqanları (qurumları) Məlumat bazasından istifadəyə səlahiyyətləri daxilində, habelə bu Qaydanın 4-cü hissəsində qeyd olunan məlumatları əldəetmə ilə bağlı hüquqi əsasları olduqda, Qaydaların 4.5.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yoxlanılaraq buraxılırlar.

5.2. Məlumat bazasında fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi, məlumatlara buraxılış dərəcəsinin müəyyən edilməsi Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına, onlara əsasən qəbul edilmiş normativ hüquqi aktlara, habelə Qaydalara uyğun həyata keçirilir.

5.3. Dövlət orqanlarının (qurumlarının) Məlumat bazasının məlumatlarına giriş hüquqları aşağıdakı hallarda məhdudlaşdırılır:

5.3.1. Məlumat bazasına qeyri-qanuni daxilolma və ya müdaxilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada təsdiq olunduqda;

5.3.2. Məlumat bazasına daxil edilmiş məlumatlardan istifadə ilə bağlı hüquqi əsasları olmadıqda.

1. 9 mart 2023-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 432)

2. 31 may 2023-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 01 iyun 2023-cü il, “Xalq” qəzeti, 03 iyun 2023-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 741)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver