Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 78

Maddə 78. İcra ödənişi

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır.

78.1-1. Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə icra ödənişi borcun qalan hissəsindən hesablanır.

78.2. icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır.

78.2-1. İcra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. Bu icraat çərçivəsində icra ödənişinin alınması barədə qərarın tam icrası mümkün olmadıqda, icra ödənişinin alınması barədə qərarın icrası müstəqil icraat çərçivəsində davam etdirilir. İcra ödənişinin alınması barədə qərarın müstəqil icraat çərçivəsində icrası zamanı həmin qərarın icrası ilə bağlı icra ödənişi tutulmur.

78.2-2. İcra ödənişi borcludan tam və ya hissə-hissə tutula bilər. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, borcun hissə-hissə ödənilməsi hallarında, yaxud borcun qismən ödənilməsi mümkün olduqda icra ödənişi faktiki ödənilən məbləğə mütənasib olaraq hər bir ödəniş üzrə hesablanır və tutulur.

78.2-3. Vaxtaşırı ödənişlər üzrə icra ödənişi yığılmış borc məbləği üzrə müəyyən edilməklə icra məmurunun icra ödənişinin alınması barədə qərarı əsasında və həmin qərarın qəbul edildiyi tarixə qədər yığılmış borc məbləğindən hesablanmaqla tutulur.

78.3. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.

78.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver