19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır:
19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək;
19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək;
19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək;
19.1.4. icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda - məhkəmə tərəfindən həmin şikayətə baxılanadək;
19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək;
19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək;
19.1.7. digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək.
19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.
19.2-1. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması barədə tələbkarın xahişi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi hallarda, tələbkar 6 ay müddətində icra sənədi üzrə icraatın təzələnməsi barədə müraciət edə bilməz.