50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur:
50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün;
50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün.
50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür.
50.6. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir.
Tez xarab olan şeylər dərhal götürülür və satılmağa verilir.
50.7. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır.
Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.
Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə, əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır.
50.8. Əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda icra məmuru məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparır. İcra məmuru axtarışı icra sənədlərinin icra edilməsi üzrə icraatın xüsusiyyətlərini nəzərə almaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 242-245-ci və 247-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirir.
50.9. Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra olunarkən əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-254-cü maddələrində müəyyən olunmuş qaydada həyata keçirilir.
50.10. İcra sənədinin icrası ilə əlaqədar götürülmüş qiymətli kağızların saxlanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.