8.1. İcra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.
İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır.
8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
İcra sənədində satılmalı əmlak müəyyən edildikdə borclu bildiriş ona rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra” informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü müddətində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət daxil olduğu gündən 1 iş günü müddətində icra məmuru bu barədə qərar qəbul edərək əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edir. Borclu əmlakı onun icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər.
Əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra” informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir. Belə əmlak 2 ay müddətində açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. Əmlak 2 ay müddətində açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.
Notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən bu Qanunda ipoteka predmetinin satılması ilə bağlı müəyyən edilmiş qaydada məcburi icra edilir.
8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.
8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.