Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 72

Maddə 72. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər.

72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır.

72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə, yaxud “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur.

72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur.

İcra hərəkətləri həyata keçirilərkən müvafiq sahədə yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılırlar.

Vahid ünvandan çıxarılmalı olan şəxslər icra sənədinin icrasından yayınmaq məqsədilə həmin ünvan daxilində tələbkara məxsus digər tikilini zəbt etdikdə, yaxud eyni ünvanda özbaşına inşa etdikləri tikilidə yaşadıqda tələbkarın tələbi ilə əlavə məhkəmə qərarı olmadan həmin sahələrdən də çıxarılırlar.

72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir.

72.6. İcra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır.

Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir.

72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver