13.1. İcra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir:
13.1.1. bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində;
13.1.2. iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal;
13.1.3. notariusun icra qeydləri - dərhal;
13.1.3-1. bu Qanunun 13.1.3-2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları – on gün ərzində;
13.1.3-2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində.
13.1.4. xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri - üç il ərzində;
13.1.4-1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal;
13.1.4-2. bu Qanunun 13.1.4-3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri – bir ay ərzində;
13.1.4-3. arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal;
13.1.5. qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal.
13.2. Bu Qanunun 13.1-ci maddəsi ilə müəyyən olunmuş müddətlər aşağıdakı qaydada hesablanır:
13.2.1. Bu Qanunun 13.1.1-ci, 13.1.4-cü və 13.1.4-2-ci maddələrində göstərilmiş icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən;
13.2.2. məhkəmə əmrlərinin icraya yönəldilməsi zamanı - onların verildiyi vaxtdan 10 gün müddət keçdikdən sonra;
13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində göstərilmiş icra sənədlərinin icraya yönəldilməsi zamanı - müvafiq qərarın qəbul edildiyi vaxtdan.
13.3. Bu maddə ilə müəyyən edilən müddətlər icra sənədinin tələbkar tərəfindən xüsusi icra məmurunun icraatına yönəldilməsi hallarına şamil edilmir. İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər.